Vidadi Zeynalov: Axı mən rəhbərliyin tapşırıqlarını sədaqətlə icra etmişəm

”Məni adi məhbus hüquqlarımdan belə məhrum etdilər”

Source:
Vidadi Zeynalov


”Məni adi məhbus hüquqlarımdan belə məhrum etdilər”

 “İstintaqa çağrılan günü məni tutdular. Mən inanmazdım ki, məni yasa getmək adı ilə dəvət edib özümə tələ quracaqlar”.

Bu sözləri Rabitə Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov məhkəmədəki çıxışı zamanı deyib.

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə keçmiş aparat rəhbəri ifadə verib.

“Anam mənə dedi ki…”

V.Zeynalov deyib ki, ötən məhkəmə prosesində səhhəti pisləşdiyindən çıxışı yarımçıq qalıb:

“İcazənizlə   özümlə bağlı bir hadisəni danışmaq istəyirəm. Bakı şəhər Maliyyə İdarəsinə rəis təyin olunmazdan əvvəl anama dedim ki, indiyə kimi sizə qarğış və söyüş gətirməmişəm. Bu gün mən rəis təyin olunsam, təkcə 78 müfəttiş (hansı ki, bizim fəaliyyətimizi yoxlayanların  içərisində həmin müfəttişlərdən var)  hər yerdə yoxlama aparacaq və müəyyən adamların narazılığına və qınağına səbəb olacaqlar. Dedi ki, “oğul, o sözləri eşidib sən də onlara cavab verəcəksənsə, bu işə getmə. Əvvəlcədən çalış ki, heç kimlə ədalətsiz davranıb  və pislik etməyəsən, kim də mənə qarşı nə isə desə, cavab vermə. Buna görə səni heç vaxt qınamayacam”.

 İndi mən belə bir vəziyyətdəyəm. Anamın bu gün də dediyi kimi heç kimə nə günahkar, nə də səbəbkar deməməklə, onun mənə verdiyi tərbiyədən kənara çıxmıram.  Ona görə də müəyyən qarışıq hisslər keçirirdim və vücudum iradəmin əksinə olaraq əsirdi. Mən tutulan gündən anamla danışa bilməsəm də, bu qısa fasilə zamanı qardaşımın vasitəsilə o, öz sözlərini mənə çatdırıb. Ona görə də bu gün çox gözəl əhval-ruhiyyədəyəm. Həyat bir sınaq meydanıdır. Eybi yoxdur, bu sınaqdan da Allahın izni və anamın duası ilə alnıaçıq çıxaram”.

 “Səhvləri yox, düzü axtarmağa məcbur olmuşam”

“Maraqlı vəziyyət yaranır. İstintaq qeyd edir ki, hər ayın axırında müəyyən edilmiş rəqəm nazirliyin xəzinəsinə verilib. Bu, hansı rəqəmdir, həmin rəqəmi kim müəyyənləşdirib və kim tərəfindən hansı mənbədən verilib? Mən ittiham aktı ilə ətraflı tanış olduqca, burada səhvləri yox, düzü axtarmağa məcbur olmuşam.  Çünki akt ancaq reallıqdankənar və mövcud olmayan “faktlar və sübutlar” əsasında tərtib olunub. İstintaq orqanı tərəfindən 37,9 milyon manatın necə hesablanaraq yazılması bu günədək mənə məlum deyil. Eyni rəqəmləri həm “Azintelekom”dan, həm “Aztelekom”dan köçürülən məbləğlərə şamil edirlər. Bu materiallar gələcəkdə arxiv materialları olmaqla yanaşı, eyni zamanda baş vermiş hadisəyə istintaq orqanının yanaşmasını da əks etdirir. Rəqəm istintaqda verdiyimiz ifadədəki kimi olmuşdur. Mən olanı deyirəm. Əslində verilənlər dollarla hesablanırdı və məbləğ mənim ilkin ifadəmdə dediyim kimi 30,0 mln.dollar və ya 23,5 mln.manat olmuşdur. Həmin məbləğin 5,5 mln.dollarını, yəni 4,3 mln.manatını  mən görməmişəm. Mənə deyilib ki, həmin borcu ATK-dən silinməsini təmin edin. Mən də demişəm aidiyyatı üzrə silsinlər” – V.Zeynalov qeyd edib.

Aparat rəhbəri daha sonra deyib ki, Cəlilabad rayon TQ-nın rəisinin 1-ci və 2-ci ifadələrindən aydın göründüyü  kimi, müstəntiq hansı yolla olursa olsun, bütün məsələləri məqsədyönlü şəkildə ona bağlamaq istəyir:

“Birincisi, Cəlilabaddan pul alınmayıb. İcra başçısı, hətta başqa insanlar da nazirdən  rəsmi və qeyri-rəsmi xahiş edib ki, rayonda quruculuq-abadlıq işləri gedir, sizin bina bərbad gündədir, təmir edin.  Biz də vəsait ayrılması üçün “Aztelekom”a  tapşırıq  vermişik. Cəlilabad TQ-nın rəisi məni tanımaya-tanımaya 2015-ci ilin dekabr ayında verdiyi ifadəsində deyir ki, V.Zeynalovu bir rəhbər kimi tanımışam. Sonra isə 2016-cı ilin iyun ayında Qabil adlı müstəntiq ona deyir ki, yalandan olsa da yazılaraq  şişirdilmiş iş həcmini siz ödəmək istəmirsinizsə, biz deyənə, yəni  V.Zeynalova qarşı yazılana imza atın.  Bu fakt dəqiqdir, bəzi rayon rəisləri bu xəbəri mənə çatdırdılar. Mən də müstəntiqlərə dedim ki, bu qədər də saxtakarlıq olmaz və onda cənab Zakir Qaralova məktubla müraciət etdim. Nə isə, TQ rəisi də məcburiyyət qarşısında buna imza atıb. Şahidlər məhkəmədə verdiyi ifadəsində bildirir ki, Vidadi Zeynalovu heç görməmişəm və telefonla da danışmamışam. M.Məmmədov ifadəsində deyir ki, Şirvan, Sabirabad və Qəbələ TQ-ə pulu  nazirlik verib. Onlar isə ifadələrində göstərdilər ki, pulu “Aztelekom” köçürüb və bütün söhbətlər “Aztelekom”la olub. Yenə də müstəntiq bu ziddiyyətə görə heç kimi üzləşdirməyib.

Bu ziddiyyətlər nəylə izah olunur? İstintaq insan taleyinə niyə biganə yanaşır? Axı mən rəhbərliyin tapşırıqlarını sədaqətlə icra etmişəm. Tapşırığın digər icraçıları heç də vəzifədə məndən kiçik şəxslər deyillər.  Mən heç kimə heç bir məbləğ təyin etməmişəm. Mənim nə belə bir səlahiyyətim, nə də belə bir niyyətim olub. Mən tutduğum vəzifəyə görə  həvalə edilmiş tapşırıqları icra etmişəm. Mənim yerimə bu işi qapıçıya tapşırsaydılar, o da edəcəkdi. İlkin ifadəmdə göstərmişəm”.

“Bu şou kimə lazımdır?”

V.Zeynalov sual edir:

“Belə çıxır ki, həmin vəzifədə başqa bir şəxs olsaydı, ona bu tapşırıqlar verilməyəcəkdi? Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə İltimas Məmmədov məsul edilmişdi, Vidadi Zeynalov yox. Bu dövr ərzində “Aztelekom” MMC tərəfindən nazirliyin xəzinəsinə 19,2 mln. manat vəsait verilib. İstintaq “Aztelekom” MMC-yə münasibətdə bu rəqəmi 37,9 mln. manat və 29,7 mln.manat yazmaqla, 47,7 mln. min manat şişirtmə, “Optik Tikinti Montaj” MMC-yə 12,1 mln.manat yazmaqla 19,8 mln.manat şişirtmə, “Azərpoçt” MMC-yə  12,4 mln.manat yazmaqla, 20,0 mln.manat şişirtmə qeyd edib”.

V.Zeynalov deyib ki, müstəsna təcili tədbirlərdən başqa bütün normativ aktlara və tələblərə əməl olunub:

“Nazirlik və onun tabeli təşkilatlarında bu işlər hər il Maliyyə, Vergilər, İqtisadiyyat nazirlikləri və Dövlət Satınalmalar Agentliyi tərəfindən dövlət büdcəsi haqqında qanuna əsasən  iri tədiyyəçilər, o cümlədən RYTN yoxlanılıb. Milli Məclisə isə yoxlamanın nəticəsi haqqında Maliyyə Nazirliyi tərəfindən arayış təqdim olunub. Vergilər Nazirliyinin birbaşa səlahiyyətinə aid olduğu üçün, onlar bu işlərlə bağlı mütəmadi sənədli yoxlama aparıb və vergi öhdəliklərini icra etdiriblər. Bundan başqa, təkcə “Azərpoçt”da 2014-cü ildə bir neçə ilin maliyyə-təsərrüfat fəaliyyətini  4 aydan artıq müddətdə MN-nin həmin xidməti oturub təftiş edib. Nə oldu birdən-birə bir il keçməmiş bütün yoxlamaların üstündən xətt çəkib, yeni ideyalarla təftiş aparılıb? Buna kim cavab verəcək? Bu şou kimə lazımdır? Bunu birinci gündən demişik.  Burada heç bir qanun pozuntusu olmayıb.  Əgər bazar iqtisadiyyatında mövcud olmayan “qiymətlərin şişirdilməsi” termininə zidd olaraq hesablanmış 153 milyon manatın tərkibini araşdırsaq, onda bu məbləğin 23,3 milyon manatının əlavə dəyər vergisi ödənişi, eləcə də 30 milyon manat şirkətlərə ödənilməmiş və alınmamış vəsaitdən 15,0 milyon  manat vəsaitin yazıldığı tam aydın olar.  Bu da bizim ifadələrimizlə təsdiq olunur. Bu sadə hesablamaya görə bizi təcridxanaya salıb, 1 il 2 ay ibtidai istintaq və yəqin ki, 5-6 ay da məhkəmə istintaqı aparmaq lazım idimi? İstintaqda vəsaitin necə alınmasını, necə yığılmasını axtarmaq yox, hər kəsin səmimi etiraf etdiyi, aldığı və bu gün ziyanı ödəməyə birinci gündən hazır olduğunu nəzərə alıb ziyanın məbləğini dəqiqləşdirməklə, həmin vəsaitin ödənilməsinə şərait yaratmalı idilər. Burada oturan hər bir kəs bu gün  Dövlət, xalq, xüsusilə hörmətli Prezidentimiz və övladlarımız qarşısında etdiyimiz səhv və günahlarımızı qəbul edir”.

“Bacanaq nə vaxtdan qohum sayılır?”

V.Zeynalov vəsiyyət yazdığını da deyib:

“Nə vaxtsa həyatdan köçərəmsə, maldan-mülkdən ötrü övladlarımın arasında narazılıq yaranmaması  məqsədilə onlar üçün öz əmlaklarımla, eləcə də anam və yaxın qohumlarımın rəsmi qaydada bağışladıqları əmlaklarla bağlı  siyahını tərtib edərək vəsiyyət yazıb seyfə qoyduğumu buradan bir daha təkrar edirəm. Fikirləşirdim ki, artıq övladlarım müstəqil ailə sahibidirlər və ölümdən heç kəs, o cümlədən mən də sığorta olunmamışam. Tutulan gecə saat 21-22 arası həmin məktub seyfdən götürüldü, mənə göstərildi. Mən də dedim ki, burada gizlin nə var? Hər şey öz adıma və ya ailəmin adınadır. Lakin çoxu 1990-2004-cü ilə qədər olan dövrə aiddir. Həmin gecə bütün saytlarda bu siyahı getdi. Bunlar kimə lazım idi? Sonra da ata yurdumuz, bacılarımın, qardaşımın, qaynımın, bacanağımın, qızımın, qonşularımın yaşayan evləri, dövlət tərəfindən onlara kənddə verilən pay torpaqları, hətta dövlətdən, bələdiyyədən müqavilə ilə icarəyə götürdüyüm torpaqları (məlumat üçün bildirirəm ki, artıq 12 müqavilə ləğv edilib) da siyahıya əlavə edib mətbuata ötürüblər. Artıq  ilyarımdan çoxdur ki, ATV kanalı kimlərinsə sifarişinə uyğun olaraq səhər proqramını mənə həsr etdikləri məlumatlarla açır. Məni dırnaqarası qəhrəman ediblər. Baxın, taxıl əkmək üçün 12 pay torpağını ayrı-ayrı mülkiyyətçilərdən icarəyə götürüb istifadə edirəm. 30 illik icarə müqaviləsi ilə Neftçalada bataqlıq və  Yod  Zavodu ilə quyular arasında  ferma, otlaq yeri və balıqçılıq təsərrüfatı qurmuşuq. 20 nəfərdən çox kənd adamı orada işləyir. Burada nə pis iş görülüb, qurulan təsərrüfat da göründüyü kimi müddətlidir və müvəqqəti xarakter daşıyır. Oğlum  Qəbələdə  3, 4, 5 sot torpaqları kənd camaatından cəmi 5 min manata alıb. Qiymət belə idi. Orada farel balığı yetişdirir. Mən nə deyim oğluma, niyə 30 yaşında bu işlə məşğul olursan? Müstəqil ailədir. Özü üçün işdir qurub. Nə pis əməl edib?

Qaynatamın 79 yaşı var. 60 ildən artıqdır ki, Bakı şəhərində yaşayır. Təqaüdə çıxanadək bir çox yüksək vəzifədə işləyib. Ləyaqətli əmək və həyat yolu keçib. Bəlkə qaynatam mənimlə qohum olanadək alaçıqda yaşayırdı? Bu qədər də insafsızlıq olmaz. Heç olmasa onun əmlakına həbs qoyan şəxslər, bir az insanlıq göstərib, həmin binanın komendantından evin kimə məxsus olması və evdə kimlərin yaşaması barədə məlumat ala bilərdilər.

Anamla bağlı vəziyyət isə daha tragikomikdir. İstintaqın kəramətindən möcüzəvi bacarıq sahibi olaraq, dünyaya gəlməmişdən əvvəl ata yurdunu tikib valideynlərimə hədiyyə etdikdən 32 il sonra özüm anadan olmuşam. Anam 2003-cü ildə həyat yoldaşıma doğum günü  münasibətilə notarial qaydada pul və qızıl-zinət əşyaları bağışlayıb. Sual oluna bilər ki, gəlinə verilənlər nəyə görə rəsmiləşdirilib? Milli mentalitetimizə uyğun olaraq ailədaxili söz-söhbət və şübhə yaranmasın deyə anam hər bir övladına bu qaydada hədiyyələr etmişdi. Anamın övladlarına və nəvələrinə  şəxsi istəyinə uyğun nəyisə bağışlamağının mənə hansı məsuliyyət yaratdığını başa düşə bilmirəm.

Bacılarımdan  yaşca ən kiçiyi 24 ildir ki, ailəlidir. O birilərinin isə hətta nəticələri də var. Məgər onların və ailə üzvlərinin bu ölkədə mülkiyyət sahibi olmaq hüquqları yoxdur? İstintaq orqanı mənə münasibətdə hansı əsaslarla və sübutlarla onlara məxsus əmlaklara həbs qoyub? Axı Konstitusiyanın 29-cu maddəsi məhz bu hüququn qorunmasını təmin edir.

Qardaşım MTN-nin Suraxanı Rayon İdarəsinin rəisi vəzifəsində işləyərkən müharibə veteranı kimi Veteranlar Cəmiyyəti tərəfindən onun istifadəsinə  2 sot torpaq sahəsi ayrılıb.  Qeydə alınmamış istifadə hüququnu mülkiyyət hüququ ilə ayırd edə bilməyən və torpağın  üzərinə həbs qoyan şəxsin hüquqşünas olmasına böyük şübhəm var.

Bacanaq nə vaxtdan qohum sayılır? Bəlkə KQMİ AR Mülki qanunvericiliyinə belə norma daxil edib, özünə lazım olan vaxtda bu “normadan” gizli silah kimi istifadə etdiyindən heç kimin xəbəri yoxdur?”

“Başqasının əmlakına həbs qoyulub”

 Keçmiş aparat rəhbəri deyib ki, məhkəmə səhvən eyni soyadı daşıyan başqa bir şəxsin əmlakına da həbs qoyub:

“Binəqədi Rayon Məhkəməsi heç bir araşdırma aparmadan notarius funksiyasını üzərinə götürərək istintaqın yazdığını təsdiq edib. Hətta məhkəmə bir az da irəli gedərək bacımla eyni ad və soyadı daşıyan tamam başqa, tanımadığım bir şəxsin Mirzə Fətəli Axundov küçəsi ev 107  ünvanında yerləşən əmlakına həbs qoyub. Abbas Səhhət küçəsində yerləşən və oğlum Zeynala məxsus fərdi ev onun tərəfindən  götürdüyü kreditin müqabilində banka girov qoyulub. Oğlum əsgəri xidmətdən əvvəl özünə biznes qurmaq qərarına gəldiyindən sərbəst surətdə belə bir addım atmışdı. Əmlak onun özünə məxsus olduğundan onun işinə qarışmamışam. Amma bilirdim ki, həmin əmlakı girov qoymaqla aldığı kreditlə Lənkəranda istixana alıb və vəsaiti də ora sərf edib.  Bugünə həmin kreditin 70%-i qaytarılıb. Qalan 30% məbləğ isə dollar hesabı ilə borc olaraq qalır. İstintaq qrupu və Binəqədi rayon Məhkəməsi o biri əmlaklar kimi bunu da araşdırmadan faktiki olaraq bankın mülkiyyətinə həbs qoymaqla kredit təşkilatını da ağır vəziyyətə salıb.  Bununla nə demək, nə tələb etmək istədiklərini bilmirəm . Uzun illər dostluq etdiyim insanlara inanıb rəqəmlərə fikir verməmişəm. Mən ifadəmdə demişəm ki, yerlərdən vəsaiti dollar hesabı ilə almışıq və əmək haqqnı da dollarla vermişik.  Onlarda hər yerdə bunu manatla yazıblar. Mən 30 nəfərə, onlar da 500 nəfərdən çox şəxsə əmək haqqı veriblər, yəqin ki, hamısından soruşublar. 2015-ci ilin fevralından  manatla, ondan əvvəl ABŞ dolları ilə əmək haqqı verilib. Mən öz əmək haqqımı iki variantda deyirəm.

Əli Abbasov və Vidadi Zeynalov

Onların bu hərəkəti sadəcə qanunsuz əməllərini  ört-basdır etmək olub. Mən bu barədə Baş Prokurora müraciət etmişəm. Onun həqiqəti həmişə hər şeydən uca tutduğunu bilirdim.

 Xalqıma, xüsusən Prezidentimə həmişə sədaqətli olmuşam, çalışmışam ki, işlədiyim sahəni bütün sahələrdən qabağa çəkim. Bunun üçün də əlimdən gələni etmişəm. İşləyən insanın səhvi olar, əsas odur ki səhvini başa düşüb özün etiraf edəsən. Mən də bunu etmişəm. Bir daha deyirəm, mən heç bir ittihamı qəbul etmirəm. Mən vəzifəmdən asılı olaraq nazirə tabe olmuşam. Onun dediyi şəxsi və nazirliyin işlərini sədaqətlə icra etmişəm.

Səhvim ondan ibarət  olub ki, vaxtında ərizə yazıb işdən çıxmaq istəyəndə gərək naziri eşidib sözümü geri götürməyəydim”.

 “Şokdan 2 ay sonra çıxa bildim”

Sabiq aparat rəhbəri deyib ki, onu istintaqa çağrılan günü tutublar:

“İnanmazdım ki, məni yasa getmək adı ilə dəvət edib özümə tələ quracaqlar. Prokuror burada qeyd etdi ki, ifadələr verib, imzalamışıq. Düz deyir, vəkilsiz, şok vəziyyətində, həyəcanlı olduğum və müstəntiqi tanıdığım üçün inanıb, əvəzimdən tərtib etdikləri ifadəyə imza atmışam. Şokdan 2 ay sonra çıxa bildim, ayılanda vəsatətlər verdim. Xahiş etdim ki, rəqəmlərlə, konkret olaraq manat-dollarla bağlı Namazalı Məmmədovla, Cəlil Cəfərovla, Məhəmməd Məmmədovla, Qənbər Bəybalayevlə  və Oqtay Rüstəmovla məni üzləşdirin. Bir ildən sonra müstəntiqlər gəlib bizi Kürdəxanıda tapdılar və bu ittihamı həvəslə yazıb, tanış edilməm üçün gətirdilər, mən də qəbul etmədim və protokola söyüşdən başqa hər şey yazdım. Daha nə etməli idik?

Yalnız bir dəfə məni şəhərə gətirib Ə.Abbasovla təqsirləndirilən şəxs kimi yox, şahid kimi üzləşdirdilər. Orada da hər ikimiz öz ilkin ifadələrimizi təsdiq etdik.

Həmin üzləşdirmə protokolu 3 nəfər vəkilin, müstəntiqin, Əli Quliyevin, Əli Abbasovun və mənim  iştirakımla tərtib olunaraq imzalanıb. Lakin mən həmin protokola nə məhkəməyə göndərilən istintaq materiallarında, nə də ittiham aktında rast gəldim”.

“Vəkil dedi ki, istintaq qrupu məhkəməyə səni Bin Laden kimi təqdim edib”

V.Zeynalov deyib:

“Bilirəm ki, bu işə görə istintaqda ən azı 500-ə yaxın insan böyük həyəcan keçirib. Mən özümü təqsirli bilmirəm. Mən yaranmış vəziyyətə uyğun ifadələr verməmişəm. İttiham aktında deyildiyi kimi istintaqın birinci günündən  etiraflarım səmimi olub və real borcumu ödəməyə hazır olduğumu bildirmişəm. Bunun üçün hətta istintaq zamanı ABŞ dolları ilə yaxın insanlardan borc götürüb manata çevirib (1-1,05 nisbəti vaxtı) məhkəməyə gətirilən pulu götürmədilər. Dedilər, saxla, deyəcəyik. 2 aydan sonra həmin borca görə 700 min manat ziyana düşdük. Binəqədi rayon Məhkəməsində barəmdə həbs-qətimkan tədbiri seçilərkən də mən dedim ki, pulu gətiriblər, hara deyirsiniz versinlər, məni ev dustaqlığına buraxın, istintaqın gedişinə kömək edim.  Məhkəmə təklifimi rədd edəndə istintaqın təyinatla mənə ayırdığı vəkil zalda yanımda yatırdı. Onu oyadıb dedim ki, məni tuturlar, tədbir gör. O isə dedi ki, sənə heç nə ilə kömək edə bilmərəm, istintaq qrupu məhkəməyə səni Bin Laden kimi təqdim edib. Bununla da bugünə kimi həmin vəsait ödənilməmiş qaldı. Məni həbsdə saxlamaq xatirinə o pulu ödətməyə bugünə kimi imkan vermədilər. Məni incitməyi Bakı İstintaq Təcridxanasına tapşırdılar, olmazın əziyyətini verdirdilər, görüşdən, gələn sovqatdan, yemək qızdırmaqdan, həkimə getməkdən, telefonla danışmaqdan, bir sözlə, adi məhbus hüquqlarımdan belə məhrum etdirdilər. Hətta 45 dərəcə istidə  dəfələrlə “kars”a saldırdılar, qaldığım kameranı 4 dəfə dəyişdilər ki, get pul ödə. Mənim əmlakıma qoyulmuş  həbs götürülsün ki, satıb ödəniş edim. Bu sahədə müəyyən adamlara icazə verdilər, mənə yox. Niyə? Mənim ondan başqa günahım yoxdur. Əgər ədalətli məhkəmə olsaydı, həmin gün istintaq başa çatana kimi ən yaxşısı məni ev dustaqlığına verə bilərdilər. Mənə əmək haqqı şəklində verilən pulun vergilərini ödəməyə hazıram. Bir daha bildirirəm ki, istintaqda müstəntiqlər mənim ifadəmdəki rəqəmləri bilərəkdən ABŞ dolları məzənnəsi ilə deyil, manatla göstəriblər ki, rəqəm böyük görsənsin. Adam xəcalət çəkir.  Mənim bu gün buradan dediklərim bütünlüklə Prokurorluq orqanının adına yazılmamalıdır. Onların içərisində çoxluq təşkil edən peşəkar, işinə vicdanla yanaşan, saf, dövlətimizə sədaqətlə xidmət edən, çox hörmət etdiyim insanlar  və dostlarım vardır. Dediklərim  ədalətsizlik edərək ağı qara yazıb, məni və burada təqsirləndirilənləri, dəmir barmaqlıqlar arxasına salan, üzr istəyirəm, mənim tutulduğum gündən  az müddət sonra yuxarıda sadaladığım  haqsızlığa görə iki nəvə gözlədiyim övladlarımın  uşaqlarını itirməsinə səbəbkar olan, anamın ağlamaqdan gözlərinin nurunu itirməsinə bais olan, dövlətə və prokurorluğun özünə daim ağrı verən və  çiban kimi yapışdırılmış, ölkədə sahibkarlığın, iqtisadiyyatın inkişafına mane olan, ümumiyyətlə mövcudluğuna ehtiyac olmayan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq qrupuna aiddir. Prokurorluq Orqanının tərkibində Ağır Cinayətlərin İstintaqı İdarəsi olduğu və orada stajlı peşəkar istintaqçılar işlədiyi  halda, indiki dövrdə  iri maliyyə məsrəfləri hesabına bu quruma heç bir ehtiyac yoxdur”.

“Günahsız  dustağın gücü dilinə çatır”

“Hörmətli məhkəmə və dövlət ittihamçısı!

Pulu ödətdirib, imza etdiyim əl və barmaqlarımın kəsilməyinə razıydım. Onlar heç nə tapmadılar, sadəcə olaraq müəssisə haqqında, vergi haqqında bütün qanun və qərarları pozaraq şantaj yolu ilə gətirib bizi bu yerə çıxarıblar. Əgər, doğrudan da, bir qanun pozuntusu olsaydı, indi onu bütün dünyaya yaymışdılar. Elə buna görədir ki, məcbur olub əmlak şousu göstərirlər. Balıq tutmaq nə vaxtdan cinayət sayılır?

Özünüzün dediyiniz kimi hesablama aparmaq üçün ekspertizaya ehtiyac yoxdur, buradakı hər kəs onu bacarır. İfadəmin sonunda təkrarən Sizlərdən xahiş edirəm ki, hesablamanı düzgün edəsiniz.


1)


Mən elə bilirdim ki, ikili standart yalnız bizim dövlətə qarşı tətbiq edilir. Sən demə, həmin standartlar istintaqda da var imiş. Belə ki, əmək haqqına görə 500-dən çox adam ittiham olunmadı, yalnız mən olundum. Eybi yoxdur, onda heç olmasa, o dövrün  manat-dollar məzənnəsini nəzərə alın.


2)


PLZ ilə bağlı yalandan yazılmış və mənə aidiyyatı olmayan “şişirdilmiş” iş həcminə münasibətdə faktiki büdcəyə ödənilmiş 675,0 min manat ƏDV-ni və 270,0 min manat məbləğində mənfəət vergisi təkrar yazılıb.


3)


Əmlakımın üzərindən həbsi götürün ki, satıb zorla da olsa boynuma qoyulan məbləği ödəyim. RYTN-in tabeliyində olan BTRİB-ə o vaxt ofis binası gəzirdik.   Biz o vaxt hətta 62 nömrəli ATS-in binasını təmir edib BTRİB-i ora köçürtmək istəyirdik. Onların bu günkü iş şəraiti çox ağır vəziyyətdədir. Yəni istintaqın 9,0 mln.manat qiymət qoyduğu ofis binasını 6,2 mln.manat vəsaitin əvəzinə mülki iddiaçı tərəfindən götürülməsinə əmlakın sahibi olan həyat yoldaşım razılıq məktubu verməyə hazırdır.

Ədalət məhkəməsindən cəfəngiyyatdan ibarət bu cinayət işində heç olmasa sadaladığım işlərdə ədalətlilik göstərməsini istəyirəm. Günahsız dustağın gücü dilinə çatır. Mən bir daha ədalət məhkəməsinə üzümü tutub deyirəm: “İttiham aktında göstərildiyi kimi istintaqa səmimi olaraq etiraf etdiyimi, elmi dərəcəmi və elmi fəaliyyətimi, dövlət mükafatlarımı və 42 illik iş stajımı nəzərə alaraq ədalətli qərar çıxarmağınızı  Sizdən xahiş edirəm”.

Proses mayın 19-da davam edəcək.


Xatırlatma…

Cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərVidadi Zeynalov: Axı mən rəhbərliyin tapşırıqlarını sədaqətlə icra etmişəm