Vidadi Muradovun ailəsinə məxsus əmlakların üzərindən həbs götürülmədi

Vidadi Muradov, Foto: Azərtac

Məhkəmə vəkillərin vəsatətini təmin etmədi

Ev dustaqlığına buraxılandan bir neçə gün sonra – noyabrın 5-də vəfat edən “Azərxalça” ASC-nin keçmiş rəhbəri, 21.6 milyonluq yeyintidə ittiham olunan Vidadi Muradovla bağlı məhkəmə prosesi davam edir.

Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində Vidadi Muradovun həyat yoldaşı Rəhilə Muradova onun hüquqi varisi kimi tanınıb. Bundan sonra məhkəmə prosesi onun iştirakıyla keçiriləcək.

Məhkəmədə Vidadi Muradovun vəkili Vüqar Babayev bildirib ki, o, “Azərxalça”nın rəhbəri olmamışdan əvvəl əldə edilən əmlakların da üzərinə həbs qoyulub. Vəkilin sözlərinə görə, Vidadi Muradovun özü ilə yanaşı, ailə üzvlərinin, o cümlədən oğlu Aydın Muradovun əmlakları üzərində də həbs var: “Vidadi Muradova “Azərxalça”nın rəhbəri olduğu dövrlə bağlı ittiham verilib. O, 2016-cı ildə bu vəzifəyə təyin edilib. Lakin həbs qoyulan əmlakların bir çoxu ondan əvvəl əldə olunub”.

Vəkil əmlakların üzərindən həbsin götürülməsi barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb.

Məhkəmə prosesi noyabrın 30-da davam edəcək.

65 yaşlı Vidadi Muradov 21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə ittiham olunur. Onun işi sentyabrdan Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatındadır. Lakin o, bu məhkəmədə hakim qarşısına çıxarılmamış, vəziyyətinin ağır olmasına görə məhkəmə prosesi bir neçə dəfə təxirə salınmışdı.

Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib. O, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İttihama əsasən, Vidadi Muradov öz şirkəti “Azər-İlmə” MMC-nin Bakıda yerləşən binasını dövlət şirkəti olan “Azərxalça” ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. “Azərxalça” ASC-nin xalça ipi alınması məqsədilə nəzərdə tutulan vəsaiti formal olaraq, müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb geri qaytarıblar. “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu cinayət işinin materiallarında əksini tapıb.

Prezident İlham Əliyev Vidadi Muradovu 2016-cı ilin martında “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.

Vidadi Muradovun oğlu Cavid Muradov paytaxtın Sabunçu rayon Polis İdarəsinin rəisidir. Bundan əvvəl isə o, Səbail Rayon Polis İdarəsinin rəisi idi.

Ana səhifəSiyasətVidadi Muradovun ailəsinə məxsus əmlakların üzərindən həbs götürülmədi