Vicdanınız olsun!

Həyatda ən zəhləm gedən şeylərdən biri də davamlı şikayət eləmək, sızlamaq, özünü aciz göstərib, ətrafdakılara neqativ enerji ötürməkdir

Source:

Həyatda ən zəhləm gedən şeylərdən biri də davamlı şikayət eləmək, sızlamaq, özünü aciz göstərib, ətrafdakılara neqativ enerji ötürməkdir. Bu məsələni artıq özümə prinsip eləmişəm. Ölkəmizdə sonsuz sayda problem var. İnsanlarımızın güzəranı günü-gündən pisləşir. Bunu başa düşmək çətin deyil. Adamlar hətta danışmasalar da, üz ifadələri onların əvəzinə danışır. Kədər, qayğı, qəzəb və s. bu kimi xoşagəlməz ifadələr, fərdlərin 90 faizinin simasında özünü diqqəti aşırı dərəcədə çəkən makiyaj kimi göstərməkdədir.

Bax, ona görə də şəxsi problemlər və qayğılarım olmasına rəğmən, maksimum şəkildə çalışıram ki, gülümsəyim, pozitivliyimi qoruyub, saxlayım. Niyə görə mən, öz problemlərimlə başqalarını yükləməliyəm axı?! Heç kimə neqativ enerji ötürmək haqqım yoxdur.

İndi isə bir az prinsipimə zidd getməli olacam. Şikayətim var! Düzdür, bu şəxsi problem müstəvisindən çoxdan çıxıb və ictimai problemə çevirilib, ancaq yenə də xəbərdarlıq etməyi özümə borc bilirəm. İstəməyən, yazını yarımçıq saxlayıb, oxumaya bilər.

Məqsədim kimlərəsə neqativ enerji ötürmək deyil! Bu yazım, məsələni ictimailəşdirib, həll yolunu tapmağa hesablanıb. Hal-hazırda, özümü sanki yaxın dost-tanışıma onun doğması haqda nəsə pis xəbər verirmiş kimi hiss edirəm. Belə həssaslığı məndə yaradan nüanslar məhz ölkədəki problemlərin artması ilə bağlıdır.

Söhbət əlilliyi olan şəxslərin son yarım ildə davam edən, hər ay verilən və ya verilməli olan sosial müavinətlərinin gecikdirilməsi ilə bağlıdır. Bu məsələ digərlərinə elə-belə, hətta qeyri-ciddi görünəbilər. Ki, görünür də.. Dəfələrlə əlilliyi olan şəxslərin probleminə diqqət çəksək də, ictimaiyyətdən nəinki ciddi dəstək, hətta ənənəvi reaksiya da görməmişik.

Hətta sosial mediada fəal olan, ictimai rəyi yaradan şəxslər də, əlilliyi olan şəxslərin ümumi və son dərəcədə ciddi problemlərini ictimailəşdirməyə elə də maraq göstərməyiblər.

İnanın, vəziyyət həqiqətən acınacaqlıdır. 6-7 aya yaxındır, hər ay aldığım neft ölkəsi üçün dilənçi payı sayılan 140 manatlıq sosial müavinətim gecikdirilir. Pul vaxtında karta köçmür. Əvvəllər, pulu hər ayın 17-18-i alırdımsa, artıq 6-7 aydır ki, vaxtından 5-10 gün keçəndən sonra alıram. Və bu halı təkcə mən yox, minlərlə sosial müavinat alan əlilliyi olan vətəndaşlarımız yaşayır.

İyunun 6-da bir qrup əlilliyi olan şəxslə Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi önündə etiraz aksiyası elədik. Tələblərimizi dilə gətirdik. Prioritet olaraq əsas tələbimiz sosial müavinətlərin artması və bərabər hüququn bərpa olunaraq, hər yerdə özünü göstərməsi ilə bağlı idi. Həmişə olduğu kimi bizi dinləyib, yalandan başımızı sığallayıb, “hər şeyin yaxşı olacağını” vəd verib, yola saldılar.

“Sağ olsunlar”, hətta iyun ayını bizim üçün yaddaqalan etmək üçün sosial müavinatlarımızın yarısını, yəni 65 manatını verdilər. Qalan hissəsi isə bilinmir hardadır… 2-ci qrup əlilliyi olan tanışlarım var, onlar da, 3 aydır ki, pensiyaların ala bilmirlər. Nəzərə alsaq ki, əlilliyi olan adamların çoxu işləmir və onlar həmin pensiya və müavinatlardan başqa gəlir əldə edə bilmirlər, bax, həmin vəziyyəti təsəvvür etmək çətin deyil..

Nazir Səlim Müslümovla fevral ayında şəxsən görüşüb, əlilliyi olan şəxslərin sosial müavinatlarının, pensiyalarının artmasını ondan da tələb etmişdik. Nazir isə üzündə təəssüf hissi yaradıb, pulların artırılması guya onların nazirliyi yox, birbaşa Maliyyə Nazirliyi ilə bağlı imiş. Nə imiş əfəndim, guya bunlar nə qədər xahiş, tələb etsələr də, Maliyyə Nazirliyi pulları artırmırmış. Sonradan araşdırıb, öyrəndim ki, əslində Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən heç elə xahiş, tələb gəlməyib. Faktiki olaraq, Maliyyə Nazirliyi digər dövlət orqanlarından ora daxil olan pulların artırılması ilə kağızları həqiqi ehtiyacın ödənməsi üçün uyğun bildiyi halda, tutarlı rəsmi tələblərə müsbət adekvat cavab verir.

Üstəlik sosial müavinatların kartlara köçürülməsi Maliyyə Nazirliyindəki Dövlət Xəzinadarlıq Agentliyi ilə əlaqəlidir. Onlar isə bu cür məsələlərdə pul köçürmələrlə bağlı əmrləri “yuxarılar”dan alırlar.

İndi hökumətə belə bir təklifim var! Ölkədə rəsmi olaraq 600 mindən çox əlilliyi olan vətəndaş var. Bu yarım milyondan çox insan deməkdir. Deməli, böyük gəmi sifariş edirsiniz, ya düzəldirsiniz, Nuhun gəmisi boyda gəmi. Hə, bax, yarım milyon əlilliyi olan vətəndaşları da “səyahət, müalicə” adı ilə o gəmiyə mindirib, yola salırsınız Xəzərin ortasına, sonra da dənizin ortasında gəmini batırırsınız. Vəssalam! Sizin də canınız qurtarır, bizim də.

Hitler o vaxt öz ölkəsində olan əlilliyi olan şəxsləri qırırdı ki, bizim “ali irqimizə” o cür adamlar yaraşmır. Deyim ki, bu, daha səmimi addımdır. Bir də onu əlavə edim ki, vicdanınız olsun!



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəVicdanınız olsun!