Son zamanlar məlum hadisələrlə bağlı, sosial şəbəkələrdə, mətbuatda, aidiyyatı olan, olmayan, başı çıxan, çıxmayan “vicdansız həkimlər”, “vicdanlı həkimlər”, “özü vicdanlıdır, ətrafı vicdansız”, “nazirin vicdanı olsa, elə o dəqiqə istefa verməliydi” kimi alovlu çıxışlar səslənir. Əvvəla onu deyim ki, Azərbaycan qanunvericiliyində nazirin istefa vermək kimi bir səlahiyyəti yoxdur. Nazir ancaq həbs oluna bilər.
Keçirəm əsas məsələyə. Bu yazımı başlamamışdan öncə, vicdanın tərifi haqqında internetdə bir balaca axtarış apardım və Vikipediada belə bir cümləyə rast gəldim: İnsanı davranışlarını araşdırmağa məcbur edən, öz əxlaq anlayışını sorğulamasını və özünü mühakimə etməsini təmin edən daxili gücdür. İnsanın özündə doğuşdan var olan, daha sonra da təhsil, ictimai həyat ilə formalandırılan daxili hiss vasitəsilə doğrunu və səhvi tapa biləcəyi mənası daşıyır. Bəzən daxili bir məhkəmə olaraq da qəbul edilir.
Bir az qarışıq cümlə olsa da, başa düşürük, şair nə demək istəyir. Yəni vicdan – hardasa amorf da demək olar, qeyri-standart da – konkret sərhədləri olmuyan bir məfhumdur. Vicdanımızın formalaşmasında bizim tərbiyəmiz, təhsilimiz, gördüklərimiz, oxuduqlarımız, və s. amillər rol oynayır.
Belə deyək ki, mənim, yəni beşikdən qəbr evinə qədər rüşvətlə qarşılaşan, hər cür riyakarlıqla saxtakarlıqla böyüyüb boya-başa çatan Azərbaycan vətəndaşının vicdan standartı, sıravi bir yaponun, körpü tikintisi zamanı bir səhvə yol verdiyi üçün xarakiri edən mühəndisi olan bir toplumun vicdan standartından fərqli olacaq. Müqayisə bir az sərt oldu, ama, necə deyərlər general olmağa çalış ki, kapitan ola biləsən. Ya da, mayor.
Yaxşı, belə bir amorf maddəni özümüzə nəzarət mexanizmi götürə bilərikmi? İşimizdə hər hansı bir nöqsan olarsa, onu vicdanımızın öhdəsinə qoya bilərikmi? Hər hansı bir qanunsuzluq, yaramaz bir hadisə ilə rastlaşsaq, onu vicdana tapşıra bilərikmi? Yaponiya, İsveçrə, yaxud, Finlandiya kimi məsuliyyətli bir ölkənin məsuliyyətli vətəndaşı olsaydıq, eləmək olardı. Çünki burda şəxsin qanuna hörmət hissi və vicdan anlayışı artıq doğmalaşıb, əkizləşib.
Amma bizdə, bizim şəraitdə bunu eləmək olmaz axı. Bizdə hələ vicdan formalaşmıyıb. Çünki bizdə vicdanın formalaşması üçün lazım olan faktorlar, adlarını yuxarıda çəkmişdim, hələ formalaşmayıb. Bizim daxili aləmimizin məhkəməsi də elə rayon, şəhər məhkəmələrimiz kimi işləyir. Bizim vicdan anlayışımız hələ mentallıqdan, ağsaqqal-ağbirçək tezliyindən çıxmayıb. Bizim vicdanımız daha ciddi məsələlərdə tez sıradan çıxır. Kövrəkdir. Bişməmiş kərpic kimidir.
Bəs, neyləməli? İlk növbədə biz qanunlara hörmət eləməyi bacarmalıyıq. İnsanlarda qanunlara hörmət yarada biləcək bir sistem qurmalıyıq. Qanunun aliliyinə buraxmalıyıq bütün pozuntuları. Hansısa natamam vicdan anlayışına yox. Sözü qılınc kimi kəsən qanuni məhkəmələr mühakimə eləməlidir bizi. Daxili məhkəməmiz yox. Qanun qarşısında cavab verməliyik, daxili səsimizin qarşısında yox.
Bu mənada, mən vicdanı tanımıram. Hətta mən inanıram ki, dəyərli ağsaqqalımız, Şeyxülislam Allahşükür Paşayev (Paşayev daha sirli və əsrarəngiz səslənir) – Allah ondan və ailəsindən həm bu, həm də o dünyada razı olsun – vicdan barəsində dediyi o məhşur kəlimələrində mənim bu fikrimi əsas tutub.
Sonda bir daha yadınıza salmaq istəyirəm. Vicdanınıza çox da etibar eləməyin. Nəyisə, kimisə vicdanına buraxmaq elə o adamın əməllərinə şərik olmaqdır. Həkim öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayyət və digər məsuliyyətə cəlb oluna bilər – bu gözəl cümlələr, Azərbaycan həkimlərinin etik davranış qaydalarının, bir növ Azərbaycan həkiminin andının 36-cı, sonuncu bəndindəndir.
Həkimin səhvini onun vicdanına tapşırınca, 36-cı bəndə tapşırın, vəssalam. Çünki, hər şeydən yüksəkdə duran qanun var, və o qanunu icra eləməli olan dövlət. Qanunun və qanunu icra edən sistemin necəliyi isə artıq başqa mövzudur.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.