”SOCAR havayı əldə edərək əhaliyə satdığı qazın qiymətini iki dəfə artırıb”
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ölkədə təbii qaz, elektrik enerjisi və dərman vasitələrinin satış qiymətlərinin artırılması ilə bağlı bəyanat yayıb. Partiyanın bəyanatda deyilir:
“Neftin qiymətinin ucuzlaşması və Azərbaycan hökumətinin bu faktora qarşı çevik olmayan, ləng və yanlış iqtisadi siyasətinin acı nəticəsi özünü getdikcə daha dərindən büruzə verir.
Büdcəyə daxilolmaların azalması və yaranan kəsirin əvəzini ödəmək üçün hazırda hökumətin kommunal xidmətlərin qiymətini qaldırmaq yolunu tutması çox acınacaqlı haldır. Təəssüf ki, hökumətin apardığı bu yanlış siyasətin acı nəticəsini xalq çəkir. İndiki halda qiymətlərin qaldırılması hökumətin acizliyinin nəticəsidir. Çünki qiymət artımı ilə bağlı verilən açıqlamada bunun səbəbləri kifayət qədər əsaslandırılmayıb, həmçinin, bu artımın digər zəruri ərzaq məhsullarına təsirini önləmək üçün tədbirlər planı hazırlanmayıb”.
VHP hesab edir ki, məhz bunun nəticəsində artımdan sonra ölkədə yeni bir balahaşma, inflyasiya dalğasının yaşanacağı şübhəsizdir:
“Əməkhaqlarının artırılması barədə müzakirələr və bu barədə qərarın 2017-ci ildən qüvvəyə minəcəyi haqda rəsmi açıqlamadan bir ay öncə qiymətlərin bahalaşdırılmasının da məntiqi izahı yoxdur. Belə çıxır ki, qiymətlərin bahalaşmasından sonra əməkhaqlarının artımına qədər olan 2 aylıq dövrdə əhali olmayan büdcəsindən əlavə vəsait ödəməyə məcbur olacaq. Bu isə hökumətin öz xalqının, xüsusilə onun aztəminatlı hissəsinin cibinə girməsi kimi başa düşülür”.
Bəyanatda deyilir ki, Vətəndaş Həmrəyliyi Partiyası hökumətin əsassız qiymət artımı haqqında qərarını qətiyyətlə pisləyir və bu addımın ölkə vətəndaşlarının onsuz da ağır sosial-iqtisadi durumunu daha ağır təsir edəcəyini bəyan edir:
“VHP hakimiyyətin bu qiymət artımının ölkədə sosial gərginliyi maksimum gücləndirəcəyini bildirir və bu qərara dərhal yenidən baxılmasını, maaşların artımı ilə qiymət artımı arasındakı disbalansı qorumasını tələb edir”.
“SOCAR hər il təqribən 3 milyard kubmetr səmt qazını havayı əldə edir”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə öz “Facebook” səhifəsində məsələyə münasibət bildirib:
“Dərd o deyil qazın, onu da bəhanə edib elektrikin qiymətini qaldırıblar. Dərd odur ki, qiymətini 2 dəfə qaldırdıqları qazı xarici şirkətlər havayı verirlər SOCAR-a.
Təəccüblənməyin, izah edirəm. 2015-ci ildə Azәrbaycanın əmtəəlik qaz istehsalı 19.2 milyard kubmetr olub. Onun 3.2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan səmt qazıdır. Beynəlxalq şirkətlərlə imzalanmış neft müqaviləsinə görə həmin qaz SOCAR-a havayı verilir. SOCAR hər il təqribən 3 milyard kubmetr səmt qazını havayı əldə edir. Azərbaycanda əhalinin istifadə etdiyi qazın miqdarı da təqribən ildə 3 milyard kubmetr ətrafındadır. Məsələn, 2014-cü ildə əhalinin istifadə etdiyi qazın miqdarı cəmi 2.8 milyard kubmetr olub. Beləliklə, SOCAR havayı əldə edərək əhaliyə satdığı qazın qiymətini iki dəfə artırıb”.
“Bu qərar ölkənin aztəminatlı hissəsinə daha ağır zərbə vuracaq”
Musavat partiyasının başqanı Arif Hacılı düşünür ki, Tarif Şurasının qərarı gözlənilən idi. O, Meydan TV-yə açıqlamasında deyib ki, Azərbaycan hakimiyyətinin apardığı yalnış iqtisadi siyasət, korrupsiya, rüşvətxorluq, eyni zamanda israfçılıq büdcə kəsirlərinə gətirib çıxarmalı idi:
“Azərbaycan hakimiyyəti əhalinin aztəminatlı kəsiminin az vəsaitlərini belə onun əlindən almaq yolu ilə büdcə kəsilərini aradan qaldırmağa çalışır. Təbii ki, bu yolla Azərbaycan iqtisadiyyatını xilas etmək mümkün olmayacaq. Bu qərar, ilk növbədə, ölkənin aztəminatlı hissəsinə daha ağır zərbə vuracaq”.