Beyni qaynayan vətənpərvərlərə sualım var…
Əbdürrəhman Xəliloviç Vəzirovun Moskvada vəfatı xəbərini eşitdikdə əsla sevinmədim. Düşündüm ki, Kremlin qurduğu Qarabağ oyununun daha bir qurbanı həyatdan köçdü. Ürəyimdə ona Allahdan rəhmət dilədim.
O zamanın tarixi gedişinin təlatümlü dalğaları məni onun kabinetinə qədər qaldırıb bir neçə dəfə onunla görüşdürmüşdü. Xatirələrimi, söhbətlərimizin təfərrüatını “İkinci respublikanın sonu” kitabımda yazmışam. İstəyən tapıb oxuya bilər.
Sovet ənənəsinə uyğun olaraq mərhumun partiya-istehsalat xasiyyətnaməsini tam yazmayacağam, lakin müxtəsər fikrimi bildirəcəyəm.
Vəzirov kommunist deyildi. Yəni Sov.İKP-nin üzvlük biletini cibində gəzdirirdi, lakin əqidəcə kommunist deyildi. Azərbaycan Kommunist Partiyasının Birinci Katibi barədə deyilən bu fikrimə təəccüb etməyin, zira Stalinin ölümündən sonra sovet rəhbərliyindən bütün səviyyələrdə əqidəli kommunistlər sürətlə süpürülüb təmizlənməyə başlandı. Məgər Heydər Əlirza oğlu Əliyev kommunist idi? Məni güldürməyin.
Yoxsa AKP MK-nın üçüncü, ideologiya üzrə katibi Ramiz Ənvər oğlu Mehdiyev kommunist idi? Təbii ki, o zamanın bütün sovet rəhbərləri klassik buqələmun, əqidəsiz nomenklatura partokratı idi.
AXC-nin İH-nin üzvü kimi mən AKP MK binasına bir neçə dəfə daxil olandan sonra anladım ki, bu boyda möhtəşəm binada marksizmi az-çox bilən iki nəfər var: biri mən özüm idim, ikincisi akademik Əfrand Daşdəmirov. Lakin Əfrand müəllim də marksizmi bilirdi, fəqət kommunist deyildi, xalis partokrat idi. Sadəcə digər partokratlardan fərqli olaraq abırlı, saf və ziyalı insan idi. Allah ona qəni-qəni rəhmət eləsin.
Deməli, o boyda binada yeganə əqidəli kommunist mən idim. Kommunist Əlizadə ilə partokrat Vəzirovun söhbəti isə heç cür tuta bilməzdi. Məhz bu səbəbdən Vəzirov xalqın aşağıdan yaratmağa başladığı AXC-yə sədr kimi əvvəl karyerist Ziya Bunyadovu sırımağa çalışdı, alınmayanda, Əbülfəz Əliyevin sədrliyi ilə razılaşdı. Çünki onunla müəyyən ana kimi Vəzirov eyni dildə danışırdı.
Məsələn, gələcək Ali Sovetə seçkləri müzakirə edəndə təklif edirdi ki, “AXC-yə 50 yer ayırım”. Bunu mən kommunistə desəydi, “Xalq kimi nə qədər seçər, o qədər də alınar” eşidərdi. Lakin millətçi Əbülfəz Əliyevdən “Yaxşı olardı ki, mandatın sayı 100 olsun” eşidirdi. Onda da Vəzirov deyirdi ki, “Sizin kadrları yaxşı öyrənmişik, sizdə bayırlığı olan heç 50 nəfər yoxdur”.
Vəzirovun hətta “perestroyka” dövrünün partokratlara bəxş etdiyi geniş siyasi manevr fürsətlərindən belə istifadə etməyə cürəti çatmırdı. Lakin onu qorxaqlıqda ittiham etmək insafdan deyil. 1987-ci ildə Qorbaçov öz komandasına aid etmədiyi 50-60 ali partokratı təqaüdə göndərmək qərarının icrasını siyasi nəhəng Heydər Əliyevə həvalə etmişdi. O da ürəyindən qara qanlar axa-axa qurultayın xitabət kürsüsündən özünün və xeyli sayda digər partokratın kollektiv istefa ərizəsini oxuyarkən hələ “Əziz Mixail Sergeyeviçə” təşəkkür etməyi belə unutmamışdı. Təşəkkür etmişdi və sonra evinə qayıdanda ürəyi tutmuşdu.
Azərbaycanda Heydər Əliyev siyasi məktəbinin yetirdiyi bütün partokratlar anti-kommunist çıxdılar. Hamısı! İstisnasız!
Məhz onlar Kremlin təyin etdiyi qeyri-mafioz Vəzirovu xımır-xımır yedilər, üstündən də su içdilər.
Tarixin gizlinləri açıldıqca, o dövrün tarixi hadisələrindəki ümumi qanunauyğunluqlar üzə çıxır. Məsələn, mənim üçün artıq sirr deyil ki, 1986-cı ildə Alma-Atada qazax gənclərinin rus Kolbinin Kunayevin yerinə Birinci Katib təyinatına etirazını Nazirlər Şurasının sədri Nursultan Nazarbayev təşkil etmişdi. Necə ki, 1988-ci ilin 17 noyabr nümayişinə hazırlığı Azərbaycanın Nazirlər Şurası və AKP MK-nın Əliyevçi kadrları həyata keçirmişdi. Bu zaman meydanda kim və nə demişdi, kütlə kimə əl çalmışdı, bunun mahiyyətə dəxli yox idi. Mafioz hakimiyyət qeyri-mafioz Vəzirovu yeməli idi və yedi də, kimin əlilə, əhəmiyyəti yoxdur.
Vəzirov o qədər partokrat idi ki, müstəqil siyasi addım atmağa cürəti çatmırdı. Bilə-bilə ki, AKP MK-nın köhnə heyəti ona qarşıdır, bu heyəti dağıtmağa, dəyişməyə cürət etmədi. Məhz buna görə ömrünün sonuna yaxın nəşr etdiyi xatirələr kitabına “Parterin ön səfində” başlığını qoydu. Bəli, parterin, səhnənin deyil. Səhnədə oynayarlar, parterdə oturub seyr edərlər. Dəqiq başlıqdır.
Vəzirovun savadlı və mədəni insan olduğu şübhəsizdir. Qarabağ məsələsinin mahiyyətini də, Azərbaycanın yeritməli olduğu siyasətin labüdlüyünü də anlayırdı. Vəzirov anlayırdı ki, Kremlin diktəsindən qurtulmaq üçün Azərbaycan ermənilərlə dil tapmalıdır. Öz həmvətənlərinə sevinclə “ermənilər qayıdır” muştuluğunu verəndə bunu erməniləri sevdiyindən deyil, Azərbaycanı sevdiyindən deyirdi. Lakin erməni məkrindən dəli-divanəyə dönmüş kütlə bu sadə siyasi tənliyi anlamağa qadir deyildi və həmin andaca mafiya nökərləri bu ağıllı sözləri qeyri-mafioz Birinci Katibi camaatın gözündən salmaq üçün istifadə etdilər.
Oxşar mənzərə indi yaranıb. Rusiya Qarabağda 30 min ermənini girov saxlayıb ki, qoşununu oradan çıxarmasın. Bütün dünya, Avropa da, ABŞ da Rusiyanın bu mövqeyini alqışlayır və müdafiə edir. Çünki Azərbaycanın rəsmi və qeyri-rəsmi KİV-lərinə baxdıqda, barış meylləri sezilmir. Belə şəraitdə Azərbaycan hətta 2025-ci ildə Rusiyaya “bölgəni tərk et” deyə bilməyəcək, desə belə, Rusiya qoşununu çəkməyəcək.
Beyni qaynayan vətənpərvərlərə sualım var: Azərbaycan bu zaman nə edə biləcək? Rusiya Federasiyası ilə müharibəyə başlamaqmı?
İndi Azərbaycan sülhməramlıları nə deyir? Bədbəxt Vəzirovun dediyini. Deyirlər ki, rusun çıxmasını istəyiriksə, Qarabağ erməniləri ilə də, Yerevan erməiləri ilə də dil tapmaq labüddür. İllah ki, erməni xalqı da 44 günlük müharibədən sonra, başı daşlara dəyəndən sonra, rus caynağından xilas olmağı arzulayır.
Lakin nə onları, nə bizi rus qoymur.
Ermənistanda bir siyasi zümrə var ki, çörəyi türkə düşmənçilikdən çıxır, gecə-gündüz xalqı “türk qulyabanısı” ilə qorxuzur.
Xoşbəxtlikdən 44 günlük müalicədən sonra belə dələduzlara inananların sayı 100%-dən 25%-ə qədər düşüb. 75% sülhə hazır Paşinyana inanır.
Bəs Azərbaycanda? Bizim KİV-ə və hakimiyyətin siyasətinə baxsaq görərik ki, müharibə sanki hələ də davam edir. 10.11.2020 tarixli Üçtərəfli Bəyannamə sanki yoxdur, Ali Baş Komandan rolu İlham Əliyevin xoşuna çox gəlib.
Çox gözəl, çox pakizə. Qürrələnin, fəxriyyə və mədhiyyə janrları Qədim Şərqin ənənəvi ədəbi janrlarıdır.
Lakin bir az gələcəyə baxmaq da xeyir gətirə bilər.
Bir tankın pulunu buraxın Qərbin sülməramlı təşkilatına. O da cəlb eləsin Yerevan, Bakı və Xankəndi vətəndaş cəmiyyətlərini, oturub dərdlərini, istəklərini bölüşsünlər. Əminəm ki, bütün insanlar barış və əmin-amanlıq istəyir, o cümlədən ermənilər və azərbaycanlılar. Qoy əvvəl bir damla, sonra iki damla barış suyu süzsün ermənilərin və azərbaycanlıların qəlbinə. Əminəm ki, sonradan dama-dama göl olacaq. Demirəm 2025-ci ildə, lakin 100% 2030-cu ildə tək Azərbaycan deyil, həm də Ermənistan deyəcək ki, “həvəsdir-bəsdir, əziz qonaq, getmək dəmidir”.
Vəzirovun vəfatı xəbəri mənə onun bu sözlərini xatırlatdı. Bədbəxtin çox məsləhətini xalq artıq qəbul edib. Kompüteri də, ingilis dilini də öyrənir, qoz olmasa da, badam ağaclarını əkir, coxu hamam tikib, dəxi qoxumur…
Gün gələr, Vəzirovun “ermənilər qayıdır” muştuluğunun da hikmətini qanarıq.
Hətta ola bilsin, gün gələr, ermənilər o mərtəbəyə qalxar ki, sevinə-sevinə “azərbaycanlılar qayıdır” deyərlər…