Şəkidə köhnə qonşulara baş çəkməyə getmişdim. Maraqlı mənzərə var idi. Deməli, uşaqlığım keçən məhlə darısqal tupikdir. Bir maşın zorla gedir, bir az xam sürücü geri qayıdanda maşını dalandan çıxara bilmir. Həyətlər də darısqaldır. Eni 20 metr, uzunu 40-50 metr olan həyətlər və onların içində bir-birinə söykənən, bəzən bir dam altında olan evlər düzülüb.
Əvvəllər bu həyətlər daha böyük olub, amma insanlar artdıqca bir atanın həyəti 2 qardaş arasında bölünüb. Atanın ümumi həyərini bölərkən, qardaşlar və onların ailələri adətən dalaşıblar. Uşaqlığımda üzbəüzdəki qonşuda 2 qardaşın bir-birini lomla döyməsinin qışqırığı hələ də yadımdadır. Elə mənim öz babam da qardaşı ilə illərlə 40 sm torpağa görə küsülü qalıb. Bu proses sakit şəkildə indi də davam edir.
Amma bir fərq var. Əvvəllər birdən çox oğlu olmayanın həyəti bütöv qalırdı. İndi isə hər kəsin həyəti kiçilir. Çünki bütöv həyətlərin də yarısını satırlar. Dağın döşündə, ucu-bucağı görünməyən meşələrin yanında insanların bir hissəsi həyət evində, demək olar ki, həyətsiz qalıblar. Atanın atasınn atasının vaxtında böyük bütöv həyət olmuş torpaqlar oğullar arasında bölünə-bölünə və ya yarısı satıla-satıla evin altındakı torpaqdan başqa bir şeyi qalmayan həyətlərə dönüb.
Hələ də bölürlər. Ağacları kəsirlər, yarımtikililəri sökürlər, tualetləri evə köçürürlər və ailənin böyük oğluna ev tikmək üçün yer açırlar. Onun övladlarına yer hardan tapılacaq, bunu düşünə bilmirlər. Çünki düşünsələr də, bir tərəfə çıxa bilməyəcəklər. Oralarda qızı olan gizlincə sevinir. Çünki qız həyətdən “yemir”.
Həyətlər böündükcə həyatlar da bölünür. Yadlıq artır. Çünki həyətlər adətən santimetr söhbətinə görə dava ilə bölünür. Santimetr söhbəti də təbii yaranır. Çünki indi gənc ailə olanlar öz balaca, torpaqsız həyətlərini bölməli olacaqlar. Oralarda “hər kəs öz votçinasını qoruyur”. Nəinki dövlət, heç şəhər, məhəllə fikirləşməyə də vaxt yoxdur. Vətən həyətdən ibarətdir – hər nəsildə bölünən, kiçilən, uğrunda qardaşın lomla döyüldüyü həyətdən. Hər kəs özünə qapanıb, balaca, bapbalaca həyətini qoruyur, ordan nəsə gəlir götürməyə, sözün həqiqi mənasında sürünməyə çalışır.
Şəkinin özündə də oldum bu gəlişimdə, kəndlərində də. Vəziyyət Şəkidə daha dəhşətlidir. Kəndlərdə uzaqbaşı səhranın, meşənin ortasında ev tikib yeni binə yaradırlar. Şəhər isə balacadır, bahadır. Kəndlərdə həyətyanı sahədən, pay torpağından nəsə qazanıb birtəhər dolanırlar. Şəki isə nə şəhər kimi şəhərdir, çünki zavodu, fabriki, iş yerləri, infrastrukturu yoxdur. Nə də kənd kimi kənd, çünki əkin sahəsi, kənd təsərrüfatı yoxdur. Şəkidə, başqa rayonlarda olduğu kimi, hesab edirlər ki, dövlətin ən çox diqqətdən kənar qoyduğu rayon onlarınkıdır. Sabaha heç bir ümidləri, gözləntiləri yoxmuş kimi görsənirlər.
Bir yaşlı kişinin dediyi kimi, “bizi elə vəziyyətə qoyublar ki, bütün vaxtımız bir tikə çörəyimizi qazanmağa xərclənsin. Başımızı qaldırıb çörəkdən, qarından başqa nə isə haqqında düşünməyə nə vaxtımız olsun, nə imkanımız.”
Bilmirəm, bu, nə qədər davam edəcək. Amma təxmini demək olar ki, bölünməyə həyəti qalmayanlar üsyan edəcək. Mənə həmişə maraqlı olub ki, dini ənənələrin güclü olmadığı rayonlarda niyə qızlar erkən yaşda özlərindən 10-15 yaş böyük kişilərə ərə gedirlər. Köhnə qonşulardakı bu vəziyyəti görəndə bir səbəbi tapdım, deyə düşünürəm. Həyəti bölüb ev tikmək pul istəyir, pul isə iş, iş tapmaq isə vaxt istəyir. Ona görə də oğlanlar gec evlənirlər. Əvvəllər 28 yaşda evlənənə gecikmiş kimi baxardılar, amma indi bu, normal sayılır. Qızları isə tez başdan eləmək lazımdır ki, bütün maddi imkan bölünmüş həyətdə ev tikməyə yönəldilsin. Ona görə də dini motiv olmadan 15-16 yaşlı qız 30-35 yaşlı oğlana verilir.
Belə… Hara gedirik bilmirik. Harda qırılacaq, onu da bilmirik. Hətta necə qırılacağını da heç bilmirik. Eləcə gedirik. Sürücüsüz, ya da basabasda milyonlarla sərnişin apardığını vecinə almayan sürücüsü olan avtobusda dəli kimi gedirik. Hər kəs avtobusda tutduğu yeri övladları arasında bölür. Bir gün yer qurtaracaq, vətən qurtaracaq və onda itirməyə heç nəyi qalmayanların reaksiyası maraqlı olacaq.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.