Vətəndə vətənsiz olanlar

Frau Şpigelin 74 yaşı var

Source:
Şərti foto
Şərti foto

Frau Şpigelin 74 yaşı var. Buna baxmayaraq, gözləri işıqlı, saçları gur, dişləri isə sədəf kimidir. O, həmişə şux və gülərüzdür. Hər üç aydan bir hansısa xarici ölkəyə səyahətə çıxır. Onu kiməsə bənzədirəm, amma heç cür yadıma sala bilmirəm, kimə. Onunla eyni şəhərdə yaşayırıq, mənə alman dilindən altı həftə dərs deyib. O da bu kursda başqa müəllimlər kimi gəlmələrə ilkin alman dili öyrətmək üçün təmmənasız işləyir. Mən artıq bu kursları bitirmişəm. Odur ki, indi sevimli müəllimimlə lap az-az görüşürük. Onunla söhbətimiz yaxşı tutur. Mövzularımız müxtəlif olsa da, həmişə taleyüklüdür. Frau Şpigel də mənim kimi çox danışandı.

Amma mən onun söhbətlərindən yorulmuram. Gah müharibədə əsir düşən boyu iki metrdən hündür olan babası Helmutdan, gah ilk sevgisi mavigöz Edqardan, gah da xərçəngdən ölmüş əri Martinlə ilk tanışlıqlarından danışıb xatirələri xatirələrə calayır. Mən isə hər söhbəti sanki bir hekayət olan bu qadının danışdıqlarını tələbə kimi diqqətlə dinləyir, həyatındakı personajların xasiyyət və rəngarəngliyini öyrənir, gələcək yazılarım üçün qeydlər aparıram.

Yeni il axşamına iki gün qalmış onunla şəhər mərkəzində rastaşdıq. Bir-iki günə bizə gələcəkmiş. Hər bayramda baş çəkir. Bayramını təbrik edib ona bir az Azərbaycanda yeni ili necə qarşıladığımızdan danışdım. O da hər zamankı kimi xatirələrinə söz verdi. Qarşımızdakı binanı göstərib dedi ki, burada ən qədim bina budur:

“Buradakı başqa qədim binalardan fərqli olaraq bu bina 18-19 yox, 1-ci əsrin sonuna aiddir. Nənəm Mariya bax bu binaya gəlin köçüb. O arxasındakı isə, köhnə kitabxana binasıdır. Biz Martinlə o kitabxanada tanış olmuşuq. O zaman hər ikimiz Herman Hesse və Tomas Mannın əsərlərinə yoluxmuşduq. Cavan idik, hər şeyi öyrənib bilmək istəyirdik. Çoxlu gəzirdik, çoxlu oxuyurduq. Kitabxananın önündəki kafedən Martin xəstəxanaya düşənə qədər hər həftosunu mənə düz beş dənə dondurma alıb evə gətirərdi. Mənə ad qoymuşdu – balaca qarınqulu”.

Gülürük. Üzü Klosterştrasseyə tərəf yol alırıq. Avtobus dayanacağını göstərir: “Buranın adı Qızılı döngədir. Bax, o fəvvarənin yanındakı uca ağacın altındakı skamyada Martin məni ilk dəfə öpmüşdü”. Gözləri dolsa da, heç nə olmamış kimi söhbətinə davam edir:

“Buz meydançasının arxasındakı çörək dükanı artıq dörd nəsildir ki, eyni ailəyə məxsusdur. Uzun illər öncə bu dükanı indiki sahibin ulu babası açıb, bu gün isə, o, həmin işi elə əcdadları kimi böyük həvəslə davam etdirir. Şəhərin ən dadlı çörək və bulkaları həmişə burada olur. Uşaq vaxtı anam mənə pul verən kimi qaçıb oradan kişmişli bulka alardım. Qar yağanda xizəklə o dükanın qabağından düz katolik kilsəyə qədər sürüşərdik. O kilsə çox qədimidir, 1890-cı ildə tikilib. Anam da mən də o kilsədə xaç suyuna salınmışıq, Martinlə nikahımız da elə o kilsədə olub. Arxada olan o parkda uşaqlıqda atamla o qədər velosiped sürmüşük ki”.

Bu dəfə kövrəldiyini gizlətmək məqsədilə söhbəti dəyişib mənə dondurma təklif edir. Mən isə qışda dondurmanı o qədər də sevmədiyimdən təklifi qəbul etmirəm. Parıltılı kövrəlmiş gözlərilə mənə baxıb deyir ki, bilirsən, bir insanın vətəni haradan başlayır? Vətən insanın doğulub böyüdüyü yerlərdən, bu yerlərdə yaşadığı ilk təəssuratlardan başlayır:

“Uşaqlığın və gəncliyin keçən yerlər, həmin yerlərlə bağlı xatirələr. Vətən buradır. Bax bu bina, bu küçə, bu kitabxana, Martin mənə dondurma aldığı kafe, bu döngə, Martinlə öpüşdüyümüz skamya, çörək dükanı, bizim qədim kilsə, parkımız. Axı burada hər daş, hər ağac mənə doğmadır. Bax, əzizim, mənim üçün vətən elə buracadır. Amma bütün bunlardan savayı insanın içində də bir vətəni var. Bütün bu xatirələrin saxlandığı xatirələr vətəni. İnsanın içində bu vətən olduqca, insan çox xoşbəxtdir. Vay o gündən ki, insanın içində bu vətən olmasın.

Onda insan da yarıcan kimi bir şey olar. Xoşbəxt olmaz. Əriyər, solar”. Bir az da söhbət edib sağollaşırıq. O, öz velosipedinə minib gözdən itir.

Mən isə üzü tanımadığım istiqamətə gedərək harasa tələsirəm, amma əslində, hələ də onun dediyi sözlərin içində azıb qalmışam. Gedən ancaq ayaqlarımdır. Birdən yadıma düşür ki, mən Frau Şpigeli həyətimizdəki ədəbiyyat müəllimi Şəfiqə xanıma bənzədirəm. Onların üz cizgiləri çox oxşardır. Amma Şəfiqə xanımın gözləri Frau Şpigelinki kimi işıqlı yox, sönükdür, saçları və dişləri tökülüb, Şəfiqə xanım ağır şəkərdir. Onun maaşı nəinki xaricə səyahətə getməyə, heç bu ayın çörək pulunu gələn aya çatdırmağa belə imkan vermir. Həyətdəki demək olar bütün dükanlara borcu var. Dərman pulunu isə ona oğlunun dostları yığıb gətirir. Oğlu siyasi aktivistliyinə görə həbs edilib. Onu polisə müqavimət göstərmək adı ilə saxta ittihamlarla şərləyərək həbs ediblər. Buna dözməyərək ərinin ürəyi partlayıb. Onun gəlin köçdüyü arxitektur binanı, günün günorta çağı sakinlər evlərində ola-ola söküblər, uşaq vaxtı getdiyi kitabxana artıq uzun illərdir ki, şadlıq sarayı kimi fəaliyyət göstərir.

Dayanacaqlarındakı bütün uca ağacları kəsib obyektlər tikiblər. Şəfiqə xanımın həyətindəki çörək dükanı illərdir ki, bağlanıb. Həmin çörək dükanları şəbəkəsinin sahibi isə artıq 20 ilə yaxındır hökumət mafiyalarının təzyiqlərinə dözməyərək özünü asıb. Onların köhnə məhəllələrindəki məscid də bizim şəhərin kilsəsi kimi qədimidir. Amma bu il dindar sakinlərin etirazına baxmayaraq bağlandı və tezliklə gecə ilə söküldü. Atasının onu gəzdirdiyi yaşıl park çoxdan yoxa çıxıb. İndi onun yerində, tək-tük ağacı olan, döşəməsi mərmərli, önü heykəlli bir park var. İndi onun xatirələrinin ünvanı olan gəlin köçdüyü qədimi binası, mütaliəsini borclu olduğu kitabxanası, ağaclı dayanacağı, çörəklərinin dadı dillər əzbəri olan çörək dükanı, babasının namaz qıldığı məsçidi, atasının onu uşaq vaxtı gəzdirdiyi parkı yoxdur. İndi onun hər daşını, ağacını əlindən alıblar. İndi onun üçün müqəddəs, doğma bir künc belə saxlamayıblar. Bu gün Şəfiqə xanım, öz vətənində vətənsizdir. Onun xatirələri ünvansız ruhlar kimi səmada üçuşur, lakin bir rahatlıq tapmağa, qonmağa yer tapmır. Bu gün Şəfiqə xanımın vətənini əlindən alıblar. O, yarımcan kimidir. O, xoşbəxt deyil. O, əriyir, solur.

Mən harasa tələsirdim, amma varlığım hələ də onun sözlərinin içində azıb qalmışdı. Gedən ancaq ayaqlarım idi. Bunları düşünə-düşünə gedirdim. Məni başa düşəcək bir kəsə Azərbaycanımın bugünkü dərdini, Şəfiqə xanımın timsalında bütün azərbaycanlıların ağrısını hönkür-hönkür ağlamağa gedirdim.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəVətəndə vətənsiz olanlar