“Problemli kreditlərin həcmi arta bilər”
“Dolların manata nisbətən həm rəsmi, həm də bazar məzənnəsinin yüksəlməsi xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür. Bu, eyni zamanda, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır”, – iqtisadçı Vüqar Bayramov “facebook” səhifəsində belə yazıb.
İqtisadçı problemli kreditlərin həcminin artmaması üçün çıxış yolları təklif edir. Deyir, ABŞ-dakı kimi belə kreditlər və aktivlər dövlət tərəfindən alınaraq sağlamlaşdırıla bilər:
“Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqəladə Akt və Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. Proqrama 426 milyard dollar xərcləndi. Məqsədi problemli aktivlərin satın alınması və sağlamlaşdırılması idi. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu”.
“Azərbaycanda Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının qəbulu vacibdir”
Vüqar Bayramov, bu baxımdan Azərbaycanda Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsini vacib sayır: “Bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür. Nəticədə, ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyli dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər”.