Vətəndaşları aldadan şəxs azadlıqdadır… (VİDEO)



Bizim zərərimiz ödənməsə də Sumqayıt Apellyasiya Məhkəməsi onun barəsində bəraət hökmü verib”

“2005-ci ildə bizə torpaq lazım idi. Ona görə də özünü Mehdiabad bələdiyyəsinin işçisi kimi təqdim edən Qədəm Tarverdiyevanın evinə getdik. Ona inandıq təklif etdiyi torpağı aldıq. Bunun müqabilində də 10 min dollar pul ödədik. Savadım yox, sübutum yox, inanın zülümlə, fəhləliklə qazanıram. Di gəl, bugünkü gündə nə oralıqda torpaq var, nə də pul… Ya torpağımı geri qaytarsınlar, ya da pulumu versinlər”, – deyir Nurxanım Bayramova.

Nurxanım Bayramova 2005-ci ildə özünü ona Mehdiabad bələdiyyəsinin işçisi kimi tanıdan Qədəm Tarverdiyeva tərəfindən aldadıldığını deyir. 10 min dollar pul ödəyərək torpaq alsa da, sonradan sənədlərinin saxta olduğu aşkara çıxıb.

Zümrüd Cəlilova da zərərçəkmişdir. Deyir 2005-ci ildə Mehdiabad bələdiyyəsinə torpaq üçün müraciət edib. Onun da qarşısına Qədəm Tarverdiyeva çıxıb. Ailəyə həm torpaq, həm də ev satıb. Sonradan məlum olub ki, evin başqa sahibi var:

“Dedi mən Mehdiabad bələdiyyəsinin işçisiyəm. Torpaq işinə də mən baxıram. Biz də onunla razılaşdıq. Getdik baxdıq, bir torpaq, bir də ev aldıq. İksinə də birgə 31 min dollar verdik. Sonradan məlum oldu ki, torpağın sənədi saxtadır, evin də başqa sahibi var. Evə küpçə də vermişdi. Sonradan məlum oldu ki, o da saxtadır. 2009-cu ilə qədər heç nə bilmədən həmin evdə yaşadıq. Bir gün evə məhkəmədən sənəd gəldi ki, bəs yaşadığımız ev Rəna Bayramova adlı bir xanıma məxsusdur. Məhkəmə yolu ilə xanım evini uddu. Beləcə məhkəmə icraçıları bizi bayıra atdı. Getdim Qədəmin yanına ki, evimi ver. Dedi get vur başını yar. Əlimizdən heç nə gəlmədi”.

Zümrüd Cəlilova deyir ki, o gündən bəri müraciət etmədikləri yer qalmayıb. Ancaq ortada nə ev var, nə də ki pul:

“O gündən bu günə döymədiyimiz qapı qalmayıb. Cənab nazir Ramil Usubovun qəbulunda da olduq. Qədəm Tarverdiyevanın barəsində cinayət işi açıldı. İstintaq müddəti məlum oldu ki, məndən əlavə, bu qadından 27 nəfər şikayət edib. İstintaq zamanı onun dələduzluq əməli sübut olundu. İş gəldi Bakı Ağır Cinayətlərə Dair məhkəməyə. Prokuror qadına 13 il iş istədi. Hakim dəyən zərərlərə görə ödənən bəzi kompensasiyaları nəzərə alaraq ona 9 il iş verdi. Bundan sonra bu qadın Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdi. Məhkəmə ona bəraət verdi. Qalan zərərçəkmişlərin də zərəri ödənmədi”.

Qədəm Tarverdiyevanın indi harada yaşadığı məlum deyil. Həbsdən azad olunduqdan sonra əlaqə telefonlarını dəyişdirdiyi güman edilir. Çünki şikayətçilərdə olan əlaqə nömrələrinin heç birinə zəng çatmır. Meydan TV Sumqayıt Apellyasiya Məhkəməsindən də onunla bağlı məlumat ala bilmədi.

Zümrüd Cəlilova zərərçəkmişlərin pulunun geri qaytarılmadığı təqdirdə Qədəm Tarverdiyevanın azad olunmasını anlaya bilmir.

“Bizim zərərimiz ödənməyib. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsi onun barəsində bəraət hökmü verib. Bu nə cür ədalətdir?”.

Ana səhifəVideoVətəndaşları aldadan şəxs azadlıqdadır… (VİDEO)