”Vətəndaşlar hələ nəyin əllərindən alındığını anlamırlar”

“İkinci növbədən çıxanda saat 22:00 olur. Bura gəlib çatana kimi isə 23:30 olur. Buralar bir az vahiməlidir , qorxuludur”.

Bu saat Gülnaz Məmmədlinin işdən ən tez çıxdığı vaxtdı. Adi günlər səhərdən-axşama çalışır ki, oğluna və özünə bir gələcək qura bilsin. Amma bu elə də asan görünmür.

“300 manat maaş alıram. Hələ oğluma pul göndərə bilməmişəm”.

O, tənha anadır. 5 yaşlı oğlunun ehtiyaclarını təkbaşına qarşılaya bilmir deyə məhkəmədə alimentlə bağlı iddia qaldırıb. Məhkəməni qazansa da, övladı üçün kəsilən alimenti hələ ala bilməyib.

Minlərlə vətəndaş kimi Gülnaz Məmmədlinin də məhkəmə işini vəkil yox, nümayəndə aparırdı.

Bu sahənin biliciləri hesab edir ki, vətəndaş nümayəndəsiz, nümayəndə işsiz qalacaq.

Noyabrın 7-də ölkə başçısı İlham Əliyev “Nümayəndəlik haqqında qanuna” dəyişiklikləri təsdiqləyib. Bundan sonra məhkəmələrdə Vəkillər Kollegiyasına üzv olmayan şəxslər vətəndaşları müdafiə edə bilməyəcək. Vəkillə müqavilə bağlamağa imkanı çatmayan vətəndaşlar məhkəmə salonlarında təkbaşına müdafiələrini aparacaqlar.

Çörəkpulunu güclə çatdıran Gülnaz Məmmədli kimi.

Statistikaya görə 10 milyon əhaliyə cəmi 900 vəkil düşür. Bölgələrdəki 7 milyondan çox əhalini isə 235 nəfər müdafiə edəcək.

Azərbaycan Avropa Şurası ölkələri arasında hər 100 min nəfərə düşən vəkillərin sayına görə sonuncu yerdədir.

Hüquqşünas hesab edir ki, vəkillik monopoliyaya alınandan sonra vəkillərlə bağlanmış müqavilənin də qiyməti qalxacaq.

Qanuna etiraz edənlərlə yanaşı ona dəstək çıxanlar da var. 4 ildən artıqdır Vəkillər Kollegiyanın üzvü olan Asif Abdullayev hesab edir ki, məhkəmədə təmsilçilik hüquqi çərçivəyə salınmalıdır.

“Vəkillərin sayı artmasa, işin həcmi artacaq. Amma işlər düzgün planlaşdırılsa, öhdəsindən gəlmək olar”.

Praktik Hüquqşünaslar Qrupu nümayəndəliyin ləğvi ilə bağlı etiraz aksiyası keçirməyi plansa da, Bakı Şəhər İcra Hakimiyyəti mitinq keçirməyə icazə vermədi. İki gün öncə Baş prokurorun birinci müavini Rüstəm Usubov isə 4 vəkil barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərdi.

Müraciətdə Nemət Kərimli, Əsabəli Mustafayev, Aqil Layiç və Fəxrəddin Mehdiyevin adı var. Bu vəkillər beynəlxalq təşkilatların siyasi məhbus hesab edilən şəxslərin müdafiəçisidir.

Beynəlxalq təşkilatlar da bu qanuna etiraz ediblər.

“Təməl insan haqları və azadlıqlarının tez-tez pozulduğu və siyasi məhbusların sayının artmaqda olduğu bir ölkədə belə düzəlişlərin qəbulu geriyə doğru addım sayıla bilər”.

Hüquqşünaslar Rusiya modelini misal çəkir. Orada qanun məhdudlaşdırılanda, hüquqşünaslara vaxt verildi ki, vəkil ola bilsinlər, pulsuz fəaliyyət göstərən QHT-lərə də imkan tanınır ki, onlar işlərini davam etsinlər.

Qanuna edilən dəyişikliklər yanvarın 1-dən qüvvəyə minir. Tənha ana bundan sonra vəkilə üz tutmalıdır. Ancaq vəkilə edəcəyi ödənişi elə bir aylıq alimentə bərabərdir.

Ana səhifəVideo”Vətəndaşlar hələ nəyin əllərindən alındığını anlamırlar”