Şirkət üzr istəyib
“Azərbaycan Hava Yolları” QSC (AZAL) sosial şəbəkələrdə vətəndaşın şəxsiyyət vəsiqəsini yayaraq lağa qoyan 3 işçisini mayın 26-da vəzifəsindən azad edib və üzr istəyib.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, mayın 26-da “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb.
“Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq, ciddi səhvə yol veriblər. Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunublar”.
AZAL baş verənlərlə bağlı sərnişindən və cəmiyyətdən üzr istəyib.
Bir neçə gün əvvəl “Facebook” sosial şəbəkəsindəki profilində işlədiyi yeri “AZAL” kimi qeyd edən Nazilə Muradova vətəndaşın ID kartını paylaşıb, onu lağa qoyub.
Paylaşım sosial şəbəkədə etirazla qarşılaşıb.
İstifadəçilər bildirib ki, ölkənin vətəndaşı olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə öz şəxsi məlumatlarını etibar edə bilməyəcək:
“Sabah hansısa məlumatımız xoşlarına gəlməz, bizim də məlumatlarımızı paylaşıb lağa qoya bilərlər? Bu açıq şəkildə transfobik paylaşımdır”.