Özünü yandıran şəxsin 165 min borcu varmış
“Əvvəl ayda 1800 verirdi, devalvasiyadan sonra 4 min oldu”
“Bank Respublika”nın qarşısında özünü yandıran Ramiz Manafovun banka 165 min manat borcu varmış. Bu barədə Meydan TV əməkdaşı ilə söhbəti zamanı onun qohumları bildirib:
“Ümumi 165 min manat borcu var idi. Krediti dollarla götürmüşdü, sonradan çevirib manat elədilər. Əvvəl ayda 1800 verirdi, devalvasiyadan sonra 4 min oldu. Ümumi borcun 40 minini verib bitirmişdi ki, yenidən devalvasiya oldu. Hesabladılar ki, borcu yenə qalxıb kəllə-çarxa”.
Qohumları Ramiz Manafovun qızıl alveri ilə məşğul olduğunu deyirlər. Elə krediti də ona görə götürüb, amma müflis olub:
“Axır vaxtlar borcunu ödəyə bilmirdi. Hər şeyi çıxdı əlindən. Bundan sonra da borcunu ödəyə bilmədi. Qaldı çarəsiz, pis vəziyyətə. Sonunda da belə bir şey etdi”.
***
“III-IV dərəcəli yanıqlardır, ölüm təhlükəsi var”
Mayın 24-də Ramiz Manafov adlı şəxs özünü borclu olduğu bankın qarşısında yandırıb. O, 5 saylı Kliniki Xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
“Vəziyyəti ağırdır. Baş, boyun, üz hissəsi və tənəffüs yollarında yanıqlar çoxdur. III-IV dərəcəli yanıqlardır, hətta ölüm təhlükəsi belə var”, – deyə Kliniki Xəstəxanadan bildirilib.
Şahidlərin deməsinə görə, həmin şəxs mayın 24-ü səhər saatlarında “Bank Respublika”nın “Azneft dairəsi”ndəki filialı önündə özünü yandırıb. Banka gələrkən onun əlində sellofan paket olub.
“Yeni Müsavat” qəzetinin xəbərinə görə, o, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Xəbərdə bildirilir ki, mübahisəyə müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağı hədəsi ilə üzləşməsi səbəb olub.
Daha sonra bankın qarşısına çıxan şəxs gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla özünü yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşları yanğınsöndürən balonla alovu söndürüblər.
Məsələ ilə bağlı “Bank Respublika”dan münasibət almaq mümkün olmayıb. Bankın mərkəzi ofisindən gün ərzində açıqlama verəcəklərini deyiblər.