Vətəndaş necə “ictimai polis” oldu…

Qavroş yox, Pavlik Morozov olmaq istəyənlər…

Source:

Hələ bu “ictimai polis” məsələsi ortaya çıxmamış, yaxın bir dostla görüşüb, söhbət edirdik. Qardaş üç ilə yaxındır, dövlətin güc nazirliklərindən birində, orta təbəqəli məmurdur. Qısası, hökumətin qulluğundadır.

Deməli, bu yoldaş nəql etdi ki, hər gün işdə kabinetinin qapısı arxasında ortabab tıxac olur. Qapı önündə toplaşan insanların çoxusu sənəd, kağız, arayış üçün gəlirsə, qalanları otağa keçib “işverən” olmaq istədiklərini söyləyirlər. Kişi, qadın, cavan, qoca otağa keçib deyirlər ki, pul ver “torba tikim”, pul ver üzə durum, pul ver satqınlıq edim, pul ver “işverən” olum.

Təəccüb edib, soruşdum:

– Onları kimsə bunu deməyə vadar edir?

Qardaş dedi:

– Yox, nə danışırsan? Heç onları tanıyan yoxdur. Sadəcə gəlib deyirlər ki, pulumuzu verin, əvəzində nə deyirsiniz, əlimizdən gəlir. Özü də bir deyil, iki deyil, əməlli-başlı “işverən” sırası yığılır.

Adətən bina evlərində, hər həyətin öz “ictimai polis”-i olur. Bina evində yaşayan oxucular bunu yaxşı bilər. Özü də nədənsə, bu insan əksər hallarda binanın birinci mərtəbəsində yaşayır. Bütün günü pəncərə qarşısında oturub, sübh ertədən düz axşama qədər məhəllə camaatını güdür. Kim gəldi, nə gətirdi, hara apardı, kimlə getdi? Bu qonşunun bir nömrəli vəzifəsi, həyat məsuliyyəti, ömrünün mənası, yaşayışının anlamı – işverənlikdir.

Peşmansan, evi təmir etməyə. Usta gəlməmiş, evə sahə rəisi gəlir. Ardınca KİX-nin nümayəndəsi. Soruşursan, məlumat haradan gəlib, ikisi də bir ağızdan deyirlər ki, filan adamdan. Sənin işverən qonşundan…

Həmin işverən sakindən hamı çəkinir. Hələ bəzi qonşular, bu işverənə hörmətlə, ədəb-ərkanla “salam-sağol” edirlər. İşverən qonşu da yeri gəldi, gəlmədi, hamını polislə hədələyir: “Balkonumun altında durmayın, səs salmayın, danışmayın, siqaret çəkməyin, sizi tutduraram! Başıma su axıtmayın, eyvandan paltar asmayın, sizi polisə verərəm!”…

Camaatımız da başın aşağı salıb, onu yola verir. Övlada, dosta, yoldaşa deyirlər ki, fikir verməyin, xata adamdır, şərdir, mərdimazardır, polisə işləyir.

Bu günlərdə məlum oldu ki, artıq vətəndaşlarımız leqal olaraq polisə ictimai asayişin qorunmasında yardımçı olacaqlar. Lazım olsa, mükafat da alacaqlar.

Əslində bu cür siyasi gedişlər, “ictimai polis” anlamı bineyi-qədimdən mövcud olub. Azərbaycan bu məsələdə nə birinci, nə də sonuncudur. Totalitar, avtoritar ölkələrdə bu gedişlər vacibdir. Çünki, dəyənəyin gücünə idarə olunan ölkələrdə, zaman-zaman dəyənəyi tutan əl yorulduğu təqdirdə, dəyişilməlidir. Ölkədə “dəyənək kultu” olmalıdır. Dəyənəyə əllər uzanmalıdır. Dəyənəyə ibadət olunmalıdır.

Bəs cəmiyyət bundan xeyir görəcəkmi? Bu, ayrı mövzudur. Gəlin, qısaca tarixə nəzər salaq.

Çar Rusiyası dövründə “oxranka” adlı gizli qurum var idi. Stalin özü bu qurumun üzvü olmuşdu. Təkcə Birinci Dünya müharibəsi dövründə “oxranka”-nın 70.000-dən çox gizli əməkdaşı var idi. Gün ərzində, 100-200 gizli əməkdaş Rusiyanın ayrı-ayrı şəhərlərinə axışaraq, işə başlayırdı. Bu işverənlər kütləsi cavan, yaşı otuzdan aşağı, görünüşü gözə çarpmayan insanlardan təşkil olunmuşdu.

Onların arasında müxtəlif peşə sahibləri var idi. Qəssab, ayaqqabı ustası, küçə süpürən, ofisiant, çilingər, bazarda alverçi, poçtalyon, faytonçu, dilənçi, qəzet satan. Çar polisi bu insanların yardımı ilə inqilabçılara qarşı daha amansız, sərt mübarizə aparmaq istəyirdi. Dəyərli xəbər, informasiya verənlərə isə Çar polisi 10-15 rubl mükafat verirdi. Müharibənin sonuna gizli işverənlərin sayı 100.000 keçsə də, bu Rusiya imperiyasını oktyabr inqilabından qoruya bilmədi.

Bolşeviklərin dönəmində isə “oxranka”-nın gizli informatorlarını, NKVD (KQB)-nin seksotları əvəzlədi. Ölkəni total seksotizm dumanı bürüdü. Seksot (секретный сотрудник) gizli əməkdaş demək idi.

Çar Rusiyasının işverənlərindən, demək olar ki, fərqlənmirdilər. KGB-nin tərkibində informatorların, seksotların sayı haqqında dəqiq məlumatım yoxdur. Amma “donos” yazmaq ideologiyasını cəmiyyətə yeritdikdən sonra, nələr baş verdiyini, nəticənin nə olduğunu çoxlarınız bilirsiniz. Stalin, Beriya repressiyaları dövründə, məhz həmin “donos”-lardan, informatorlardan, işverənlərdən gen-bol istifadə olundu. Milyonlarla insan, yazıçı, rəssam, musiqiçi, alim, elm adamı sürgün olundu, güllələndi.

Talelər dağıldı. Evlər yıxıldı. Ailələr məhv oldu.

Bolşeviklər seksot olmağı, işverənliyi kütləyə, beyinlərə yeridirdilər. Bunun üçün əllərində olan bütün imkanlardan istifadə edirdilər. “Donos” yazmaq, qonşunu, dostu, yaxını, hətta ata-ananı satmaq kütləviləşirdi, dəstəklənirdi, gurultulu alqışlanırdı. İşverənliyin reklam və təbliğ olunmasında, kino, ədəbiyyat, teatr müstəsna rol oynayırdı.

Məsələn, Stalinin ən çox bəyəndiyi iki pyesdən biri MXAT-ın səhnəsində qoyulmuş “Lyubov Yarovaya” idi. Pyesdə hadisələr Krımda, vətəndaş müharibəsi zamanı cərəyan edir. Yerli müəllimə Lyubov Yarovaya, şəhəri mühasirəyə almaq istəyən ağların arasında, komissar formasındakı ərini tanıyır. Onları bir neçə il qabaq Birinci Dünya Müharibəsi didərgin salmışdı.

Buna baxmayaraq, müəllimə öz ərini qırmızılara təhvil verir. Vaxtında lazımi informasiyanı qırmızılara çatdırıb, ərini satır. Beləliklə, ağların xain planını alt-üst edir. Sonda müəllimənin komissar ərini, qırmızılar güllələyir. Bu pyes ötən əsrin 80-ci illərinədək, Sovet məktəb ədəbiyyatı dərsliklərində yer alırdı.

Bolşeviklərin daha bir əbədiləşmiş gənc qəhrəmanı, ünlü pioner, məşhur məktəbli “donos”çu, Moskvada iki abidəsi qoyulmuş, şəninə mahnılar, şeirlər, pyeslər yazılmış, adına küçələr, kəndlər olan Pavlik Morozovdur. Bolşeviklərin zəhərli komunist ideologiyası, propaqandası sayəsində, Sibirli məktəbli Pavlik Morozov xalq qəhrəmanına, el oğluna çevrilmişdir.

Canı, qanı bahasına, totalitar ölkə, qırmızı rejim uğrunda ölməyə düşünmədən razı olan Pavlik kultu yaradılıb.

Pavlik Morozovun atası, kənd sovetinin sədri idi. Qoluzorlu kəndxudalarla dostluq edirdi, onların malını vergidən gizlədirdi. Kişi işdən çıxandan sonra pulunu alıb, əvəzində sürgün olunmuşlara saxta arayış düzəldərək, qaçmağa köməklik göstərirmiş. Pavlik Morozov, on iki yaşlı kənd məktəblisi, atasını, həmin keçmiş kənd sovetinin sədrini ifşa edir. Onu bolşeviklərə satır. Pavlikin atası on illik sürgünə göndərilir.

Sonda Pavlik və qardaşı meşədə göbələk yığarkən, naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülür. Beləliklə, Pavlik Morozov bütü yaradılır. Artıq “donos” yazmaq, satqınlıq, işverənlik alqışlanır, dəstəklənir. İdeologiya maşını uzun illər sonra miliyonlarla uşağın qibtə edəcəyi, həsəd aparacağı, qorxmazlıq allahı sandıqları, bənzəmək istədikləri ata satqını, Pavlik Morozov zirvəsi yaradır.

İkinci Dünya Müharibəsinin əvvəlində Hitler Almaniyasında Himler təklif edir ki, qanun qəbul olunsun və Reyx camaatı, məcburi olaraq bütün şübhəli insanlar, situasiyalar haqqında lazımi idarələrə dərhal bildiriş versinlər. Nasist hakimiyyəti bu qanundan imtina edir. Çünki o zaman nasist hökumətinin işverənlərə neqativ yanaşması, sırf ideoloji xarakter daşıyırdı. Nasional-sosializm ideologiyasının bünovrəsi, “Bir fürer, bir xalq, bir reyx” üçbucağı üzərində qurulmuşdur. Gizli informatorlar, işverənlər, satqınlar xalq arasında ümumi inamsızlıq, qarşılıqlı şübhə yarada bilərdi. Bu isə alman xalqının arasında nizamsızlıq yaradar, xalqın birliyinə ziyan gətirərdi, daxildən cəmiyyətdə parçalanma yaranardı. Buna baxmayaraq, işverənlərə, “donos”-çulara nifrət yalnız qiyabi idi.

Reallıqda, Hitler Almaniyasında saysız-hesabsız işverənlər, informatorlar, satqınlar, “ictimai polis”lər yetişdirilirdi. Hamı bir-birini satırdı, ər arvadı, qohum qardaşı, qardaş bacını, qonşu qonşunu… Ən çox satılanlar isə, əlbəttə, yəhudilər, polyaklar idi. Alman “gestapo”sunun işverənlərin köməyi sayəsində tutduqları insanlar, adətən pivə içəndə keflənib, kafelərdə Hitler hökumətinə qarşı danışanlar olurdu.

Yazının sonunda balaca haşiyə çıxmaq istəyirəm. Dantenin “İlahi komediya” poemasında təsvir olunan cəhənnəmin sonuncu, doqquzuncu təbəqəsində, məhz satqınlar yerləşdirilmişdi. Bu doqquzuncu çevrə – inanmışları aldadanlardır. Atasına, anasına, qohumuna, qonşusuna kələk gəlmiş, vətənini, Allahını və vicdanını satmış insanlar orada, buzlu gölün içində, Lyusifer tərəfindən didilir, tikələrə bölünür, əbədi əzab çəkirlər.

Əsrlər boyu insanlar dövlətlər qurub. Əsrlər boyu qurulan hakimiyyətlər insanlıq üzərində deyil, satqınlıq, işverənlik adlanan ideloji doktorina əsasında qurulub. Bu doktrinanın gətirdiyi isə kütləvi nihilizimdən, total sinizimdən başqa bir şey olmayıb.

Sonda isə cəmiyyətlər çox vaxt Qavroşlar yerinə, Pavlik Morozovlar yetişdirib.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəVətəndaş necə “ictimai polis” oldu…