Azərbaycan dövləti iqtisadi terminologiya ilə desək, icarə dövlətidir
Demokratik idarəçiliyin yaranması üçün ilk öncə vətəndaş institutunun lazımı səviyyədə inkişafı vacibdir. Vətəndaş dedikdə, siyasi icmanın nümayəndəsi olan və onun idarəçiliyində iştirak edən şəxs nəzərdə tuturam. Vətəndaşın güclü olması bir neçə faktorla bağlıdır. Bir tərəfdən, dövlət və onun qanunvericilyi vətəndaşa imkan verməlidir ki, o, siyasi idarəçilikdə iştirak etsin, yəni siyasi hüquqlarından istifadə etsin. Digər tərəfdən, vətəndaşın özü ictimai (public) münasibətlərdə iştirak etməyə maraqlı olmalı və iştirak etməlidir. Vətəndaş öz dövlətinə qarşı məsuliyyət hiss etməli və ictima münasibətlərə qoşulmalıdır.
Azərbaycanda təkcə hökümətin yürütdüyü siyasət yox, vətəndaşların siyasi proseslərdə iştirakının zəif olması, buna az maraq göstərməsi müxtəlif çevrələrdə daim şikayət edilən problem olub. Azərbaycanda vətəndaşların ictimai proseslərdə iştirakı daha çox seçkiöncəsi və seçki prosesi zamanı olur. Vətəndaşın ictimai proseslərdə bu məhdud formatda iştirakı da, müstəqillik tariximizdən bəri heç zaman arzuolunan səviyyədə olmayıb. Yaxın 15 il ərzində isə Azərbaycanda seçkilər həm yerli, həm də xarici təşkilatlar tərəfindən nəticələrə təsir edən ciddi saxtakarlıqlarla müşahidə olunduğunu göstərir. Bu isə son nəticədə vətəndaşın seçki institutuna olan inamının itməsinə səbəb olub. Azərbaycanda vətəndaşların kütləvi şəkildə hər hansısa bir təşkilatlara üzv olması da qeydə alınmayıb. Məsələn, bu mənada həmkarlar ittifaqını, siyasi partiyaları, qeyri-hökümət təşkilatlarını göstərmək olar. Vətəndaşların siyasi proseslərdə iştirakının zəif olması və ya buna az maraq göstərməsinin bir neçə səbəbi var. Çalışacam bu yazıda yığcam şəkildə onları sadalayım:
Klan və şəbəkələr
.
Azərbaycanda müasir demokratik sistemin yaranmasına əngəl olan səbəblərdən biri hamının tez-tez istifadə etdyi klan və klançlıq fenomenidir. Azərbaycanlı hesab edir ki, klançılıq onun sosial strukturuna oturmuş bir bəladır. Bu, o deməkdir ki, azərbaycanlılar formal institutlar və şəffaf prosedurlar əvəzinə “klan” loyallığına daha çox meyl edir və ona bel bağlayır. Klan dedikdə, azərbaycanlı, formal və ya qeyri-formal səlahiyyəti olan bir və ya bir neçə şəxsə sadiqliyi, bağlılığı nəzərdə tutur. Şəbəkənin qurulmasında əsas element qohumbazlıqdır, amma bundan daha önəmlisi şəxsi sadiqlikdir. Demokratiyanın qurulması üçün sadəcə dövlət institutlarının olması bəs etmir. Belə ki, bunun üçün müəyyən sosial və ya mədəni şərtlər də olmalıdır. Amerikalı sosioloq Jame Coleman (Ceyms Koleman) bu dəyərləri ümumi olaraq “sosial kapital” adlandırırdı. Sosial kapital dedikdə, insanların ümumi məqsədlər uğruna çalışması bacarığı nəzərdə tutulur. Bu kimi bacarıq son dərəcə yüksək etibarlılıq tələb edir. Demək olar ki, istənilən cəmiyyətdə bu və ya digər səviyyədə insanlar daha çox öz ailələrinə və ya yaxın dostlarına etibar etməyə meyillidir. Amma o sosial institut və təşkilatlar – böyük bizneslər, ictima birliklər, siyasi partiyalar – uğurlu sayılır ki, orada şəxsi bağlılıq olmur və bir-birinə yad olan insanlar arasında yüksək etibarlılıq dərəcəsi olur. Etibarlılıq dərəcəsinin ailə və yaxın dostlarla məhdudlaşdığı cəmiyyətlər “klan cəmiyyətləri” və ya “ailə cəmiyyətləri” hesab edilir. Francis Fukuyama (Fransis Fukuyam) “İnam: Sosial Müdriklik və Zənginliyin Yaradılması” əsərində, cəmiyyətləri yüksək etibarlılıq və aşağı etibarlılıq dərəcəsi üzrə kateqoriyalaşdırırdı. O, bu faktor əsasında millətlərin müxtəlif siyasi və iqtisadi institutlar yaratdığını iddia edirdi.
Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olar ki, azərbaycanlılar məhz həm də sosial kapitalın azlığından effektiv və böyük təşkilatlar qura bilmirlər. Azərbaycanlılar, ümumi dəyərlər və formal qaydalardan daha çox şəxsi münasibətlər sisteminə əsaslı kiçik qruplara meyl edirlər.
Vətəndaş institutunun inkişafına digər bir əngəl kimi, dövlətə olan şübhəcil (skeptik) yanaşma və anti-siyasi baxışdır. Yuxarıda deyilənlərlə sıx bağlı olan bu problemin başlıca səbəbi Azərbaycan dövlətinin müstəqillik əldə etdikdən bəri, onun siyasi hakimiyyətində olanların vətəndaşları siyasi proseslərdən “kənarlaşdırması” durur. Seçki saxtakarlığı bu problemin daha da artmasına və dərinləşməsinə səbəb olub. Əlimizdə sosial sorğular olmadığından, azərbaycanlıların öz dövlət orqanlarına inamının hansı səviyyədə olduğunu deyə bilmərəm, amma şəxsi müşahidələrimə görə insanlarımız qərarverici dövlət qurumlarımıza, parlamentə, polisə və s. inanmır. Anti-siyasi baxış, kiçik qruplara olan etibarlılıqla birləşdikdə “neopatrimonialism” yaranır. Başqa sözlə desək, bu, dövlətin kiçik klientalist şəbəkə tərəfindən özləşdirilməsidir. Müasir dövlətçilik standartı ilə yanaşsaq, dövlətə bu tipli baxış “korrupsioner” adlandırılır. Dövlət institutlarının “klan” tərəfindən özəlləşdirilməsi və korrupsiya problemi hazırda ölkəmizdə olan ən ciddi poblemdir.
Vətəndaş institutunun zəif olmasında neft faktorunun rolu
Azərbaycan dövləti iqtisadi terminologiya ilə desək, icarə dövlətidir. Yəni, ölkənin əsas qazancı vətəndaşın əməyi və ondan yığılan vergi ilə deyil, müxtəlif beynəlxalq və ya yerli şirkətlərə istismar üçün icarəyə verilmiş neft və qaz yataqlarından formalaşır. Bu tipli dövlətlərdə dövlət büdcəsi vətəndaşın əməyinin nəticəsi əsasında formalaşmır. Bunun isə ciddi fəsadları olur.
Birincisi, heç bir əmək sərf etmədən əldə edilən gəlirdən büdcəni dolduran ölkədə, hökumətin vətəndaşdan alacağı vergiyə marağı itir. Bu isə qarşılıqlı olaraq, vətəndaşın verdiyi verginin hökumət tərəfindən hara xərclənəcəyinə marağının itməsinə səbəb olur. İkincisi, hökumətlə vətəndaş arasında qarşılıqlı maraqdan doğan əlaqə itdiyi üçün cəmiyyətlə hökumət arasında olan sosial müqavilə də öz əhəmiyyətini itirir. Hökumət əhaliyə xidmət göstərən aparatdan fərqlənən əcaib bir quruma çevrilir. Əgər bir dövlət öz vətəndaşının vergisindən asılıdırsa, o, höküməti məcbur edəcək ki, uğurlu siyasi-iqtisadi modeller hazırlamaqla vətəndaşının səsini və etibarını qazansın. Çünki öz mövcudluğu vətəndaşının verdiyi vergidən asılı olan hökumətdə, vergi dövlət məmurları ilə vətəndaş arasında məsuliyyət hissi yaradan məcburedici alətə çevrilir. Bu zaman dövlət məmurları maksimum çalışır ki, əhalinin gözləntilərini qarşılasın, çünki geniş anlamda dövlət funksiyalarının icrası üçün əsas maliyyə vətəndaşlardan gəlir. Vətəndaş dövlət funksiyalarının icrasında əsas investora çevrildiyindən ödədiyi vergilərin düzgün və effektiv istifadəsində ciddi marağa sahib olur.
Əsas gəlirini vətəndaşın verdiyi vergidən yox, təbii sərvətlərdən qazanan hökumətdə isə (renta hökuməti) vətəndaşa xidmət etmək təşəbbüsü kəskin şəkildə azalır. Dövlət maşını öz-özünə idarə olunur, məmurlar isə vergiyə cəlb edə biləcəkləri yeni sərvət yerləri yaratmaq haqqında düşünmürlər.
Belə ki, vətəndaşı qarşısında məsuliyyət hissini itirən və ondan asılı olmayan, bir sözlə, xaricdən gələn gəlirlə qidalanan məmurlar bu tipli gəlirə öz mülkiyyəti kimi yanaşmağa başlayırlar. Qazandıqları sərvəti və onlara varlanma imkanı yaradan siyasi hakmiyyətlərini qorumaq üçün dövlət aparatını zorakı, basqıçı və əzici bir orqana çevirirlər. Ölkənin əsas gəliri siyasi hakimiyyət tərəfindən paylanıldığı üçün hamı hakimiyyətdə təmsil olunanlara yaxın olmağa can atır. Bu isə sonda dövlətdə korrupsiya və patronaj sistemi inkişaf etməsinə, elit təbəqənin varlanmasına, yerdə qalanların isə asılılığa və kasıbçılığa yuvarlanmasına səbəb olur.
Və beləliklə, vətəndaş institutu öz əhəmiyyətini ciddi şəkildə itirir.