”Bir saatdan çox gözlədik, xəbər vermədilər, gülləri qapının qarşısına qoyub qayıtdıq”
Martın 7-də Sivil Toplum Platformasının üzvləri həbsdə olan jurnalist Xədicə İsmayılın cəza çəkdiyi 4 saylı təcridxananın qarşısına toplaşıblar.
Lakin həbsxananın administrasiyası görüşə icazə verməyib və 8 mart münasibətilə ona gətirilən hədiyyəni qəbul etməyib.
Administrasiya “bu gün qəbul gününün olmadığına” əsaslanıb. Lakin Sivil Toplum Platformasının üzvləri etiraz edərək xatırladıblar ki, öncədən görüş üçün rəsmən müraciət olunub və administrasiya imtina etməyib.
Bu barədə Meydan TV-yə məlumat verən Platforma üzvü, jurnalist Aynur İmranova bildirib ki, müvafiq qanunvericiliyə əsasən onları görüşə buraxmalıydılar: “Hətta hədiyyələri, gülü belə qəbul etmədilər. Əvvəlcə dedilər rəis müavinləri ğörüşdədilər, gəlsinlər baxarıq. Bir saatdan çox gözlədik, xəbər vermədilər, gülləri qapının qarşısına qoyub qayıtdıq”.
Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Hökm oxunanda bu ittiham işdən çıxarılıb.
Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.
Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib.
Jurnalis 7,5 il azadlıqdan məhrum olunub.
Xədicə İsmayıl “Amnesty İnternational” tərəfindən vicdan məhbusu kimi tanınır.