Vətəndaş cəmiyyəti: Siyasi həbslərin və repressiyaların yeni dalğası başlayıb

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov. Foto: Meydan TV

“”AbzasMedia” ya təzyiq dayandırılmalı, həbs edilən jurnalistlər azad edilməlidir”

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ölkədəki media azadlığı və insan hüquqlarının pozuntuları ilə bağlı bəyanat verib.

Bəyanat müəllifləri Azərbaycanda müstəqil mediaya qarşı siyasi həbslərin və repressiyanın yeni dalğası ilə bağlı narahatlıq içindədirlər, son hadisələrə etiraz edirlər.

“Hazırkı repressiyasının spesifik hədəfləri “AbzasMedianın” direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini, ictimai fəal Məhəmməd Kekalov olmaqla, ümumilikdə “AbzasMedia” qurumudur. Onların həbsi ilə müşayiət olunan proses fundamental ifadə azadlığının kobud pozuntusu və ölkədə müstəqil mediaya qarşı repressiyanın tərkib hissəsidir”.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli xaricə səfər etmək üçün hava limanına gedərkən evinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin gün günorta saatlarına qədər dostları və vəkili onun harada olması barədə məlumat əldə edə bilməyib.

Yalnız davamlı məlumat əldə etmək cəhdlərindən sonra, Ülvi Həsənlinin Bakı Şəhəri Baş Polis İdarəsi (“BŞBPİ”) tərəfindən saxlanıldığı bəlli olub. Ülvi Həsənli saxlanılarkən pis rəftara (o cümlədən döyülməyə) məruz qalıb. Onu saxlayan polis əməkdaşları bildiriblər ki, Qarabağ problemindən yazmaq əvəzinə, yüksək ranqlı hökumət rəsmiləri barədə korrupsiya araşdırmaları apardığı üçün cəzalandırılır.

Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, “AbzasMedia”nın ofisinin yerləşdiyi mənzildə əməliyyat müvəkkilləri tərəfindən baxış istintaq hərəkəti həyata keçirilib.

Bəyanatda bildirilir ki, rayon məhkəməsi baxış istintaq hərəkətini əsaslandırmayıb və mühüm şübhə kimi yalnız qeyri-müəyyən “qərəzsiz mənbə” tərəfindən verilmiş informasiyaya istinad edib.

“Baxışdan əvvəl mənzilin yerləşdiyi bina polis tərəfindən mühasirəyə alınıb və aparılmış baxışın protokoluna əsasən, mənzilin dəhlizində guya 40.000 avro valyuta “aşkar edilib. Ülvi Həsənli baxış istintaq hərəkətinin nəticələrinə etiraz edib və qeydlərini protokola əlavə edib”.

Bəyanatda deyilir ki, həmin gün polis əməkdaşları Məhəmməd Kekalovu yaşadığı mənzildə zorakılıqla tutublar və hər hansı hüquqi əsas olmadan onun “Notbuku” və mobil telefonunu götürüblər. Bu andan sonra Məhəmməd Kekalov inkommunikado həbsdə tutulub və ona ailəsi, eləcə də vəkili ilə əlaqə saxlamağa icazə verilməyib. Onun harada tutulması 3 günə yaxın bəlli olmayıb. Ailəsi və vəkili Kekalovla əlaqə saxlaya bilməyib və müvafiq qurumlar onun haqqında məlumat verməkdən imtina edərək onun ailəsi tərəfindən təyin edilmiş vəkillə görüşünə mane olublar.

“Növbəti gün erkən saatlarda saytın baş redaktoru Sevinc Vaqifqızı ölkəyə qayıdarkən hava limanında BŞBPİ-nin polis əməkdaşları tərəfindən tutulub. Ülvi Həsənli və Sevinc Vaqifqızının yaşadığı mənzillərdə baxış istintaq hərəkəti həyata keçirilib. Lakin bu baxışlar nəticəsində götürülmüş əşyalar sübut qismində cinayət işində istifadə edilməyib. Daha sonra Ülvi Həsənliyə və Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq əməlinin törədilməsi) ilə ittiham irəli sürülüb. Bu ittihamlar üçün “AbzasMedia”nın ofisinin yerləşdiyi mənzildə “aşkar edilmiş” xarici valyutaya istinad edilib”.

Vətəndaş cəmiyyəti nümayəndələri bildirir ki, həmin gün BŞBPİ və müvafiq prokurorluq orqanı Ülvi Həsənli və Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbiri seçilməsi barədə tələblə Xətai Rayon Məhkəməsinə müraciət edib. Həmin gün Xətai Rayon Məhkəməsi həbs qətimkan tədbiri tələbini təmin edərək ibtidai istintaq dövrü məqsədi ilə Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçib.

Həbs qətimkan tədbirinin seçilməsi üçün tələb edilən əsaslı şübhə elementi ilə əlaqədar ilkin sübutlar məhkəməyə təqdim edilməyib və məhkəmə tərəfindən də araşdırılmayıb. Bundan əlavə, Xətai Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçilməsi üçün qaçmaq və ya sübutları saxtalaşdırmaq kimi lazımi tələbləri araşdırmayıb. Xətai Rayon Məhkəməsi detallarını araşdırmadan həbs qətimkan tədbirini tələb edən vəsatət və təqdimata olduğu kimi istinad edib“.

Hazırda Ülvi Həsənli və Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanasına köçürülüb və orada saxlanırlar. Eyni zamanda, Məhəmməd Kekalov inkommunikado həbsdədir. Bu gün isə məlum olub ki, Məhəmməd Kekalov ailəsinin ona təyin etdiyi vəkillə görüşüb, görüş konfidensial olmayıb, müstəntiqin iştirakı ilə baş tutub. Məhəmməd görüşdə ailəsinin təyin etdiyi vəkildən imtina edib. Şübhələr var ki, bu imtina istintaqın təzyiqi nəticəsində olub”.

Noyabrın 23-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Kekalov da Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq əməlinin törədilməsi) ilə ittiham olunur.

Bəyanatda bildirilir ki, Ülvi Həsənli və Sevinc Vaqifqızı Xətai Rayon Məhkəməsinə gətirildiyi vaxt polis əməkdaşları hadisələri işıqlandırmağa çalışan jurnalistlərə mane olub. Bu vaxt polis əməkdaşları tərəfindən media nümayəndələrinə hücum halları baş verib. Bunu qeyd etmək vacibdir ki, həbslər, cinayət işinin başlanılması və həbs qətimkan tədbiri iclasları qanunsuzluqla və insan hüquqlarının pozuntusu ilə müşayiət olunub.

“Eyni zamanda həbslər ərəfəsində və cinayət işi boyunca, hökumət rəsmiləri, dövlət mediası və hökumətyönümlü media qurumları tərəfindən müstəqil media, tənqidçi vətəndaş cəmiyyəti təşkilatları və müxalifət əleyhinə materiallar dərc edərək onları Qərb ölkələrinin, ələlxüsus ABŞ-ın “casusları” və “təsir agentləri” olmaqda günahlandırıb”.

Müəlliflər hesab edir ki, bu materiallarda heç bir əsas və fakt olmadan “qanunsuz xarici qrantların” gətirilməsi və mənimsənilməsi vasitəsilə maliyyə pozuntuları törədilməsindən danışılıb. Bununla yanaşı, feminist və LGBTIQ+ fəallar “ailə dəyərlərini məhv etməkdə” və Qərb dövlətlərinin “marioneti” və “ruporu” olmaqda günahlandırılaraq hədəfə alınıblar. Hazırda belə diffamativ materialların yayılması davam edir.

“Həbslərə dair faktlar, o cümlədən ofisdə baxış keçirilərək xarici valyuta aşkar edilməsi hüququn aliliyinə və konstitusional prinsiplərə bağlılığa dair ciddi suallar doğurur. Ötən günlərdə edilən bu hərəkətlər müstəqil medianı hədəfə alan və Azərbaycanda ifadə azadlığının təməl prinsiplərini sarsıdan siyasi motivli təqib kampaniyasının tərkib hissəsidir.

Biz qətiyyətlə bildiririk ki, Azərbaycan hökuməti tərəfindən yürüdülən təqib kampaniyası mövcud konstitusion hüquqi çərçivə və Azərbaycan Respublikasının insan hüquqlarına dair beynəlxalq hüquqi öhdəlikləri ilə bariz surətdə ziddiyyət təşkil edir”.

Vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, Azərbaycan BMT-yə, Avropa Şurasına və ATƏT-ə üzv dövlət kimi beynəlxalq insan hüquqları standartlarına riayət etməyə borcludur. Azərbaycan hökumət orqanlarının cari addımları Konstitusiya ilə təmin edilmiş və beynəlxalq hüquqi müqavilələrlə tanınmış və Azərbaycan tərəfindən ratifikasiya edilmiş insan hüquqları öhdəliklərinin kobud pozuntusudur:

“Biz bu xüsusata diqqət cəlb etməyi vacib hesab edirik ki, ölkədə siyasi müxalifətə, tənqidçi vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı aparılan siyasi motivli təqib kampaniyasına, o cümlədən bu çərçivədə həyata keçirilən cinayət işlərinə və digər hüquqi məhdudiyyət tədbirlərinə dair Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqlarının Konvensiyasının qeyri-legitim, siyasi motivli hüquq məhdudiyyətlərini qadağan edən 18-ci maddəsi üzrə Azərbaycana qarşı 11 hüquq pozuntusu qərarı qəbul edilib. Hazırda həmin qərarların icrası Avropa Şurası Nazirlər Komitəsinin nəzarətindədir”.

Bəyanat müəllifləri Azərbaycan hökumətinə çağırış edib. Tələb edirlər ki, insan hüquqlarına qoyulan siyasi motivli məhdudiyyətləri aradan qaldırsınlar, o cümlədən, cinayət işlərinə xitam versinlər.

“Ülvi Həsənlinin, Sevinc Vaqifqızının, eləcə də Məhəmməd Kekalov dərhal azad edilməlidir. Həmçinin beynəlxalq tərəfdaşlar, o cümlədən BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq publik təşkilatlar ölkədə pisləşən insan hüquqlarının vəziyyətinə dair qəti addımlar atmalıdır”.

İMZALAR:

  1. Adnan Hacızadə, ictimai fəal
  2. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutu, sədr
  3. Altay Göyüşov, tarixçi alim
  4. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, sədr
  5. Araz Əliyev, Nida Vətəndaş Hərəkatı, İH üzvü
  6. Arzu Qeybulla, müstəqil jurnalist
  7. Aynur Elgünəş, Meydan TV, baş redaktor
  8. Azər Qasımlı, Siyasi Menecment İnstitutu, sədr
  9. Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutu, sədr
  10. Elman Fəttah, siyasi şərhçi
  11. Emin Abbasov, hüquqşünas
  12. Emin Aslanov, hüquqşünas
  13. Ələsgər Məmmədli, media hüququ üzrə ekspert
  14. Gülnara Mehdiyeva, feminist fəal
  15. Xalid Bağırov, hüquqşünas
  16. Xədicə İsmayıl, Toplum TV, baş redaktor
  17. İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti, sədr
  18. Jalə Bayramova, hüquqşünas
  19. Leyla Həsənova, araşdırmaçı
  20. Mehman Əliyev, Turan İnformasiya Agentliyi, direktor
  21. Nəcmin Kamilsoy, araşdırmaçı
  22. Nərmin Şahmarzadə, feminist fəal
  23. Nicat Məmmədbəyli, hüquqşünas
  24. Rəsul Cəfərov, hüquq müdafiəçisi
  25. Rövşən Ağayev, iqtisadçı
  26. Rövşən Hacıbəyli, Azadlıq.info, redaktor
  27. Ruslan İzzətli, siyasi fəal
  28. Rüfət Səfərov, Müdafiə Xətti, icraçı direktor
  29. Samir Kazımlı, hüquq müdafiəçisi
  30. Səməd Rəhimli, Müdafiəçi Hüquq Mərkəzi, rəhbər
  31. Səyyad Yusifli, Müdafiəçi Hüquq Mərkəzi, koordinator
  32. Şəmşad Ağa, Arqument.az xəbər saytı, baş redaktor
  33. Yadigar Sadıqlı, tarixçi
  34. Yalçın İmanov, hüquqşünas
  35. Toğrul İsmayılov, ictimai fəal
  36. Toğrul Vəliyev, iqtisadçı
  37. Ülviyyə Əli, müstəqil jurnalist
  38. Vəfa Nağı, ictimai fəal
  39. Zöhrab İsmayıl, Azad İqtisadiyyat Yardım İctimai Birliyi, sədr
  40. Əmrah Təhməzov, ictimai fəal
  41. Elməddin Şamilzadə, Avasor TV, baş redaktor
  42. Nemət Abbasov, ictimai fəal
  43. Toğrul Abbasov, tədqiqatçı
  44. Qiyas İbrahimov, ictimai fəal
  45. Səbinə Rəhimova, ictimai fəal
  46. Səməd Şıxı, yazıçı
  47. Həmidə Qiyasbəyli, jurnalist
Ana səhifəSiyasətVətəndaş cəmiyyəti: Siyasi həbslərin və repressiyaların yeni dalğası başlayıb