Platforma bu məsələ ilə bağlı qanun layihəsi hazırlayaraq Milli Məclisin müzakirəsinə təqdim etməyi qərara alıb
Aprelin 15-də Sivil Toplum Platformasının (STP) növbəti iclası keçirilib. İclasda vətəndaş cəmiyyətinin durumu, QHT-lərin fəaliyyətinə əngəllər, məhkəmə qərarlarının icrası, cəbhə bölgəsində atəşkəsin pozulması və şəhidlərin statusu müzakirə edilib.
Bu barədə STP-nin yaydığı məlumatda bildirilib.
Platforma üzvləri şəhidlərlə bağlı məsələləri dövlətin və cəmiyyətin diqqətdə saxlamasını təklif ediblər. Təklif edilib ki, Türkiyədə olduğu kimi “Şəhidlik haqqında” qanun qəbul edilsin, şəhid ailələrinə yüksək imtiyazlar və hər kəs üçün bərabər sosial güzəştlər tanınsın. Platforma bu məsələ ilə bağlı qanun layihəsi hazırlayaraq Milli Məclisin müzakirəsinə təqdim etməyi qərara alıb.
Platforma üzvləri son günlər AXCP sədri Əli Kərimliyə qarşı aparılan kampaniyanı pisləyiblər. Mətbuatda müxalifət liderinə qarşı yönələn təhdidlərin qəbuledilməz olduğu deyilib. Belə kampaniya və çağırışların mənfi tendensiya yaradacağı barədə xəbərdarlıq olunub.
STP bu ilin əvvəlində ölkənin vətəndaş cəmiyyətinin 30-a yaxın fəalının iştirakı ilə yaradılıb. Məqsəd demokratik ideyaların irəliləməsində, ölkənin problemlərinin həllinə dair təkliflərin irəli sürülməsində səylərin birləşdirilməsidir.