Vətəndaş cəmiyyəti nümayəndələri: Laçın dəhlizinin statusu aydın deyil

Bəyanat sahibləri yaranmış yeni siyasi vəziyyətdə bütün tərəflərin, o cümlədən hökumətlər və ictimai-siyasi qüvvələrin məsuliyyətli və hesabatlı davranmasını zəruri sayaraq bəzi təşəbbüslərin başlamasını məsləhət görürlər.

Source: google.az


"Sülhməramlılar və atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinə dair əlavə izahat verilməlidir"

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri və siyasi fəallar İkinci Qarabağ müharibəsinin nəticələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanması prosesilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, sentyabrın 27-dən başlayan və noyabrın 10-dək davam edən 44 günlük müharibə Azərbaycan, Ermənistan və Rusiya dövlət və hökumət başçılarının imzaladığı bəyanatla bitib: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yönündə yeni perspektivlər yaranıb. Təəsüflə bildiririk ki, 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsi Azərbaycan Respublikası ərazisinin təxminən 15 faizinin işğalı, o zaman üçün 600 mindən artıq insanın öz doğma yurdlarından qovulması, habelə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulması ilə nəticələnmişdi”.

Sənəddə bildirilir ki, ötən 27 ildə Birinci Qarabağ müharibəsi dövründə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə (822, 853, 874, 884) icra olunmayıb.

Bundan əlavə, digər beynəlxalq təşkilatların işğalın aradan qaldırılması barədə çağırışları nəzərə alınmayıb: “ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların işğalın aradan qaldırılması istiqamətində səmərəsizliyi və nəhayət, son iki ildə Ermənistan hökumətinin danışıqlar prosesini pozan müxtəlif addımları yeni müharibənin başlamasına rəvac verdi. Biz 44 gün davam edən müharibə nəticəsində hər iki tərəfdən minlərlə hərbi qulluqçunun və çox sayda mülki əhalinin, xüsusilə uşaqların həlak olmasından dərin üzüntümüzü ifadə edirik. Azərbaycan Respublikasının Gəncə, Bərdə, Tərtər kimi əhalinin sıx yaşadığı şəhərləri və digər mülki yaşayış məntəqələrinin hədəf seçilməsini şiddətlə qınayır, bu hücumların beynəlxalq hüquqi normalar əsasında qiymətləndirilməsini vacib sayırıq. Biz həmçinin, hərbi əməliyyatlar zamanı Xankəndidə yaşayan erməni mülki əhalinin ziyan çəkməsindən də eyni dərəcədə dərin üzüntümüzü ifadə edirik”.

Sənədi imzalayanlar ümid edirlər ki, 44 günlük hərbi əməliyyatlar dönəmində əsirlərə qarşı pis rəftar hallarına müharibənin acı reallığı kimi haqq qazandırılmayacaq, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə səlahiyyətli qurumlar beynəlxalq humanitar hüququn pozulması kimi yanaşaraq, obyektiv qaydada araşdıracaq, cavabdeh şəxslərin əməllərinə hüquqa müvafiq qiymət veriləcək: “Biz Azərbaycan Hərbi Prokurorluğunun həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər edilməsi, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülərlə bağlı cinayət işi başlamasını təqdir edir, hüquqi normalar və insani dəyərlər baxımından bunu vacib hesab edirik. Eyni zamanda, Ermənistan Respublikasının eyni hallar üzrə həqiqi araşdırma aparmasının beynəlxalq ictimaiyyət tərəfindən tələb edilməsini vacib sayırıq”.

Sənəddə bildirilir ki, müharibənin başa çatması da təqdirəlayiq addımdır. Vətəndaş cəmiyyəti təmsilçiləri və siyasi fəallar 10 noyabrda imzalanmış üçtərəfli bəyanatı 30 illik münaqişənin sülh yolu ilə nizamlanması yönündə yeni imkan sayırlar. Bildirirlər ki, sənəddə bəzi aydınlaşdırılmayan məsələlər var. Onlardan biri də Dağlıq Qarabağın Azərbaycan nəzarətinə keçməmiş hissəsi ilə bağlı durumdur: “Azərbaycan ordusu 27 sentyabr tarixindən keçirdiyi əks-hücum əməliyyatları zamanı başda Şuşa şəhəri olmaqla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisinin bir hissəsini Azərbaycanın nəzarətinə qaytarmağa müvəffəq olub. Ancaq bu bəyanat keçmiş DQMV-nin bütün ərazisinin Ağdam, Kəlbəcər və Laçın rayonları kimi Azərbaycanın nəzarətinə keçməsini təmin etmir. Azərbaycanın beynəlxalq tanınmış və suveren ərazisinin tərkib hissəsi olan keçmiş DQMV-nin sözügedən əraziləri hələ də Azərbaycan nəzarətindən kənarda qalır. Bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi yönündə bundan sonra nəzərdə tutulan planlar barədə cəmiyyətin narahatlığına hələ də aydınlıq gətirilməyib. Bu narahatlığı aradan qaldırmaq üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının ictimaiyyəti ətraflı şəkildə məlumatlandırmasını vacib hesab edirik”.

Vətəndaş cəmiyyəti təmsilçilərində sual yaradan məqamlardan biri də DQMV ərazisinin Rusiya sülhməramlıları yerləşən hissəsində yerli erməni hərbi birləşmələrini tərkisilah edilməsi ilə bağlıdır. Yerli erməni əhalisinin silahsızlaşdırılması məsələsinə də aydınlıq gətirilmədiyini deyirlər: “Bu məsələyə aydınlıq gətirilməsi gələcəkdə birgə sülh şəraitində yaşayışın pozulmaz şəkildə təşkili üçün xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə Rusiya sülhməramlı kontingentinin mandatı ilə bağlı da aydın olmayan məqamlar var. Xüsusilə Rusiya sülhməramlı kontingentinin bölgədəki missiyasının dəqiq müəyyənləşdirilməsi, o cümlədən missiyanın davamlılığını labüd edən və ya etməyən şərtlərin açıqlanmaması cəmiyyətdə ciddi narahatlıqlar doğurur”.

Bəyanatda bildirilir ki, Rusiya sülhməramlı kontingentin BMT-nin Davranış qaydalarında nəzərdə tutulan prinsiplərə uyğun mövcudluğu üçün ev sahibi ölkə – Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarının tələblərinə uyğun statusu, ölkə ərazisində mövcudluğu üçün razılıq prosedurunun daxili qanunvericiliyin tələblərinə uyğun olub-olmaması, fəaliyyəti dönəmində müxtəlif növ hüquq pozmalarına mütanasib cavabdehliyi aydın deyil: “Bu baxımdan Azərbaycan və Rusiya dövlətləri arasında Dağlıq Qarabağda sülhməramlı kontingentin missiyası, mandatı və səlahiyyətlərini müəyyən edən sazişin imzalanmasını, xüsusən də mülki idarəçiliklə bağlı məsələlərə aydınlıq gətirilməsini və Azərbaycan ictimaiyyətinin bu barədə ətraflı məlumatlandırılmasını zəruri sayırıq”.

Vətəndaş cəmiyyəti nümayəndələri bildirirlər ki, Rusiyanın regiondakı rolunun tarixini nəzərə alaraq, sülhməramlı kontingentin tərkibinin yalnız Rusiya hərbi qulluqçularından təşkil edilməməsi, digər Minsk Qrupuna üzv ölkələrin hərbi qulluqçularının da cəlb edilməsi və belə bir sülhməramlı missiyanın beynəlxalq hüquqi sənədlərlə dəstəklənməsi ilə bağlı cəmiyyətdə gözləntilər var. Bu gözləntilərin qarşılanması üçün hökumətin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.

Sənəddə açıq qalan daha bir məsələnin Qarabağ ərazisində tranzit yollarından birgə istifadəsi ilə bağlı olduğu qeyd edilir. Bildirilir ki, məsafəcə çox yaxın olan tarixi Ağdam-Şuşa avtomobil yolu Xankəndi yaxınlığından keçdiyi üçün gələcəkdə istifadəyə verilməsi məsələsi açıq qalıb. Eyni şəkildə Kəlbəcərə getmək üçün Ağdərə rayonu ərazisindən keçən magistral yoldan istifadənin mümkünlüyü və təhlükəsizliyi sual doğurur: “Hazırda qeyri-müəyyən olan məsələrdən biri də Qubadlı-Laçın-Şuşa yolundan Azərbaycan vətəndaşlarının istifadəsi və bu zaman təhlükəsizliyin təminatı məsələləridir. Biz həmçinin Qarabağda yeni alternativ yolların çəkilməsinin müvəqqəti olduğunu başa düşməklə yanaşı, ən qısa zamanda digər mövcud tarixi yolların bərpasını gələcəkdə xalqların inteqrasiyasına xidmət etməsi üçün vacib hesab edirik”.

Bəyanatı yayanlar erməni və azərbaycanlı köçkünlərin qayıtması və təhlükəsizliyi ilə bağlı məsələnin də açıq qaldığını bildirir. Deyirlər ki, razılaşmada məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtması qeyd olunsa da, bu kateqoriyaya daxil olan şəxslərin yerləşməsi ilə bağlı məsələ açıq qalır:

“Xüsusən də hazırda Rusiya sülhməramlılarının yerləşdiyi Ağdərə, Xankəndi, Xocalı və Xocavənd rayonlarına azərbaycanlı məcburi köçkünlərin qayıtdıqdan sonra təhlükəsizliyi, həmçinin onların yaşayışı ilə bağlı məsələlər (dil, təhsil, ictimai xidmətlərdən istifadə və.s) ilə bağlı nəzərdə tutulan mexanizmlərin hökumət tərəfindən açıqlanmasını zəruri hesab edirik”.

Bəyanat sahiblərində daha bir narahatlıq doğuran məsələ də atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin mandatı ilə bağlıdır: “Hazırda Rusiya və Türkiyə hərbçilərinin birgə təmsilçiliyi ilə bu mərkəzin təsis olunacağı bildirilsə də, hələlik, bu mərkəzin nəzarətinə aid olacaq məsələlər, onun hüquqi statusu və dislokasiyası ilə bağlı razılaşmalar ictimaiyyətə bəlli deyil. Bununla bərabər biz Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin ən azı 5 il göstərildiyi halda atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinin cəmi bir il müəyyən edilməsinə dair əlavə izahata ehtiyac hiss edirik”.

“Laçın dəhlizinin statusu və həmin ərazidə azərbaycanlı əhalinin yerləşməsi məsələsi də aydın deyil”, – bəyanatda bildirilir: “Ermənistan sərhəddindən Xankəndinədək olan 60 km məsafədə Rusiya sülhməramlılarının 5 km enliyində zolaqda yerləşməsi qeyd edilib. Bununla da təxminən 300 kv km ərazidə azərbaycanlı yaşayış məntqələrinə əhalinin yerləşməsi və mülki həyatının tənzimlənməsi məsələsi narahatlıq doğurur. Hazırda aydın olmayan digər məsələ Laçın dəhlizinin statusu, xüsusən də Ermənistanla sərhəddə Azərbaycan sərhəd qoşunları təmsilçilərinin nəzarəti və dəhlizdən gələcək istifadə qaydalarıdır. Eyni şəkildə bu dəhlizin statusuna uyğun olaraq Mehridən keçməklə Naxçıvana gediş-gəlişi nəzərdə tutan yolun statusu və ondan istifadə qaydalarının aydınlaşdırılmasına ehtiyac var”.

Bəyanat sahibləri yaranmış yeni siyasi vəziyyətdə bütün tərəflərin, o cümlədən hökumətlər və ictimai-siyasi qüvvələrin məsuliyyətli və hesabatlı davranmasını zəruri sayaraq bəzi təşəbbüslərin başlamasını məsləhət görürlər. Bunlardan biri müharibə cinayətləri ilə bağlı qarşılıqlı iddiaların hər iki ölkənin milli qanunvericliyi və tərəf olduqları beynəlxalq hüquqi sənədlərin çərçivəsində şəffaf qaydada araşdırılmasıdır: “Bundan əlavə, bütün münaqişə müddətində və ikinci Qarabağ müharibəsi zamanı mülki obyektlər, tarixi-mədəni abidələr, təbii qoruqlar və meşə təsərüfatına dəymiş ziyanın qarşılıqlı şəkildə müəyyən edilməsi ilə bağlı beynəxalq ekspertlərdən ibarət birgə qiymətləndirmə komissiyasının yaradılmalıdır. İşğaldan azad olunmuş yerlərin minalardan təmizlənməsi ilə bağlı yerli imkanların dəstəklənməsi üçün minaların təmizlənməsi üzrə ixtisaslaşmış beynəlxalq humanitar qurumların ölkəyə dəvət edilməsi də vacibdir”.

Vacib olan məsələlərdən biri də iğaldan azad olunmuş yerlərin, o cümlədən azərbaycanlı və erməni əhalinin yaşadığı ərazilərin infrastrukturunun yenidən qurulması və yerli icma quruculuğunun dəstəklənməsi üçün beynəlxalq inkişaf təşkilatlarının, habelə yerli vətəndaş cəmiyyətinin fəaliyyətinə mövcud olan maneələrin aradan qaldırılması və bu sahədə hüquqi tənzimləmənin asanlaşdırılması, o cümlədən ATƏT-in Bakıda ölkə nümayəndəliyinin bərpa olunmasıdır. Bəyanatda deyilir ki, müharibə iştirakçıları, cəbhəboyu yerləşən yaşayış məntqələrinin sakinləri, əsir və girovlar, o cümlədən şəhid ailələrinin reabilitasiyası ilə bağlı müvafiq dövlət proqramının hazırlanması və qəbulu da önəmlidir: “Müharibə iştirakçıları və şəhid ailələrinin sosial müdafiəsinin artırılması, habelə müharibə nəticəsində fiziki və ya psixoloji sağlamlığı zərər görmüş və uzunmüddətli və ya mütəmadi tibbi müayinə və müalicəyə ehtiyacı olan müharibə veteranlarının sağlamlığının bərpası və möhkəmləndirilməsinin maliyyə xərclərinin Azərbaycan Respublikası dövlət büdcəsindən qarşılanması məqsədilə yeni normativ hüquqi aktların qəbuluna da ehtiyac var”.

Vətəndaş cəmiyyəti təmsilçiləri bildirirlər ki, Qarabağın azərbaycanlı və erməni əhalisinin münaqişədən öncəki bütün yaşayış yerlərində geri qayıtması ilə bağlı BMT-nin müvafiq mexanizmləri üzrə re-inteqrasiya planının hazırlanması və bu prosesdə işğal müddətində Qarabağa kənardan köçürülmüş əhalinin hüquqi statusunun (qeyri-qanuni miqrant, məcburi köçkün və ya qaçqın) müəyyənləşdirilməsi də vacibdir: “Həmçinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və re-inteqrasiya üzrə dövlət komitəsinin yaradılması və işğaldan azad edilmiş bölgələrdə filiallarının yaradılması da önəmlidir. Beynəlxalq qurumlara yenidənqurma və reinteqrasiya prosesində birgə əməkdaşlıq üçün dəvət müraciəti edilməlidir”.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı.

Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Ancaq bu günədək Azərbaycan tərəf nə qədər itki verdiyini, neçə nəfər hərbçinin yaralandığını açıqlamayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətVətəndaş cəmiyyəti nümayəndələri: Laçın dəhlizinin statusu aydın deyil