Türkan sakini Aydın İmanovun ailəsinə bildirilib ki, o, xəstəxanadan siqaret almaq üçün çıxıb və geri qayıtmayıb
“Həyat yoldaşı xəstəxanaya gedib, Aydının harada olduğunu soruşub. Həkimlər deyiblər, bir neçə saat əvvəl siqaret almaq üçün xəstəxanadan çıxıb, geri qayıtmayıb”.
Türkan qəsəbəsinin sakini Kubra İmanova Meydan TV-yə danışır ki, oğlu Aydın İmanov iyulun 25-də səhər saatlarında müalicə aldığı 7 saylı Vərəm Dispanserindən müəmmalı şəkildə yoxa çıxıb. Onun sözlərinə görə, həkimlər ailə üzvlərinə Aydının siqaret almaq üçün çölə çıxdığını və geri qayıtmadığını bildiriblər. 3 həftədən çoxdur ki, Aydından xəbər-ətər yoxdur. İmanovlar ailəsi narahatdır. Kubra İmanova danışır:
Xəstəxanaya çatanda Aydını palatada tapmayıb
“Həmin dispanser Buzovnada yerləşir. Oğlum ağır vərəm idi. Həkimlərin məsləhəti ilə iyulun 23-də onu dispanserə yatırtdıq. İki gündən sonra – iyulun 25-də səhər saat 5-də həyat yoldaşı Aidənin telefonuna zəng gəlib. İki saatdan sonra Aidə yuxudan ayılanda buraxılmış zəngi görüb və geri zəng edib. Telefona cavab verən adam deyib ki, Aydının palata yoldaşıdır. Telefonu Aydına verib, Aydın vəziyyətinin ağır olduğunu deyib, ailəsini yanına çağırıb. Aidə günortaya yaxın xəstəxanaya gedib çatanda Aydını palatada tapmayıb. Həkimlər deyib ki, Aydın səhər xəstəxananın qarşısındakı dükandan siqaret almaq üçün çıxıb, bir daha xəstəxanaya qayıtmayıb”.
Ananın sözlərinə görə, Aydının geyimləri, sənədi və evdən aparılmış qab-qacağı yerləşdirildiyi palatada – çarpayısının yanındakı kiçik tumbanın üstündə olub.
Vərəm xəstəsi nəzarətsiz buraxılmamalı idi
Aydın yoxa çıxdığı gün qardaşı Azad İmanov da xəstəxanaya gedib. Onun sözlərinə görə, həkimlərdən eyni sözü eşidib:
“Ağır vərəm xəstəsi nəzarətsiz buraxılmamalıdır, çölə çıxmamalıdır. Ancaq nəyə görəsə həkimlər xəstəni özbaşına siqaret almağa çölə buraxıblar. Getdim, heç nə araşdıra bilmədim. Səhər telefonundan zəng gələn palata yoldaşı da yox idi. Zəng vurdum, dedi, evdəyəm, çimməyə gəlmişəm. Sabahı gün bir də zəng vurdum, dedi, xəstəxana bərbad gündədir, ona görə də daha xəstəxanaya qayıtmayacam. O da Aydını yoxa çıxdığı gün səhər saatlarında görüb, “sonra hara getdi, nə oldu, xəbərim yoxdur”, – dedi”.
Ailə üzvləri Aydın yoxa çıxan gün DİN-in 102 xidmətinə məlumat veriblər. Onun məsələsi ilə Xəzər Rayon Polis İdarəsi məşğul olmağa başlayıb. Ancaq ailə üzvləri deyir, Aydının axtarışı aparılmır:
Polis dedi, gəlin yazaq ki, əqli zəif şəxsdir
“Fotosunun 200 nüsxəsi çıxarılıb, kimə gümanımız çatır, paylamışıq. Yəni bunu özümüz etmişik. Buzovna xətti ilə hərəkət edən avtobuslara da fotolarını vurdurmuşuq ki, bəlkə hardasa görüb, fotodan tanıyan olar, xəbər edər. Polis həmin gün bizə dedi ki, gəlin qeyd edək ki, Aydının əqli zəifliyi var, onda tez tapılar. Biz də polisin dediyi kimi etdik. Əslində Aydın ağlı başında olan adam idi. Düzdür, spirtli içki aludəçisi idi, ancaq ağlı başında idi”.
Aydın İmanovun dörd azyaşlı övladı var. Böyük övladı 12 yaşındadır və 1-ci qrup əlildir.
7 saylı Vərəm Dispanserindən bildirilib ki, məsələ ilə polis orqanı məşğul olur və heç bir söz deyə bilməzlər. Xəzər Rayon Polis İdarəsindən Meydan TV-yə bildirilib ki, iyulun 25-də Türkan qəsəbə sakini Aydın İmanovun müalicə aldığı 7 saylı Vərəm Dispanserindən yoxa çıxması ilə bağlı ailəsi tərəfindən məlumat daxil olub. Onun ailə üzvlərinin və xəstəxana işçilərinin izahatları alınıb. İdarədən yoxa çıxan şəxsin axtarışının davam etdirildiyi bildirilib və başqa suallar cavablandırılmayıb.