Vergilər Nazirliyinin 64 vəzifəli şəxsi işdən çıxarılıb

Nazim Bəydəmirli: ”Gürcüstan modelinə keçilməyənə qədər kadr dəyişikliyinin effekti olmayacaq”

Source:
Vergilər Nazirliyi
Vergilər Nazirliyi


Nazim Bəydəmirli: ”Gürcüstan modelinə keçilməyənə qədər kadr dəyişikliyinin effekti olmayacaq”

Vergilər nazirinin müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər daxil olmaqla, nazirliyin 64 nəfər əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb.

Nazirlikdən Turan-a verilən məlumatda

bildirilib ki

, vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb:

“Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır”.

Xəbəri Meydan TV-yə şərh edən iqtisadçı-alim Nazim Bəydəmirli kadr islahatlarını vacib sayda da, Azərbaycan praktikasında fərqli yanaşma olduğunu söylədi:

“Hər hansı ica hakimiyyəti, komitə və nazirlikdə rəhbər təyin olunan zaman total kadr islahatının şahidi oluruq. Kadr islahatı dedikdə, rəhbər əvvəlki tabeliyində olanları yeni iş yerinə gətirir və köhnələr kənarlaşdırılır. Azərbaycanda adətən vəzifəyə təyinat zamanı peşəkarlıq və şəxsi keyfiyyətinə yox, şəxsi əlaqələrə, yerlibazlıq, qohumbazlıq və məktəb yoldaşı kateqoriyasına üstünlük verilir”.

Nazim Bəydəmirli deyir ki, Vergilər Nazirliyi də daxil digər nazirliklərdə “paket maaş”lar alınır. Bu qeyri qanuni, ancaq indiki idarəetmədə işçiləri vəzifələrinə, rəhbərliyə “sadiq edən” zəruri yeganə element hesab etmək olar.

foto Amerikanin səsi

Onun sözlərinə görə, heç kəs qeyri-qanuni işdən azad olunmağından sığortalanmayıb, müstəqil məhkəmə sistemi də olmadığından dövlət qulluqçusu işdən azad olunan zaman heç bir yerdə iş tapmayacağını düşünür, məhkəmədə iş hüququnu bərpa edəcəyinə ümidi qalmır, beləliklə nazirin, komitə sədrinin və ya öz müdirinin “qaydaları ilə işləmək” məcburiyyətində qalır.

“Ona görə rəhbərliyin bütün qanunsuz göstərişlərinə tabe olur, dövlətə-vətəndaşa qulluq etmək əvəzinə “kölə psixologiyası” ilə nazirə daha yaxın olmağa çalışır, vicdanla işləməyi heç fikrindən də keçirmir. Belə olan şəraitdə total korrupsiya tüğyan edir və sahibkarların haqlı şikayətlərinə reaksiya verilmir”.

N.Bəydəmirli hesab edir ki, əgər yeni nazir qarşısına korrupsiya ilə mübarizəni məqsəd qoyubsa, təbii ki, köhnə kadrlarla bağlı təmizləmə aparmalıdır.

“Təkcə kadr islahatı ilə nəyəsə nail olmağı güman etmirəm. Çünki vergi sistemində köklü dəyişiklik üçün ilk növbədə ölkədə inhisarçılıq ləğv olunmalıdır, fiskal siyasət vahid mərkəzdə birləşməlidir və böyüklü kiçikli bütün şirkət və sahibkarlar qanun qarşısında bərabər hüquq-vəzifələr daşımalıdırlar. “Məmur sahibkarlığı”, Gömrük komitəsi, Dövlət Sosial Müdafiə Fondu ləğv olunmayana, eyni zamanda Nazirlər Kabineti də daxil institusional islahatların Gürcüstan modelinə keçilməyənə qədər bir qurumda 64 və ya daha çox kadr dəyişikliyinin effekti olmayacaq”.

İqtisadçı Qadir İbrahimli baş verənlərin proqnozlaşdırıldığını deyir:

“Mikayıl Cabbarov vaxtilə Təhsil Nazirliyində Misir Mərdanov klanını dağıtdığı kimi indi də Vergilər Nazirliyində Fazil Məmmədov klanını dağıdır. Bu mənada nazirlikdə yeni komandanın formalaşdığını düşünmək olar. Ümumiyyətlə, hər hansı nazirliyin rəhbərliyinə kənardan adam gətirilirsə, onun mandatı ənənəvi komandanı dağıtmaq olmalıdır”.

Qadir İbrahimli

Ancaq Q.İbrahimli hesab edir ki, Vergilər Nazirliyində sahibkarların qənimi olan iki struktur var: Audit Departamenti və Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamenti.

“Bu strukturlar korrupsiyaya bulamış sayılır, əgər orda islahat aparılarsa, nəyəsə ümid etmək olar. Əks təqdirdə, Mikayıl Cabbarovun dediyi kadr islahatının heç bir mahiyyəti qalmır”.

Ana səhifəXəbərlərVergilər Nazirliyinin 64 vəzifəli şəxsi işdən çıxarılıb