Nazim Bəydəmirli: ”Gömrük Komitəsi, DSMF-in vergi yığma funksiyası Vergilər Nazirliyinə verilməlidir”
Vergilər nazirinin müavini Sahib Ələkbərov qarşıdakı dövrdə yoxlamaların sayının daha da azaldılacağını bildirib.
O, artıq 3 aydır yoxlamaların müvəqqəti olaraq dayandırıldığını və hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş getdiyini bildirib.
APA yazır ki, Sahib Ələkbərov bu barədə Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə danışıb.
Nazir müavini bidlirib ki, onların məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin artırılmasıdır:
“Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma bu o demək deyil ki, vergi nəzarəti olmayacaq. Hazırda vergi inzibatçılığı elə bir səviyyədədir ki, vergi orqanları yüksək elektronlaşdırma nəticəsində məsafədən idarəetmə metodu ilə riskli vergi ödəyicilərini aşkar edə bilir, ona görə də təsərrüfat fəaliyyətlərində problemləri olan, uçot işlərini düzgün qurmayan və riskli hesab edilən vergi ödəyiciləri qanunvericiliyin tələblərinə daha ciddi riayət etməlidirlər”.
Onun sözlərinə görə, gələcəkdə yoxlamalar və sanksiyalarla üzləşməmək üçün sahibkarlar öz fəaliyyətlərindəki qanun pozuntularını aradan qaldırmalıdırlar.
“Qanunun tələblərinə uyğun olaraq riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması məqsədilə müvafiq yoxlamalar aparılacaq”.
İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, Sahib Ələkbərov Fazil Məmmədovun nazir olduğu zaman bu cür açıqlamalar versəydi, daha yaxşı olardı.
“Ancaq ümumilikdə sahibkarlığa qarşı yoxlamaların azaldılması müsbətdir, gərək səmərəlilik və qarşılıqlı etimad artırılsın”.
O, bildirib ki, istənilən ölkədə sahibkar vergidən yayınmağa meyllidir:
“Ona görə Vergilər Nazirliyinin sahibkarların problemlərinin öyrənilməsinə başlamasını, həmçinin əməkdaşlarının qeyri qanuni fəaliyyətlərinə son verilməsi üçün hüquq çərçivəsində qiymət verilməsi, indiyə qədər yaradılmış “qohum-əqraba, yerliçilik, dostluq, yüksək çinli məmurların patronajlığı və s.” şəbəkələşməyə son verilmə cəhdlərinə müsbət yanaşıram. Ancaq kimsə düşünürsə ki, Vergilər Nazirliyində iş prinsipi dəyişəcəksə, sahibkarlığın problemləri həll olunacaq, yanılırlar”.
İqtisadçı misal kimi Şahin Mustafayevin 2008-ci ildə iqtisadiyyat naziri təyin olunduqdan qısa müddət sonra onun sifarişi ilə 400-ə qədər sahibkar həbs edilməsini göstərib.
“Səbəb onların Sahibkarlıq konfederasiyasında fərqli mövqedən çıxış etmələri və Ələkbər Məmmədovu sədr kimi dəstəkləmələri idi. Halbuki, iqtisadiyyatda inhisarçılığa qarşı mübarizə aparmaq Şahin Mustafayevin vəzifə borcudur. Çünki nazirliyin əsasnaməsi belə tələb edir. Vergilər Nazirliyi prosedur orqan kimi qanunlar çərçivəsində sahibkarların vergi ödənişlərinə nəzarət funksiyası var. Bütün hallarda inhisarçılıq, məmur sahibkarlığı aradan qaldırılmasa, nazir və müavinləri şəffaf çalışmasalar, heç bir iş adamının onlara inamı olmayacaq. O cümlədən, hər hansı tədbirlərin də əhəmiyyəti olmayacaq, təbii ki, maarifləndirmə vacibdir, sahibkar ödədiyi vergilərin doğru yönəldildiyini bilməlidir”.
N.Bəydəmirli deyib ki, biz indiki mövcud durumda xərclərin necə “səmərəli” yönəldiyinin fərqindəyik və buna görə sahibkarlar müxtəlif səbəblərdən vergidən yayınmağa meylli olurlar.
“Sirr deyil ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” dünya ölkələrində ən yüksək səviyyədədir və ÜDM-in 80%- ni təşkil edir. Təkcə bu fakt onu deməyə əsas verir ki, vergilərdən büdcə gəlirlərini artırmaq potensialı çox yüksəkdir. Bir tərəfdən vergilərinin qeyri-səmərəli xərclənməsi, ikinci tərəfdən, iri oliqarxlara bağlı şirkətləırin rəqabəti pozmalarına “göz yumulması” göstərir ki, ciddi addım atılmadan köklü dəyişiklik olmayacaq”.
O, hesab edir ki, təbii ki, ilk aylarda tədbirlər nəticəsində vergi daxilolmaları azala bilər, ancaq buna baxmayaraq ciddi islahatlara təkan verilməlidir, yeni nazirə şəffaflıq istiqamətində dəstək verilməlidir.
“Gürcüstan modeli tətbiq olunmalıdır, Gömrük Komitəsi, DSMF ləğvi həll olunmalıdır, onların vergi yığma funksiyası Vergilər Nazirliyinə verilməlidir. Bunun üçün sosial sığorta adı ilə 25%, fiziki şəxslərdən yığılan 14% gəlir vergisi ilə birləşdirilib, 39 faizdən 20 faizə endirilməklə “sosial vergi” tətbiq olunmalıdır. İkili mühasibatlığın ləğv olunması yolunda bu ilk addım mütləq baş verməlidir. Dövlət ilk növbədə öz idarəetmə xərclərini azaltmalı, Nazirlər Kabinetinin strukturu optimallaşdırılıb, ciddi kadr islahatı aparılmalıdır”.
Mikayıl Cabbarov ötən ilin dekabrın 5-də vergilər naziri təyin
edilib
. O, ilk addım kimi yanvarın 9-da 64 vergi isçisini vəzifəsindən azad
etdi
.
Bundan əlavə Mikayıl Cabbarov Vergilər nazirinin müşaviri, Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktoru İlqar Əhmədovu, Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktorun müavini Nəsimi Cəfərovu, Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktorunun I müavini Raqif Qurbanovu, Milli gəlirlər Departamentinin şöbə rəhbəri Mübariz Verdiyevi, Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini Natiq Məmmədovu, Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini Mübariz Əmiraslanovu, Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini Qabil Tarquliyevi, Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini Tariyel Şahbazovu, Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini Elxan Həsənzadəni və digərlərini vəzifəsindən azad etdi.
O, bu təyinatdan sonra keçirdiyi konfransda bildirmişdi ki, bütün sahibkarlar, biznes assosiasiyaları, aidiyyəti vergiödəyiciləri qanunvericilikdə onların fəaliyyətlərinə dair məhdudlaşdırıcı norma və yanaşma varsa, yaxud bu gün qanunvericilikdə olmayan, lakin gələcəkdə nəzərdə tutula bilən məqamlar varsa, bu barədə martın 31-dək öz təkliflərini təqdim edə bilərlər. Vergilər Nazirliyində bununla bağlı yaradılmış xüsusi katiblik daxil olan təklifləri təhlil edəcək.
Bundan başqa M.Cabbarov özündən əvvəlki nazirin fəaliyyətinə ehmal vuraraq bəyan edib ki, bundan sonra şirkətlər arasında ayrı-seçkiliyə yol verilməyəcək.