Jurnalistin bank hesabına həbs qoyulması barədə qərardad çıxarılıb
Dekabrın 19-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində jurnalist Xədicə İsmayılın Beynəlxalq Bankdakı hesabının üzərinə həbs qoyulması barədə qərardad çıxarılıb. Qərarı hakim Məhəmməd Əkbərov Vergilər Nazirliyinin jurnalistə qarşı 63 min 138 manatlıq vergi tələbi üzrə keçirilən məhkəmə iclasında elan edib.
Məhkəmənin gedişində Vergilər Nazirliyinin nümayəndəsi bildirib ki, onlar da iddianın məbləğində dəyişiklik ediblər. Dekabrın 5-də məhkəməyə iddiaya əlavə edərək, orada jurnalistdən tələb olunan məbləğin 45 min 145 manata endirildiyi göstərilib.
X.İsmayıl həbs olunarkən ona qarşı irəli sürülən ittiham maddələrindən biri də Cinayət Məcəlləsinin 178.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda ziyan vurmaqla) maddəsi idi. İttihama görə, X.İsmayıl 2008-2010-cu illərdə Azadlıq Radiosunun Bakı bürosunun rəhbəri olduğu zaman işçilərlə əmək müqaviləsi deyil, xidməti müqavilə bağlayıb. Nəticə etibarilə işçilər xidməti müqavilə üzrə 4 faiz vergi ödəyiblər. Əmək müqaviləsi olsaydı, əməkhaqqının 14 faizini ödəyəcəkdilər.
İddia edilir ki, X.İsmayıl bununla 10 faizlik fərqin, yəni 17 min 992 manatın israf edilməsinə şərait yaradıb.
Ali Məhkəmə 2016-cı ilin mayında X.İsmayılın şikayətinə baxıb, onu şərti azadlığa buraxanda bu ittihama da xitam vermişdi.
Vergilər Nazirliyinin X.İsmayıla qarşı 63 min 138 manatlıq iddiasının 17 min 992 manatı həmin məsələdir. Qalan 45 min 145 manat isə Azadlıq Radiosunun ödəmədiyi iddia olunan mənfəət vergisidir.
Vergilər Nazirliyi bir il davam edən məhkəmə prosesindən sonra X.İsmayılın bəraət aldığı israfetmə ittihamı üzrə hesablanan 17 min 992 manatdan imtina edib.
2017-ci ilin noyabrında jurnalistin bamk hesabının üzərinə həbs də Vergilər Nazirliyinin ona qarşı iddiası əsasında qoyulub. Bildirilib ki, bu, iddia tələbinin təmini tədbiridir. Yəni gələcəkdə məhkəmə Vergilər Nazirliyinin iddiasını təmin edib, tələb olunan məbləğin X.İsmayıldan tutulmasına qərar verilsə, onun icrası mümkün olsun.
X.İsmayılın vəkili Y.İmanov Meydan TV-yə bildirib ki, jurnalistin Beynəlxalq Bankdakı hesabı üzərinə də həbs qoyulmasına dair qərardaddan apelyasiya şikayəti veriləcək:
“Hesab edirik ki, bu qərar iddia tələbinin təmin olunmasına xidmət etmir. Belə olsaydı, nəzərə alınardı ki, vəsait olan başqa bir hesabın üzərində onsuz da 2017-ci il noyabrın 9-dan həbs var. Daha bir hesabı dondurmağa nə ehtiyac var ki?”
Jurnalistin nümayəndəsi mənfəət vergisilə bağlı iddianı da qəbul etmir. Deyir ki, X.İsmayıl 2008-ci ilin ikinci yarısında büro rəhbəri kimi fəaliyyət göstərib, 2010-cu il oktyabrın 1-nə qədər. Lakin ondan həmin illərin bütün 12 ayı üzrə mənfəət vergisi tələb olunur:
“Hələ mən o tərəfini demirəm ki, Azadlıq Radiosu mənfəət vergisindən azaddır, çünki kommersiya təşkilatı deyil. Üstəlik, Vergilər Nazirliyi Xədicə İsmayıldan tələb elədiyi pulu Azadlıq Radiosundan da tələb edir. Radioya qarşı da eyni tələblə iddia qaldırılıb. Lakin prokurorluqda radio ilə bağlı istintaq araşdırmalarının davam etməsi əsasıyla məhkəmə prosesi dayandırılıb”.