***
““Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir”.
Bu barədə
Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatında qeyd olunub
.
Mətbuat xidməti bildirib ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin
İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.
Həmçinin əlavə olunub ki, “Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.
***
Mehman Əliyev: ”Nazirliyin qərarını dəyişməsi siyasi sifarişin nəticəsidir”
Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti “Turan” İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.
“Turan”-ın yaydığı məlumata görə, bununla bağlı sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən məktub daxil olub. 15 sentyabr tarixli məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.
“Sentyabrın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixilə agentliyə məktub daxil olub ki, “Turan”ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur.
Göstərilən günlərdə bu nazirlikdə nə baş verdiyini və eyni idarənin öz mövqeyini 180 dərəcə dəyişməsinin səbəblərini biz bilmirik.
Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi isə sanksiyanın bərpasından sonra “Turan”ın hesablarına yenidən həbs qoyulması da bərpa edilə bilər” – agentlik bildirir.
Vergilər Nazirliyinin qərarını ölkə başçısının xaricdə olduğu zaman dəyişdirilməsi suallar doğurur.
“Turan”İA-nin direktoru Mehman Əliyev Meydan TV-yə deyib ki, nazirliyin qərarını dəyişməsi siyasi sifarişin nəticəsidir:
“Əvvəl agentliyə qarşı münasibətdə hansı sifariş işləyirdisə, indi də həmin vəziyyətdir. Hüquqi müstəvidə heç nə həll olunmur, burda göstərişlər işləyir.
Hər şey aydındır, “Turan”-ı fəaliyyətinə görə cəzalandırırlar. Bir daha deyirəm, bu, siyasi prosesdir. Son qərarın dəyişməsi tam sübut edir ki, bu, siyasi sifarişdir. Vergilər Nazirliyi 3 gündə qərarını dəyişə bilməz”.
Vəkil Fuad Ağayev də hesab edir ki, Vergilər Nazirliyində gündə bir qərar qəbul edən vəzifəli şəxslər var:
“Eyni adam ikinci dəfədir öz qərarını ləğv edir, bu, Bakı Şəhər Lokal Gəlirlər Departamentinin direktor müavini Elman Bəşirovdur. Vergilər Nazirliyinin vəzifəli şəxsinin belə yanaşması qanunvericiliyə və Konstitusiyaya ziddir. Ümumiyyətlə, hüququ və qanunu müəyyənləşdirən əsas əlamətlərdən biri onun dəqiqliyidir. Bir məsələ ilə bağlı qərar qəbul edibsə, həmin qərarı qəbul edən adam istədiyi vaxt öz mülahizəsinə görə onu bu şəkildə ləğv edə bilməz”.
Vəkil deyir ki, belə hadisələr son illərə təsadüf edir, bu da Azərbaycanda hüquq sisteminin tənəzzülünün göstəricilərindədir:
“Əvvəlki illərdə bu cür hadiələr olmurdu. Məhz Vergilər Nazirliyində daha tez-tez belə olayların olması nazirlikdə mövcud olan çox ciddi problemlərdən xəbər verir”.
Lokal Gəlirlər Departamenti hələ 2016-cı ilin mayında Turana 4 min manat manatlı sanksiya qoymuşdu. “Turan”ın inzibati şikayətindən sonra Vergilər Nazirliyi bu qərarı ləğv etmişdi.
Daha sonra elə həmin departament avqustun 7-də 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün 37 min manat vergi hesablayaraq cinayət işi qaldırıb.
Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, amma sentyabrın 11-də həbs-qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.
M.Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyytədən sui-istifadə) , 192.1-ci (qanunsuz sahibkarlıq) maddərlərilə cinayət işi başlanıb. M.Əliyev isə bütün ittihamları rədd edir.
Vergilər Nazirliyinin mətbuat xidməti məsələni şərh etmir.