Şahbaz Xuduoğlu İlham Əliyevə şikayət məktubu yazdı
“Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlu prezident İlham Əliyevə müraciət edib. O, müraciətin mətnini öz Facebook hesabında yayıb. Prezidentin son müşavirədə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı çıxışından ruhlandığını yazan naşir daha sonra qeyd edib: “1 noyabr 2013-cü ildə 20 nəfərdən ibarət vergi əməkdaşı icazəsiz nəşriyyata daxil olub müəssisəmizin bütün sənədlərini özləri ilə apardılar. Bir müddət sonra yoxlama aktı tərtib olundu və “Qanun” nəşriyyatı 150 min cərimələndi.
Nazirliyin Vergi Cinayətlərinin İstintaqı Baş İdarəsində cinayət işi başlandı, nəşriyyatımızın bütün işçiləri dindirilməyə çağırıldı, saatlarca istintaq edildi. Ürəyi nasaz bir yaşlı çapçımız dindirilmədən bir müddət sonra öldü. Tərcüməçilərimiz, kitabları nəşr olunan əksər yazarlar istintaqa cəlb olundu, istintaqın əsas sorğusu bu idi: siz niyə bu kitabı tərcümə etdiniz?
Həmin vaxtdan hesablarımız bağlıdır. Çoxlu sayda şikayətlərimiz olub, məhkəmələrə müraciətlər etmişik, amma heç bir instansiyada müsbət cavab almamışıq, aldığımız şifahi cavab da belə olub: “bizlik deyil!”
Cənab Prezident,
Vergi cəriməsinə qədər biz hər gün iki adda kitab nəşr edirdik. 70 tərcüməçi və redaktor ilə əməkdaşlıq edirdik. 50-dən çox işçimiz var idi. İndi isə həftəyə 1 kitab nəşr edə bilmirik. Tərcüməçilərin bir hissəsi – qorxudan, digər hissəsi isə maliyyə probleminə görə bizimlə əməkdaşlığı dayandırdı; işçilərimizin yarıdan çoxu işdən çıxdı; əməkhaqlarını verə bilmirik…
Əməkdaşlıq etdiyimiz 150 xarici yazarın qonorarını ödəyə bilmirik. Onların arasında Nobel mükafatçıları da var. Patrik Modiano, Le Klezio, Orhan Pamuk, Herta Miller, Nəcib Mahfuz, Jon Maksvel Kutze, Haruki Murakami, Den Braun, Paulo Koelyo, Aqata Kristi, Stiven Kinq, C.K.Rolinq və s. Hər 3 aydan bir adların çəkdiyim yazarların agentlərindən ödəmə kağızı alıram, qonorar ödəməyimi tələb edirlər, hesablarım bağlı olduğundan bunu edə bilmirəm, eyni zamanda düşdüyüm vəziyyəti onlara da izah edə bilmirəm”.
Şahbaz Xuduoğlu daha sonra ölkədə kitaba münasibətdən, kitab mağazalarının yoxluğundan gileylənir, müxtəlif ölkələrlə müqayisə aparır, kitab satışı üçün təşkil olunmuş yarmarkalar haqqında məlumat verir.
“Başqa ölkələrdə bu işləri görən nəşriyyatlara dövlət yardım edir, güzəştli kreditlər verir, subsidiyalar ayırır. Bizdə isə 23 il tarixi olan, 7000- dən çox adda kitab nəşr edən bir nəşriyyatı Vergilər Nazirliyi ölüm həddinə gətirib.
Cənab Prezident, son müşavirədəki çıxışınızda dediniz ki, sizə gələn məktubları şəxsən oxuyursunuz. Çox böyük ümid edirəm, bu məktubu oxuyacaq, verginin ölümə məhkum etdiyi bir nəşriyyatı xilas edəcəksiniz” – deyə naşir prezidentə məktubunu yekunlaşdırır.