“Hakimiyyət göstərir ki, o xaricdəki blogerlərin etdiyinə layiqdir”
Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Elnur Nuriyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.
“Toplum TV işi” üzrə həbs olunmuş jurnalist Fərid İsmayılov vəsatət verərək Elnur Nuriyevin başqa siyasi motivli işlərdə sifarişli qərarlar verdiyini, buna görə də əvəzlənməli olduğunu bildirib.
Hakim vəsatəti təmin etməyib.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli isə çıxış edərək 2024-cü ilin martında həbs olunduqdan sonra Vergilər Nazirliyinin ondan gəlirini bəyan etməsini istədiyini və hətta buna görə cərimələdiyini deyib.
Ələsgər Məmmədli deyib ki, bu müddət ərzində notarial əməliyyatlar həyata keçirməyə imkan verən sənəd almaq üçün istintaqa müraciət etsə də, həmin sənəd ona verilməyib.
O, məhkəmədən onun bu probleminin Vergilər Nazirliyinin diqqətinə çatdırmasını istəyib. Bu vəsatət təmin olunub.
Ələsgər Məmmədli ona qarşı irəli sürülmüş ittihamlardan da danışıb.
“Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsində təmənnasız dərs demişəm, maaşımı fakültəyə bağışlamışam. İndi mənə deyirlər ki, sən tamah məqsədilə cinayət törətmisən”.
“Bizi mütəşəkkil dəstə adlandırırlar və iddia edirlər ki, 2014-cü ildən fəaliyyət göstəririk. Bizimlə birlikdə həbs olunan İlkin Əmrahov həmin vaxt 12 yaşında olub. O, 12 yaşında necə mütəşəkkil dəstə üzvü olub? Burada şüşə arxasında oturan gənclərin heç bir günahı yoxdur. Onların yeganə günahı odur ki, biz ziyalılara qulaq asıblar, haqqın arxasınca qaçıblar. Onlara baxıb özümü günahkar hiss edirəm ki, onlara yol göstərmişəm. Əgər Azərbaycan Konstitusiyası bunu cinayət hesab edirsə, mən cinayətkaram”, – Ələsgər Məmmədli belə deyib.
Ələsgər Məmmədli 10 gün əvvəl müayinə olunduğunu, lakin hələ də müayinə olunduğu haqda sənədi ala bilmədiyini də məhkəməyə bildirib.
III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli isə ittiham aktında haqqında yazılanlarla razılaşmadığını deyib.
“Bizim yeganə günahımız 30 ildən çox avtoritar sistemin qurulmasına etiraz etməyimiz, qanunun şah olmasını tələb etməyimiz, parlament hökuməti, şəffaf və hesabatlı dövlət istəməyimiz, insan ləyaqətini hər şeydən üstün tutmağımız, idarə edilən yox, idarə edən cəmiyyət istəməyimizdir”.
Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Əli Zeynal bu işlə yanaşı, digər media qurumlarına- “AbzasMedia və Meydan TV işləri”ndəki ittihamları da rədd etdiyini bildirib.
“Xaricdəki blogerlər Azərbaycan hakimiyyətini hədəfə alan yayımlar etməyə başlayanda və söyüş müxalifəti adını qazananda, Ələsgər Məmmədli özü buna qarşı çıxdı və dedi ki, bizim yolumuz bunun əksi olmalıdır, biz hər şeyi etik normalar çərçivəsində etməliyik. Amma hakimiyyət göstərir ki, o elə xaricdəki blogerlərin etdiyinə layiqdir”, – o deyib.
Müşfiq Cabbar istintaqın ortaya sübut qoya bilmədiyini vurğulayıb.
“Əvvəl deyirdilər istintaq aparılır, indi istintaq başa çatıb, amma hələ də ortada bir şey yoxdur. Hər dəfə istintaq müddətini uzadanda da əsaslandıra bilməyiblər ki, niyə uzadırlar”.
İDİ-nin əməkdaşı Ramil Babayev bu təşkilatdakı işinin qanunsuz olmadığını, heç bir ittihamla razılaşmadığını deyib. O bildirib ki, “əsl günahkarların kim olduğunu sön sözündə” açıqlayacaq.
İDİ-nin digər əməkdaşı İlkin Əmrahov isə ittiham aktında yazılanların ümumiyyətlə ona aydın olmadığını bildirib.
Fərid İsmayılov da ittihamları rədd edib.
Prosesdə zərərçəkən qismində çıxış edən Vergilər Nazirliyi 79 min manatın təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsini istəyib. Vəkillər Rəsul Cəfərov və Fəxrəddin Mehdiyev, habelə təqsirləndirilən Ramil Babayev buna etiraz edib.
Babayev bildirib ki, təqsirləndirilənlərin “Toplum TV” və ya İDİ-də fərqli müddət aralıqlarında işləməsinə baxmayaraq onların hamısından eyni məbləğdə vəsaitin istənilməsi işin sifarişli olduğunu göstərir.
Növbəti məhkəmə iclası iyulun 7-nə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, həmin təşkilatın əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
“Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Baş verənlər “Toplum TV”-nin Azərbaycanda fəaliyyətini faktiki olaraq qeyri-mümkün edib.
Media qurumu 2024-cü ilin fevralından etibarən fəaliyyətini ölkə xaricindəki jurnalistlər vasitəsilə davam etdirmək qərarı verib.