Holdinq şirkətlər dövlət büdcəsinə cüzi vəsait ödəyir
Vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicilərinin siyahısına hasilat və servislə məşğul olan 4 xarici neft-qaz şirkəti düşüb.
Vergilər Nazirliyi vergidən yayınan şirkət və fiziki şəxslərin «qara siyahısını» açıqlayıb. Noyabrın 26-ı üçün bura 197 subyekt düşüb. Onların arasında “HESS (ACG) Limited”, “Karasu Development Company”, “Rotery Engineering Limited” və “Petroleum Services Group SA” şirkətlərinin filialları var. Borc məbləği açıqlanmır.
Vergi öhdəliyini yerinə yetirməyən şirkətlər arasında “Milk-Pro” südçülük, “Bakı Şərab-2”, “HİDROTEXNİKİ VƏ NƏQLİYYAT QURĞULARININ LAYİHƏLƏNDİRİLMƏSİ ÜZRƏ GİDROTRANSPROYEKT ELMİ-TƏDQİQAT MƏRKƏZİ” (keçmiş “Texnomost”), “Miri Grand” konserv müəssisəsi və s var.
Vergilər Nazirliyi qeyd edir ki, bir sıra şirkətlər maliyyə imkanı olsa da, vergini vaxtında ödəmir. Ona görə bu ilin sentyabrından belə subyektlərin siyahısı hazırlanır.
Bir çox ekspertlərə görə, bütün əsas maliyyə-iqtisadi rıçaqlar hakim oliqarxiyanın əlindədir və onlar vergi barədə informasiyanı ictimaiyyətə könülsüz verir. Bundan başqa, bu holdinq şirkətlər dövlət büdcəsinə cüzi vəsait ödəyir.
Bir sıra ölkələrdə vergi ödəmək şərəf məsələsidir. Dövlət daha çox vergi ödəyən vergi ödəyicilərinin renkinqini açıqlayır. Azərbaycanda vergi ödənişi kommersiya sirri sayılır.