Natiq Cəfərli: ”Ən böyük səbəb isə daxili və xarici iqtisadi fəallığın azalması, ticarət dövriyyəsinin zəifləməsi, nəhayət, iş yerlərinin qapanmasıyla əlaqədardır”
2016-cı ilin birinci rübündə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 542 milyon 401,2 min manat vəsait daxil olub. Qurumun məlumatına görə, proqnoz tapşırığına 101,4 faiz əməl edilib.
Turan İA yazıb ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə vergi mədaxili 3,6% (58,3 mln manat), 2014-cü illə müqayisədə 12,5% (220,5 mln manat) azalıb.
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,1 mlrd manat köçürülməsi təmin edilib. Bu il proqnoz 410 mln manat azaldılıb (
”Turan” IA
).
ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bu barədə Meydan TV-yə şərhində təqdim olunan rəqəmlərin gözlənilən olduğunu bildirib. O, açıqlanan rəqəmlərin daha az olması ehtimalının olduğunu da dilə gətirib: “Güman ki, ikinci və üçüncü rübdə bu tendensiyanı görəcəyik”.
Səbəblərə gəlincə, Cəfərli deyib ki, SOCAR və Beynəlxalq Əməliyyat Şirkətindən büdcəyə daxil olmalar azalıb: “Çünki ilkin olaraq onların gəlirləri 50 dollardan hesablanmış və bu həddə vergi yığılacağı gözlənilirdi. Amma yanvar ayında neftin qiyməti hətta 26 dollara endi, bu mənada gəlirlərin azalması vergi daxilolmalarını da azaldıb. Ən böyük səbəb isə daxili və xarici iqtisadi fəallığın azalması, ticarət dövriyyəsinin zəifləməsi, nəhayət iş yerlərinin qapanmasıyla əlaqədardır. Təbii ki, iqtisadi fəallıq azaldıqca, iş yerləri qapandıqca, bu, vergidə də özünü göstərir”.
N.Cəfərli Vergilər Nazirliyinin bir ənənəsini xatırladıb: “Şirkətlərdən öncədən ödəmələr tələb edirlər və sonradan hesablaşma zamanı bunlar nəzərə alınır. Ona görə birinci rübdə vergi azalmalarının daha böyük olması ehtimalı vardı. Güman ki, ikinci və üçüncü rübdə əlavə ödəniş edən şikətlərin vergi hesablamalarında daha az vergi ödəyəcəyi ehtimalını nəzərə alaraq azalmanın daha kəskin olacağı görünəcək”.