”Vergi Məcəlləsində dəyişikliklər qiymət artımına səbəb olub”

”Aksiz vergilərinin yüksəldilməsi də qiymətləri artırır”

Foto: Meydan TV
Vüqar Bayramov
Vüqar Bayramov


”Aksiz vergilərinin yüksəldilməsi də qiymətləri artırır”

“Qiymət artımları son günlər daha da intensivləşib. Apardığımız monitorinqlər göstərir ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım olub”.

Bunu iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, qiymət artımları idxal edilən məhsullar ilə yanaşı yerli mallarda da qeydə alınıb.

İqtisadçı qiymət artımlarının səbəbləri və bunun nə zamanadək davam edəcəyi barədə sual edib.

“Təhlillərimiz göstərir ki, Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində ticarət fəaliyyətinin sadələşdirilmiş vergi sistemindən çıxarılması və uçotunun aparılması ticarət obyektlərinin xərcinin artmasına səbəb olub. Belə ki, əvvəllər dövriyyədən cəmi 6 faiz vergi ödəyən ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri bu il yanvarın 1-dən etibarən bu imkandan yararlana bilmirlər. Bu isə onların xərcinin yüksəlməsinə və qiymət artımlarına səbəb olub”.

Onun sözlərinə görə, digər tərəfdən ölkəyə idxal edilən bir sıra məhsullara o cümlədən tütün məhsullarına, alkoqollu içkilərə və avtomobillərə daha yüksək aksiz vergisinin tətbiq edilməsi istehlak bazarında qiymət artımlarına səbəb oldu.

“Öncədən qeyd etdiyimiz kimi, idxal edilən məhsullara tətbiq edilən aksiz vergilərinin mütəmadı yüksəldilməsi arzuolunan deyil və bu qiymət artımlarına səbəb olur”.

V. Bayramov qeyd edib ki, son minimum əmək haqqı və pensiya artımları ilə bağlı qərarlardan da, çox təəssüf ki, bəzi sahibkarlar psixoloji faktor kimi istifadə edərək qiymət artımlarına gediblər:

“Bu baxımdan, İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarında monitorinqlərin aparılması daha məqsədəuyğun olardı. Həmçinin, artıq sadələşdirilmiş vergi subyekti olmayan ticarət fəaliyyəti həyata keçirilən sahibkarlıq subyektləri üçün də yeni güzəştlərin tətbiq edilməsin ehtiyac var. Əks halda uçot sistemi onların xərclərinin artmasına səbəb olur ki, bu da qiymət artımları deməkdir”.

İqtisadçı deyir ki, gələn ay Novruz Bayramını qeyd edəcəyimizi nəzərə aldıqda, ərzaq məhsullarının qiymətinin azaldılması üçün hökumət tərəfindən bazar iqtisadiyyatı qaydaları çərçivəsində qiymətlərin optimallaşdırılmasına çalışması çox vacibdir:

“Hökumət ticarət ilə məşğul olanların xərclərinin azaldılmasına çalışmaqla qiymət artımlarının qarşısını almağa çalışmalıdır”.

İqtisadçı Nemət Əliyev də marketlərdəki qiymət artımının nəzərəçarpan dərəcədə yüksək olduğunu söyləyir.

“Üç faizlik pensiya artımı pensiyaçının əlinə çatmamış onun 57 faizlik bahalaşmanın güdazına gedib”.

Ana səhifəXəbərlər”Vergi Məcəlləsində dəyişikliklər qiymət artımına səbəb olub”