”Dövlət yeni aministiya qərarı ilə həmin borcların hansı hissəsini alacağına ümid edir?”
Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə vergi amnistiyası ilə bağlı qanun layihəsi daxil olub. APA yazır ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, təqribi hesablamalara görə, vergi amnistiyası nəticəsində 600 mln. manat sahibkarların sərəncamında qalacaq.
“Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən bu dəyişiklik sahibkarlığa dəstəyin bariz nümunəsidir”, – deyə Z. Səmədzadə vurğulayıb.
İqtisadçı Rövşən Ağayev isə deyir ki, sentyabra olan məlumata görə, dövlət büdcəsinə ümumi vergi borclarının məbləği 1.665 mlrd. manat olub. Həmin məbləğin 950 mln. manatı əsas borclar, 715 mln. manatı isə faiz borcları olub.
2016-cı il yanvarın 1-nə isə vergi borcları 2.414 mlrd. manat olmuşdu və həmin məbləğin 2.076 mlrd manatı əsas borc, 338 mln. manatı isə faiz borcu olmuşdu:
“Göründüyü kimi, 9 ayda əsas vergi borcları 1.126 mlrd. manat, faiz borcları 377 mln. manat azalıb. Hazırkı dövrə olan bütün vergi borclarının 62,2 faizi və ya 1.038 mlrd. manatı xüsusi mülkiyyətdə olan rezidentlərin, 27,4 faizi və ya 456 mln. manatı isə dövlət mülkiyyətində olan müəssisələrin payına düşür”.
İqtisadçı sual edir: Görəsən dövlət yeni aministiya qərarı ilə həmin borcların hansı hissəsini ala biləcəyinə ümid edir?