Vergi aministiyasının necə tətbiq olunacağı açıqlandı

Zeynalabdin Məmmədzadə: ”Borcların bir dəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur”

Source:
Zeynalabdin Məmmədzadə foto sosial şəbəkə


Zeynalabdin Məmmədzadə: ”Borcların bir dəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur”

“Vergi borclarına görə amnistiyaların tətbiqi alətindən bir çox xarici dövlətdə geniş istifadə edilir. Məsələn, Türkiyədə bu təcrübə mütəmadi olaraq uğurla tətbiq olunur və sonuncu belə bir qanun 2016-cı ilin avqust ayında qəbul edilib”.

“Report”un məlumatına görə, bunu dekabrın 26-da Vergilər Nazirliyi Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, Dünya təcrübəsinə əsasən, bu kimi layihələrin tətbiqi sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, sahibkarların sərəncamında kifayət qədər sərbəst vəsaitlərin qalmasına, onların işgüzar fəaliyyətlərinin genişlənməsinə, ölkənin ticarət fəaliyyətində rolunun və iqtisadi aktivliyinin artmasına əlavə imkanlar yaradır və nəticədə vergiləri vaxtında ödəmə potensialının yenidən bərpa olunmasına xidmət edir.

“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsini izah edən Zeynalabdin Məmmədzadə deyib ki, sənəd ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanıb və ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi daşıyır.

Qanun layihəsinin artıq Milli Məclisinin plenar iclasına tövsiyə olunduğunu qeyd edən Z.Məmmədzadə, qəbul olunacağı təqdirdə sənədin 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini bildirib.

Z.Məmmədzadə vurğulayıb ki, layihə Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi borcları vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclardan ibarətdir. Sözügedən qanun layihəsi vergi ödəyicilərinin yalnız faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Yəni, vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb.

Qurum rəsmisi vurğulayıb ki, faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada – bir dəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur. Yəni, 2017-ci il yanvarın 1-dən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclar bir dəfəyə istisnasız silinəcək.

Digər maliyyə sanksiyaları üzrə borcların isə mərhələli şəkildə və müəyyən şərtlər daxilində silinməsi nəzərdə tutulur. 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənildikdə qalan borcların 70 faizi, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə qalan borcların 50 faizi, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70 faizi ödənildikdə qalan borcların 30 faizi silinəcək.

Qanunun müddəaları vergi ödəyicilərinin faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcək.

Brifinqdə o da qeyd olunub ki, qanunun tətbiqi ilə bağlı sahibkarlar vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla, vergi orqanlarına elektron şəkildə müraciət etməklə, yaxud Vergilər Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq öz vergi borcları barədə, habelə qanundan irəli gələn digər məsələlər barədə ətraflı məlumat ala bilərlər.

Həmçinin bildirilib ki, sahibkarların sərəncamında qalacaq vəsait də iqtisadi dövriyyəyə daxil olacaq və multiplikasiya effekti nəzərə alınarsa, o zaman bunun iqtisadi səmərəsi bir neçə dəfə artacaq. Bu təşəbbüsün vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı etimadı bir qədər də gücləndirəcəyinə, sahibkarlarda könüllü əməletmə səviyyəsinin və vergi intizamının daha da artıracağına əminlik vurğulanıb.

Qanun 44 mindən çox vergi ödəyicisini əhatə edəcək. Onların 97 faizdən çoxu özəl sektorda çalışan sahibkarlardır.

Layihəni Meydan TV-yə şərh edən iqtisadçı Oqtay Haqverdiyev bildirmişdi ki, bu problem illərdir həllini tapmır:

“Yəqin həllini bu vasitə ilə tapıblar. Dövlət nə vaxtsa müdaxilə etməli idi. Başqa yollar da var, ən çətini bu yol idi. Amma borclar vətəndaşların cibi hesabına silinəcək”.

İqtisadçı deyirdi ki, problemin həlli baxımından müsbətdir. Çünki bir çox fiziki şəxsin borclarını vermək imkanları yoxdur, ona görə dövlət məsələyə müdaxilə edib. Amma iqtisadi baxımdan, büdcəyə bu cür təzyiq göstərmək doğru deyil.

Ana səhifəXəbərlərVergi aministiyasının necə tətbiq olunacağı açıqlandı