ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralın 9-da Yerevana səfəri Ermənistan–ABŞ münasibətlərində bir sıra razılaşmalar və siyasi mesajlarla yadda qalıb.
ABŞ və Ermənistan arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üzrə danışıqların yekunlaşmasına dair birgə bəyanat imzalanıb. Rəsmi Yerevan bu sazişi iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi qiymətləndirir.
Paşinyan bildirib ki, Vensin səfəri tarixi və simvolik əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Ermənistan ABŞ-nin regionda sülh səylərinə və Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına sadiqdir. Baş nazir bu ay Şuranın ilk iclasında iştirak etmək üçün Donald Trampın dəvətini “məmnunluqla” qəbul etdiyini açıqlayıb. Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan–ABŞ münasibətləri hazırda ən yüksək səviyyədədir və mövcud gündəliyin reallaşması əməkdaşlığın miqyasını xeyli genişləndirə bilər.
Səfər çərçivəsində hərbi-texniki əməkdaşlıq məsələləri də gündəmə gəlib. Ceyms Devid Vens mətbuat konfransında ABŞ-nin Ermənistana 11 milyon dollar dəyərində kəşfiyyat dronları satacağını bəyan edib. Onun sözlərinə görə, regionda davamlı sülh yeni iş yerlərinin yaradılmasına və əlavə investisiyaların cəlb olunmasına şərait yarada bilər. Vens həmçinin Ermənistanı ziyarət edən ilk ABŞ vitse-prezidenti olduğunu bildirib və bunu “tarixi hadisə” adlandırıb.
Bununla paralel olaraq, Vensin Yerevandakı səfəri fonunda paytaxtda etiraz aksiyası da keçirilib.
AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Prezident Sarayı yaxınlığında toplaşan etirazçılar Bakıda saxlanıldığı bildirilən erməni məhbusların azadlığa buraxılmasını tələb ediblər. Polis saraya gedən yolları bağladığından nümayişçilər əraziyə yaxınlaşa bilməyiblər. Ermənistan tərəfi Azərbaycanda hazırda 19 erməni məhbusun saxlanıldığını bildirir.
Analitiklər Vensin səfərini Ermənistanın Qərblə münasibətləri dərinləşdirmək cəhdi kimi dəyərləndirir, eyni zamanda bunun regionda geosiyasi balanslara və Ermənistan–Azərbaycan danışıqlarına necə təsir edəcəyinin hələ açıq qaldığını vurğulayırlar.
Vens bu gün və sabah Bakıda səfərdə olacaq, səfərin əsas məqsədi isə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) təşviqidir.