Venesuelanın 20 ştatında etiraz aksiyası keçirilir: “Bu güc yıxılacaq!”

Foto: Reuters

Maduro hakimiyyətinə etiraz edənlərlə polis arasında toqquşma olub, 2 nəfər ölüb

İyulun 29-da Milli Seçki Şurasının hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyini elan etdiyi prezident seçkilərindən sonra minlərlə müxalifət tərəfdarı paytaxt Karakasda və Venesuelanın digər şəhərlərində etiraz aksiyası keçirib.

Rəsmi məlumatlarda ümumilikdə 20 ştatda 187 etiraz aksiyasının qeydə alındığı bildirilir.
Etirazların iyulun 29-u axşam saatlarından başladığı vurğulanır:

Əvvəlcə bütün ölkədə “kaserolazo” (boş qablar yürüşü) adlandırılan nümayişlər başladı – iştirakçılar Prezident Maduronun özünü qalib elan etməsinə etiraz olaraq qazan və tavaları döydülər. Bundan sonra küçə etirazları polislə toqquşmaya çevrildi”.

BBC yazır ki, Karakasda minlərlə etirazçı paytaxtın ətrafındakı dağlarda yerləşən gecəqondu məhəllələrindən prezident sarayına qədər bir neçə kilometr piyada gediblər:

Etirazçılar “Azadlıq!” və “Bu güc yıxılacaq!” şüarları səsləndiriblər. Onlar Maduronun portretlərini, təkərləri və avtomobilləri yandırıblar. Koro şəhərində etirazçılar Maduronun sələfi keçmiş prezident Uqo Çavesin heykəlini söküblər. Paytaxtda polis və hərbçilər etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər. Buna cavab olaraq bəzi nümayişçilər onlara daş, yanar maye şüşələri və digər əşyalar atıblar”

Müxalifət bildirib ki, Venesuela təhlükəsizlik qüvvələri onları həbs etmək üçün hərəkətə keçdikdən sonra, altı müxalifçinin mart ayından bəri yaşadığı Argentinanın Karakasdakı səfirliyinə iki dəfə girməyə cəhd edib.

“Reuters” yazır ki, etirazlar zamanı azı iki nəfər həlak olub:

Biri iyulun 30-na keçən gecə sərhəddə yerləşən Taçira əyalətində, digəri isə bazar ertəsi Venesuelanın şimalındakı Marakay şəhərində ölüb”.

Nikolas Maduro xüsusi televiziya müraciətində etirazları şərh edib. O bildirib ki, Venesuelada yenidən faşist və əksinqilabi xarakterli çevriliş həyata keçirməyə cəhd edilir:

“Bizi heç vaxt nifrət motivasiya etməmişik. Əksinə, həmişə güclülərin qurbanı olmuşuq”.

Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Milli Seçki Şurası bülletenlərin 80 faizini hesabladıqdan sonra Nikolas Maduronun 51,2 faiz səs qazandığını açıqlayıb.
Müstəqil exit-poll isə seçicilərin 65 faizinin müxalifətçi Qonzalesi dəstəklədiyini bildirib.

Ana səhifəDünyaVenesuelanın 20 ştatında etiraz aksiyası keçirilir: “Bu güc yıxılacaq!”