”Vəkilliyə namizədlər üçün keçirilən testdə ballar endirilsin”

Qüdrət Həsənquliyev keçid balının 60-dan 50-yə endirilməsini təklif edir

Source:
Milli Məclis
Milli Məclis


Qüdrət Həsənquliyev keçid balının 60-dan 50-yə endirilməsini təklif edir

“Elə rayonumuz var ki, cəmi bir hakim var, vəkil isə ümumiyyətlə yoxdur. Tutaq ki, hakim məzuniyyətə gedəndə onu kim əvəz edəcək? Yaxud elə rayon var ki, orada bir vəkil belə yoxdur. Bu insanlar haradan gedib vəkil tutacaqlar? Yəni bu vətəndaş hüquqları hər birimizi ciddi şəkildə düşündürməlidi, narahat etməlidir”.

Bunu Billi Məclisin iclasında deputat Qüdrət Həsənqulyev deyib.

“Biz elə etməliyik ki, hər rayonda ən azı 3 hakim, 4-5 vəkil olsun. Müraciət edənlərin hamısı vəkilliyə qəbul olunsaydı belə, biz yenə də orta Avropa gösrtəricisində 20 dəfə geri qalmış olacaqdıq. Ona görə də burada radikal qərarlar qəbul etmək lazımdır. Düşünürəm ki, 60 bal kifayət qədər yüksəkdir”- deputat əlavə edib.

O, yanvarın 28-də Vəkillər Kollegiyasına namizədlər üçün keçirilən test imtahanına da toxunaraq deyib ki, 2000-ə hüquqşünas sənəd versə də, onlardan cəmi 600 nəfəri keçid balını toplayıb. O, keçid balının 60 baldan 50-yə salınmasını təklif edib:

“Biz yaz sessiyasında ilk öncə vəkillər və vəkillik fəaliyyəti haqqında yeni qanun qəbul etməliyik. Həm də qanunverici orqan kimi, nümayəndəli orqan kimi ölkədəki bu durum bizi də narahat etməlidir. Tövsiyə etməliyik ki, keçid balını 60-dan 50-yə endirsinlər. 50-yə endirsələr, xeyli sayda vəkil üzv ola bilər”.

Q.Həsənquliyev deyib ki, ölkədə 100 min nəfərə cəmi 8 vəkil düşür ki, bu götəriciyə görə, Azərbaycan Avropada ən sonuncu yerdədir:

“Avropanın inkişaf etmiş ölkələri hər 100 min nəfərə düşən vəkillərin sayına görə bizdən 40-45 dəfə irəlidədir. Söhbət 300-dən yuxarı vəkildən gedir ki, bu rəqəm bizdə 8 nəfərdir”.

Q.Həsənquliyev deyib ki, vəkil sayının artırılması ilə yanaşı vəkilliyin nüfuzu da qaldırılmalıdır. O qeyd edib ki, buna görə, ilk növbədə, vəkillər üçün yeni bina da ayrılmalıdır:

“Tam səmimiyyətlə deyirəm, hər hansı bir xarici qonaq Vəkillər Kollegiyasının binasına daxil olsa, dərhal bəlli olacaq ki, bu ölkədə bu institutun nüfuzu nədən ibarətdir. Birinci mərtəbədə yerləşən, cəmi bir neçə otaqdan ibarət olan və uzun illər təmirsiz qalan bir yerdir. Hətta təmir olunsa belə, orada nəsə yaxşı bir şey yaratmaq mümkün deyil. Ona görə də, prezidentin sərəncamı icra olunmalı, Vəkillər Kollegiyasına normal bina ayrılmalıdır”.

Deputata cavab verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov vəkillik insititutu ilə bağlı Avropadan geri olduğumuzu təsdiqləsə də, Vəkillər Kollegiyasına qəbuldakı keçid balının aşağı salınması təklifinə etiraz edib. “Konstitusiyada yazılıb ki, əhaliyə keyfiyyətli hüquqi yardım göstərək. Keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 balı toplaya bilmirsə, bağışlayın, amma bu, qeyri-ciddi məsələdir. Vəkillər Kollegiyasına qəbulda nəzərdə tutulan balı 60-dan 50-yə endirsək, əminəm ki, deyəcəklər ki, bunu daha da endirin, 40 bal olsun”.

Ziyafət Əsgərov
Ziyafət Əsgərov

Z.Əsgərov əlavə edib ki, vəkillik sahəsi ilə bağlı məsələ dövlətin nəzarətindədir:

“İşlər gedir və yaxın vaxtlarda bu sahədə ciddi irəiləyişlər olacaq”.

Q.Həsənquliyevin hakimlərin sayının azlığı ilə bağlı dediyi məsələyə də toxunan vitse-spiker vurğilayıb ki, hakimlərin sayı ilə bağlı problem hələ də qalmaqdadır:

“Ötən il “Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilib və tək hakim olan rayonlarda hakim məzuniyyətə gedirsə, Məhkəmə Hüquq Şurası həmin rayona başqa hakimləri ezam edir” – deyə Z.Əsgərov bildirib.

Ana səhifəXəbərlər”Vəkilliyə namizədlər üçün keçirilən testdə ballar endirilsin”