Janna Bağırovanın vəkillik fəaliyyətinə xitam verildi
Vəkil Janna Bağırovanın fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının rəhbərliyi onun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edəcək. Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bu barədə qərar verilib. J.Bağırovanın vətəndaşların şikayəti əsasında Vəkillər Kollegiyasından uzaqlaşdırıldığı bildirilir.
İclasda həmçinin müstəqil jurnalistlərin, ictimai-siyasi fəalların vəkillərindən Zibeydə Sadıqova və Bəhruz Bayramov haqqında da qərar verilib.
Z.Sadıqovadan Baş Prokurorluq, B.Bayramovdan isə keçmiş deputat Cahangir Hüseynov Vəkillər Kollegiyasına şikayət edib.
Z.Sadıqova Gəncədə 2018-ci il iyulun 3-də sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisinin güllələnməsinə görə həbs olunanlardan Müşfiq Qurbanovun vəkilidir. Müdafiə prosesinə sonradan qoşulan Z.Sadıqova müvəkkilinin onun iştirakıyla dindirilməsi haqda vəsatət verdiyinə görə prokurorluq ondan şikayət edib. M.Qurbanovun Baş Prokurorluğun İstintaq İdarəsində ilkin dindirməsi dövlət hesabına vəkilin iştirakıyla olub. Vəkillər Kollegiyası şikayəti əsassız sayıb.
B.Bayramovdan şikayət edən keçmiş deputat C.Hüseynov isə vəkilin məhkəmədə sərxoş vəziyyətdə onu döydüyünü iddia edib. Sabiq deputatın da tərəf olduğu məhkəmə çəkişməsində B.Bayramov qarşı tərəfin vəkilidir.
Vəkillər Kollegiyası C.Hüseynovun şikayəti əsasında araşdırma aparıb, onun yazdıqlarının əsassız olduğu qənaətinə gəlib.