Vəkilin DTX-yə qarşı iddiası yenə təmin olunmadı

Foto: Fariz Namazlının şəxsi arxivindən

Fariz Namazlı: “Hansı əsasla mənim şəxsi həyatıma müdaxilə olunub?”

Bir çox ictimai-siyasi fəalın hüquqlarını müdafiə edən vəkil Fariz Namazlının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması, telefonunun əlindən alınaraq, bu quruma aparılması və gecə saatlarına qədər orada dindirilməsilə bağlı şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Vəkil ona qarşı bu cür davranışın qanunsuz sayılmasını istəsə də, Səbail Rayon Məhkəməsi şikayəti təmin etməyib.

Hakim hesab edib ki, axşam saat 21.00 radələrində Bakıdakı kafelərdən birində dostları ilə birlikdə olan vəkilin DTX əməkdaşları tərəfindən saxlanılıb aparılması, telefonunun əlindən alınması, gecə saat 1-in yarısına qədər dindirilməsi normal haldır.

Məhkəmədə qarşı tərəfdən – DTX-dan nümayəndə iştirak etməyib.

Fariz Namazlı Səbail Rayon Məhkəməsinin bu qərarı ilə razılaşmır və apelyasiya şikayəti verəcəyini bildirib.

Hakim Azər Tağıyev öncə vəkilin DTX-ya qarşı şikayətinə ümumiyyətlə, baxmaqdan imtina etmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi onun bu qərarının yanlış olduğu nəticəsinə gəldi.

İşi geri qaytardı ki, vəkilin şikayəti araşdırılsın və mahiyyəti üzrə qərar verilsin.

Fariz Namazlı avqustun 31-də axşam saat 21.00 radələrində Bakıda kafelərdən birində dostları ilə birlikdə olarkən DTX əməkdaşları tərəfindən saxlanılıb, həmin vaxt stolun üstündə olan telefonu da götürülüb.

O, DTX-nın binasına aparılıb, 3 saat yarım orada saxlanılaraq dindirilib.

Sentyabrın 1-nə keçən gecə saat 00.30 radələrində sərbəst buraxılıb.

Ertəsi gün Facebook hesabından paylaşım edərək baş verənlərə aydınlıq gətirən Fariz Namazlı bildirib ki, DTX-da şahid qismində ifadə verib. Lakin o, konkret hansı cinayət işi üzrə dindirildiyini açıqlamayıb.

Vəkil iş vaxtı başa çatandan sonra, heç bir əsas göstərilmədən DTX-ya aparıldığını və bunun bu cür davranışın faktiki tutulmağa bərabər olduğunu vurğulayıb.

Fariz Namazlı məhkəməyə də məhz özünə qarşı bu davranışın qanunsuz sayılması tələbi ilə şikayət edib.

Vəkil bildirir ki, onun axşam saat 21.00-da – işdən sonra kafedə saxlanması, telefonunun əlindən alınması, gecə yarıya qədər DTX-da qalması qanunsuzdur.

Onun sözlərinə görə, əgər şahid qismində dindirilməli idisə, əvvəldən ona ya telefon vasitəsilə, ya çağırış vərəqəsi ilə bu barədə məlumat verilməli idi:

“Mənim kafedə olduğumu necə biliblər? Deməli, məni izləyiblər. Hansı əsasla mənim şəxsi həyatıma müdaxilə olunub? Məni əvvəldən çağırardılar, mən də gedib ifadə verərdim. Məni şahid qismində dindirdilər. Amma mənə qarşı baş verənlər faktiki tutulmağa bərabərdir”.

DTX vəkilin saxlanması və dindirilməsi barədə məlumatlara münasibət bildirməyib.

Ana səhifəSiyasətVəkilin DTX-yə qarşı iddiası yenə təmin olunmadı