Vəkilin DTX-ya aparılması ilə əlaqədar məhkəmə başladı

Foto: Fariz Namazlının şəxsi arxivindən

Bakı Apelyasiya Məhkəməsi əvvəlki qərarı yanlış hesab edib

Bir çox ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Fariz Namazlının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq, telefonunun əlindən alınması, bu quruma aparılması və gecə saatlarına qədər orada dindirilməsi ilə əlaqədar şikayətinə Səbail Rayon Məhkəməsi baxmaqdan imtina etsə də, Bakı Apelyasiya Məhkəməsi bunun yanlış olduğuna qərar verdi. İşi geri qaytardı ki, vəkilin şikayəti araşdırılsın və qərar verilsin.

Noyabrın 14-də Səbail Rayon Məhkəməsində Fariz Namazlının şikayəti üzrə məhkəmə iclası keçirilib. Meydan TV-nin məlumatına görə, vəkil özü məhkəmədə iştirak etməyib:

Məhkəməyə ərizə göndərib ki, onun iştirakı olmadan baxılıb qərar verilə bilər”.

Lakin hakim Azər Tağıyev vəkilin DTX-ya qarşı şikayəti üzrə qərarı onun özünün iştirakı olmadan vermək istəməyib. Məhkəmə prosesini isə noyabrın 26-na qədər təxirə salıb.

Səbail Rayon Məhkəməsi. Foto: Meydan TV

Fariz Namazlı avqustun 31-də axşam saat 21.00 radələrində Bakıda kafelərdən birində dostları ilə birlikdə olarkən DTX əməkdaşları tərəfindən saxlanılıb, həmin vaxt stolun üstündə olan telefonu da götürülüb. O, DTX-nın binasına aparılıb, 3 saat yarım orada saxlanılaraq dindirilib. Sentyabrın 1-nə keçən gecə saat 00.30 radələrində sərbəst buraxılıb.

Ertəsi gün “Facebook” hesabından paylaşım edərək baş verənlərə aydınlıq gətirən Fariz Namazlı bildirib ki, DTX-da şahid qismində ifadə verib. Lakin o, konkret hansı cinayət işi üzrə dindirildiyini açıqlamayıb. Vəkil iş vaxtı başa çatandan sonra, heç bir əsas göstərilmədən DTX-ya aparıldığını və bunun bu cür davranışın faktiki tutulmağa bərabər olduğunu vurğulayıb.

Fariz Namazlı məhkəməyə də məhz özünə qarşı bu davranışın qanunsuz sayılması tələbi ilə şikayət edib. Vəkil bildirir ki, onun axşam saat 21.00-da – işdən sonra kafedə saxlanması, telefonunun əlindən alınması, gecə yarıya qədər DTX-da qalması qanunsuzdur. Onun sözlərinə görə, əgər şahid qismində dindirilməli idisə, əvvəldən ona ya telefon vasitəsilə, ya çağırış vərəqəsi ilə bu barədə məlumat verilməli idi:

Mənim kafedə olduğumu necə biliblər? Deməli, məni izləyiblər. Hansı əsasla mənim şəxsi həyatıma müdaxilə olunub? Məni əvvəldən çağırardılar, mən də gedib ifadə verərdim. Məni şahid qismində dindirdilər. Amma mənə qarşı baş verənlər faktiki tutulmağa bərabərdir”.

DTX vəkilin saxlanması və dindirilməsi barədə məlumatlara münasibət bildirməyib.

Ana səhifəSiyasətVəkilin DTX-ya aparılması ilə əlaqədar məhkəmə başladı