“Onunla “siyasi cəhətdən islahedici” söhbətlər aparıblar”
Oktyabrın 24-də vəkil Əsabəli Mustafayev Binəqədidə yerləşən İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində (İHOSM) saxlanılan AXCP üzvü Rəcəb Hüseynli ilə görüşüb.
Rəcəb Hüseynli vəkilə polislər tərəfindən aldadılaraq saxlanıldığını söyləyib:
“Bildirdi ki, oktyabrın 17-də Saatlı polisindən onun mobil telefonuna zəng edilib. Telefon tapdıqlarını və bu telefonun ona məxsus olmasını ehtimal etdiklərindən şöbəyə dəvət ediblər. Ancaq Rəcəb heç bir telefon itirmədiyini, lakin vacibdirsə 2-3 günə rayona qayıtdıqdan sonra şöbəyə gələcəyini bildirib. Oktyabrın 18-də, axşam radələrində 4 nəfər mülki geyimli polis əməkdaşı Rəcəbin Bilasuvarda qaldığı evə gələrək telefon barədə izahat yazmalı olduğunu deyiblər. Onu özlərinin gəldikləri avtomobilin içində izahat yazmasını istəyiblər. Amma Rəcəb maşına minən kimi onu Bilasuvar Polis Şöbəsinə aparıblar”.
Vəkil bildirir ki, gəncin saxlanılma anını həmin vaxt evdə olan 4-5 nəfər görüb. Sonra Rəcəb Saatlıdan gəlmiş polis əməkdaşlarına təhvil verilib:
“Onu gecə Bakıya, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Gecəni idarənin zirzəmisindəki kamerada saxlayıblar. Həm gətiriləndə, həm də səhəri onunla “siyasi cəhətdən islahedici” söhbətlər aparıblar. Sonra isə protokol tərtib olunub ki, guya Rəcəb 18 oktyabr tarixi saat 21 radələrində Nərimanov parkında içtimai qaydanı pozub. Halbuki, həmin radələrdə o, polislərlə birlikdə hələ yolda idi”.
Əsabəli Mustafayev Rəcəb Hüseynlini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə (xırda xuliqanlıq) təqsirli bilərək barəsində 10 günlük inzibati həbs qərarı verildiyini bildirib:
“AXCP üzvü oktyabrın 28-də saat 21-də azadlığa çıxmalıdır”.
Vəkil Cəzaçəkmə Müəssisəsində Füzuli Hüseynov, Ruslan Nəsirov, Yalçın Abdullayev və Məhərrəm Rzayevlə də görüşdüyünü söyləyib.
AXCP Saatlı rayon Gənclər Komitəsinin üzvü Rəcəb Hüseynov oktyabrın 18-də qonaq getdiyi Biləsuvarda saxlanılıb.