Vəkili ilahiyyatçı Sərdar Babayevlə görüşüb

”Təcridxanalarda şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi qanununa tam əməl edilmir”

Source:


”Təcridxanalarda şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi qanununa tam əməl edilmir”

Martın 1-də vəkil Cavad Cavadov Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasındakı ilahiyyatçı Sərdar Babayevlə görüşüb.

Məlumatı vəkil “Facebook”-da yayıb.

Bildirib ki, Müvəqqəti Saxlanılma Təcridxanalarında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa tam əməl olunmur:

“Qanunun 19.6, 19.7 maddələrinə əsasən ona həbs edildikdən bir həftə ərzində yaxınları ilə görüşmək, telefonla zəng vurmaq imkanı verilməyib. Bundan əlavə, ailəsi tərəfindən ona namaz qılmaq üçün aparılan səccadənin, rəsmi nəşr olan “Qurani Kərim”in və digər ədəbiyyatın verilməsindən imtina edilib”.

Sərdar Babayev barəsində 2017-ci il fevralın 22-də həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 168-1.3 (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsi ilə ittiham irəli sürülüb.

İttiham tərəfi Sərdar Babayevin xarici ölkədə təhsil aldığı halda Masallı məscidində dini ayin həyata keçirdiyini bildirir.

Vəkil Cavad Cavadov isə deyir ki, Sərdar Babayev Azərbaycanda da dini təhsil alıb. Bundan əlavə, İrandakı təhsili qadağanedici qanun qüvvəyə minməmişdən əvvəllə aiddir.

Vəkil hesab edir ki, ilahiyyatçının həbsi Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu (Fikir, vicdan və din azadlığı) maddəsinə ziddir.

Cavad Cavadovun bildirdiyinə görə, Sərdar Babayevin həbsinə dinc etiraz yürüşü keçirən Masallı rayon sakinləri Salman Sultanov, Fizuli Şahhüseynov, Məhəmməd Həbibov və İmadəddin Məhərrəmov da Masallı Rayon Məhkəməsinin fevralın 24-də verdiyi qərarla müxtəlif müddətlərə inzibati həbsə məhkum edilib.

Vəkil həmin şəxslərin də hüquqlarını müdafiə edir və onlar barədə məhkəmə qərarlarından apelyasiya şikayəti hazırlayır.

Ana səhifəXəbərlərVəkili ilahiyyatçı Sərdar Babayevlə görüşüb