“Jurnalistin vəkili ilə görüşünə icazə verilməməsi tamamilə qanunsuz, əsassız və müdafiə hüququnun kobud pozuntusudur”
Aprelin 2-də vəkil Yalçın İmanov Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Xədicə İsmayılla görüşmək istəsə də, ona icazə verməyiblər. Bu barədə Meydan TV-yə danışan Yalçın İmanov deyib ki, təcridxana rəhbərliyi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin təcridxanaya yolladığı məktubunu əsas gətirərək, görüşə icazə vermədi.
Ancaq vəkil idarənin qərarı ilə razılaşmır. O, bildirib ki, Xədicə İsmayılın ittiham olunduğu bu işin Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində jurnalistə qarşı irəli sürülmüş ittihamlara hər hansı hüquqi aidiyyəti yoxdur: “Ona görə də də jurnalistin vəkili ilə görüşünə icazə verilməməsi tamamilə qanunsuz, əsassız və müdafiə hüququnun kobud pozuntusudur”.
İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayev martın 12-də imzaladığı məktubda qeyd olunub ki, jurnalistə qarşı irəli sürülmüş ittihamlar (AR CM-nin 125, 179.3.2, 192.2.1, 213.1 və 308.2-ci maddələri) bir icraatda birləşdirilib, vəkil Yalçın İmanov Azadlıq Radiosunun nümayəndəsi kimi ötən ili dekabrın 28-də cinayət prosesindən kənarlaşdırılıb.
Yalçın İmanov jurnalistin ittiham olunduğu digər – AR CM-nin 147.2-ci maddəsi ilə bağlı martın 17-də onun ailə üzvləri ilə müqavilə bağlayıb və martın 19-da orderin surətini təqdim etməklə X.İsmayılla təcridxanada görüşüb.
Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də ona qarşı daha 4 maddə ilə – CM-nin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.
Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.
Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.