“İstintaq orqanının bu davranışı Vüqar Əliyevin səhhəti və durumu, ona işgəncə ehtimallarına dair təbii şübhələr yaradır
”
Martın 10-da hüquq-mühafizə orqanlarının Tərtər rayonunda növbəti xüsusi əməliyyat tədbiri nəticəsində həbs olunan Ümid Partiyasının sabiq üzvü Vüqar Əliyevə vəkili Cavad Cavadovla görüş icazəsi verilmir.
Bu barədə vəkil Cavad Cavadov Meydan TV-nin əməkdaşına bildirib.
Vəkil bildirib ki, Vüqar Əliyevin hüquqlarının müdafiəsi ilə bağlı martın 11-də onunla müqavilə bağlanılıb. Günün birinci yarısı vəkil orderi ilə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək orderini təqdim edib, hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək istəyib: “Lakin mənə bildirdilər ki, hələ müstəntiq təyin olunmayıb. Bundan sonra sənədimi surətli poçtla yolladım (sənəd həmin gün BMCQMİ-nə çatmışdır). Məhkəmə nəzarəti qaydasında müdafiə hüququnun pozulması, müdafiəçi kimi görüşməyimə imkan verilməməklə bağlı 11.03.2015-ci il tarixdə Nərimanov rayon Məhkəməsinə şikayət verdim. İstintaq orqanı dünən axşam müdafiəçi kimi mənə xəbər vermədən təqdimatla müraciət edib və Nərimanov rayon Məhkəməsi Vüqar Əliyev barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Vüqar Əliyevə qarşı Cinayət Məcəlləsinini 228.1. maddəsi ilə ittiham elan edilib. Bütün bunlara baxmayaraq, martın 12-də yenə də DİN-nin BMCQMİ-si Vüqar Əliyevlə mənim görüşməyimə icazə verməyiblər. İstintaq orqanının bu davranışı Vüqar Əliyevin səhhəti və durumu, ona işgəncə ehtimallarına dair təbii şübhələr yaradır”.
Vəkil deyib ki, Daxili İşlər Nazirliyinin mətbuatda gedən rəsmi açıqlaması Vüqar Əliyevin təqsirsizlik prezumsiyasının kobud şəkildə pozulmasıdır və bununla bağlı müdafiə tərəfi ayrıca məhkəməyə müraciət edəcək: “Müdafiə tərəfi olaraq bu qanunsuzluqlara son qoyulmasını tələb edirəm”.
Martın 10-da DİN-in xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğu əməkdaşları Zülfüqar İbrahimovu, Mübariz Mirzəliyevi, Şəmsəddin Abdullazadə və Vüqar Əliyevi saxlayıblar. Onların yaşadıqları mənzillərə baxış zamanı 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və s. maddi sübutlar götürülüb.
Nazirliyin məlumatında bildirilir ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Hazırda mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.