”Görünür, müdafiə etdiyim bu iki şəxs haqqında qanunazidd əməl baş verib”
“Bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı ilə görüşmək istədim. Ancaq buna icazə verilmədi”, – vəkil Elçin Sadıqovun sözləridir.
Vəkil bildirir ki, əvvəlcə görüşlə bağlı ona heç nə deyilməyib. İçəri dəvət olunub. Görüş salonunda bir xeyli gözlədildikdən sonra təcridxana rəisinin onunla görüşmək istədiyini söyləyiblər:
“Mənə bildirdilər ki, onlarla görüşə icazə verə bilməzlər. Bununla bağlı tapşırıq alıblar. Daha sonra isə görüşə izin verməmələrinə səbəb kimi müstəntiqi tapa bilməmələrini göstərdilər”.
Elçin Sadıqov deyir ki, görüş üçün müstəntiqin izin verməsinə gərək yoxdur. Çünki həm məhkəmə qərarında, həm də başqa sənədlərdə vəkil kimi onun adı qeyd edilib:
“Görünür, müdafiə etdiyim bu iki şəxs haqqında hansısa qanunazidd əməl baş verib. Mən görməyim deyə onlarla görüşə buraxılmadım”.
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl nə qohumlarının, nə də Qırmızı Xaç Komitəsinin Ə.Muxtarlı ilə görüşməsinə imkan verilib.
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam Gürcüstandan Azərbaycana keçərkən sərhəddə saxlanılıb. Onun haqqında CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsilə cinayət işi açılıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin təqdimatı əsasında Səbayel Rayon Məhkəməsi G.Bayramlə haqda 3 ay həbs-qətimkan tədbiri seçib.
Jurnalist Əfqan Muxtarlı isə mayın 29-u Gürcüstandan Azərbaycana gətirilib. Onun barəsində Cinayət Məcəlləsinin 315.2, 318.1 və maddələri ilə cinayət işi açılıb.
Jurnalistə 3 aylıq həbs cəzası verilib.
Jurnalist məhkəmədə Gürcüstandan zorla gətirildiyini deyib. Ona işgəncə verildiyini və cibinə 10 min avro pul qoyduqlarını söyləyib.