”Ona 7 sutka ”kars” cəzası verilib”
Sentyabrın 29-da vəkil Fəxrəddin Mehdiyev 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Beynəlxalq Bank”ın keçmiş sədri Cahangir Hacıyevlə görüşə bilməyib.
Meydan TV-yə danışan vəkil bunu qanunsuzluq hesab edir:
“Dedilər ki, vəkilin məhbusla görüşü üçün bir otaq var. Orada da başqa bir vəkil müvəkkili ilə görüşür. Düz 2 gündür ki, Cahangir Hacıyevlə görüşə cəhd edirəm. Hər dəfə bir bəhanə gətirib, imkan vermirlər”.
Fəxrəddin Mehdiyev deyib ki, o, sentyabrın 29-da iki dəfə Cahangir Hacıyevlə görüşə cəhd edib. Səhər və axşam, amma alınmayıb:
“Mənə müəssisə rəisinin burada olmadığını söyləyirlər. Ona görə görüşə buraxmırlar. Bunu bəhanə sayıram”.
Vəkil Cahangir Hacıyevə 7 sutka “kars” cəzası verildiyini də bildirib:
“Ailə üzvləri dedilər ki, Cahangir Hacıyev yeməkdən imtina edib. Aclıq aksiyası keçirib. Buna görə də “kars” cəzası alıb”.
2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkar edilib. Buna görə də ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə bir sıra filialların keçmiş rəhbərləri də həbs cəzalarına məhkum edilib.
C. Hacıyev istintaq tərəfindən 80 mln. manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.