”Əminəm ki, heç kəs, hətta məndən müqavilələr tələb edən hakim də gələcəkdə onun vəkilə etdiyi müraciətin yayılmamasını istəyir və istəyəcək”
Sentyabrın 28-də Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun vəkil Elçin Sadıqov barədə Vəkillər Kollegiyasına göndərdiyi şikayət İntizam Komissiyasına verilib.
Elə bugün də İntizam Komissiyası vəkildən izahat verməyi və hakimin ondan tələb etdiyi vətəndaşlarla müqavilələr istəyib.
Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində məlumat paylaşıb.
Vəkil yazıb ki, Vəkillər Kollegiyası bu yanaşması ilə vəkillərin hüquqlarını qoruyan orqan olmadığını sübut edib:
“Kollegiya dövlət qurumlarının sifarişini yerınə yetirən cəzalandıran qurumdur. Vəkillərin hakimlərdən, müstəntiqlərdən, təhqiqatçılardan və prokurorlardan etdiyi şikayətlərin heç bir araşdırılmır. Vay o günə ki, hakim, müstəntiq və başqaları vəkil barəsində bir məktub yazsınlar, o dəqiqə intizam icraatı başlayır. Vəkil də müdafiə etdiyi insanların müdafiəsi ilə məşğul olmaq əvəzinə günlərlə, aylarla Vəkillər Kollegiyası tərəfindən süründürülür. Budurmu keyfiyyətli hüquqi yardımı təmin etmək?”
E.Sadıqov “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin IV bəndinə istinad edərək bildirib ki, vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur:
“Lakin Vəkillər Kollegiyası hakim Rəşid Hüseynovun göstərişi ilə məni qanunu pozmağa, öz peşəmə xəyanət etməyə mənə məraciət edən şəxslər barədə məlumatı əldə etməyə çalışır. Bu yolla mənə müraciət edənləri müəyyən edib təqib etmək, mənə müraciətdən yayındırmaq və eyni zamanda həmin şəxslər barəsində şəxsi, konfedensial məlumatları əldə etmək istəyirlər. Əgər hakim və Vəkillər Kollegiyası qanunu pozub, zor gücünə vəkilin peşə sirrinə müdaxilə edirsə hansı vəkil sirrinə təminatdan söhbət gedə bilər? Təbiidir ki, mənə edilmiş heç bir müraciəti yaymayacam, həmin müraciətləri daim peşçə sirri kimi qoruyacam və peşə sirrini qoruduğum üçün istənilən cəza ölkədə vəkillik institutuna heç bir təminatın olmadığını göstərəcək. Əminəm ki, heç kəs, hətta məndən müqavilələr tələb edən hakim də gələcəkdə onun vəkilə etdiyi müraciətin yayılmamasını istəyir və istəyəcək”.