Vəkil Yalçın İmanov prokurorluğu məhkəməyə verdi

Baş Prokurorluq adamlara hüquqi problemlərinin həlli əvəzinə tibbi yardım təklif edir?

Source:
Yalçın İmanov
Yalçın İmanov
Yalçın İmanov
Yalçın İmanov


Baş Prokurorluq adamlara hüquqi problemlərinin həlli əvəzinə tibbi yardım təklif edir?

Vəkillik fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət olunmuş Yalçın İmanov martın 27-də Respublika Baş Prokurorluğuna qarşı iddia qaldırıb. O, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Hüquqlarını müdafiə etdiyi şəxslər haqqında çıxarılmış qərarların surətlərini prokurorluqdan ala bilmədiyini deyən vəkilin məhkəmədən xahişi də bu barədədir:

“Xahiş edirəm, hüquqlarını müdafiə etdiyim İsmayılov Aqil Azər oğlu və Əsgərov Bəhruz Rahib oğlu barədə Baş Prokurorluğun qəbul etdiyi qərarların surətinin mənə verilməsinə dair qərar çıxarasınız”.

Prokurorluğun haqqında qərar çıxardığı şəxslərin hər ikisi Nardaran məhbuslarıdır. Müdafiəçinin sözlərinə görə, onların 2015-ci il noyabrın 26-da həbs edilərkən və daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə, qeyri-insani rəftara məruz qalması ilə bağlı iddialarının araşdırılması məqsədilə ötən il iyunun 10-da Respublika Baş Prokurorluğuna müraciət edib. Üstündən aylar keçməsinə baxmayaraq, müraciətin və araşdırmanın nəticəsi barədə nə ona, nə də müvəkkillərinə məlumat verilib:

“Nəticə haqda məlumat almaq üçün şifahi şəkildə Baş Prokurorluğa müraciət etdim. Bildirdilər ki, Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorları Cəfər Həsənov və Samir Abbasov tərəfindən araşdırma aparılıb, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar qəbul edilib. Mən də həmin qərarları surətinin verilməsi üçün prokurorluğa yazılı müraciət etməliyəm”.

Y.İmanovun sözlərinə görə, bundan sonra qərarların surətlərini almaq üçün iki dəfə yazılı şəkildə Baş prokuror Zakir Qaralova müraciət edib, dəfələrlə qərarları çıxarmış prokurorlarla telefon vasitəsilə əlaqə saxlayıb, Baş Prokurorluğun qəbul otağına gedib. Bu addımların heç birinin nəticəsi olmayıb:

“Martın 19-da yenidən Baş Prokurorluğun qəbul otağına gedib, hər iki şəxslə əlaqə saxladım. Hər ikisi bayramdan dərhal sonra məsələni həll edəcəklərinə söz vermişdilər. Martın 27-də yenə Baş Prokurorluğun qəbul otağına gedib, onlarla əlaqə saxladım. Cəfər Cəfərov, ümumiyyətlə, telefon zənglərimə cavab vermədi, Samir Abbasov isə heç bir əsas gətirmədən qərarı verməkdən imtina etdi. İdarənin rəisi Kamal Qılıcova da müraciət etdim. Onun da cavabı belə oldu ki, vəkillik fəaliyyətim dayandırıldığına görə qərarlar mənə verilməyəcək. Əvvəla, bu səbəbin özü də tam qanunsuz və əsassızdır. Çünki mənim vəkillik fəaliyyətimin dayandırılması haqda hələ məhkəmə qərarı yoxdur. İkincisi, qərarlar hüquqlarını müdafiə etdiyim şəxslərə də göndərilməliydi, amma göndərilməyib. Həm də müraciət etdiyim və qərarlar çıxarılan vaxtda Vəkillər Kollegiyasının üzvü idim. Nəhayət, mən həm Aqil İsmayılovun, həm də Bəhruz Əsgərovun hüquqlarını Avropa Məhkəməsində də təmsil edirəm”.

Y.İmanov Meydan TV-yə Baş Prokurorluğun qəbul otağında müşahidə etdiklərini də danışıb:

“Su spenserinin yanına beşgözlü balaca bir şkaf qoyulub və ora bu adlarla dərmanlar yerləşdirilib: təzyiq və ağrıkəsici; temperatur; sakitləşdirici; mazlar və sarğı materialları; təzyiq aparatı və pambıq. Belə çıxır ki, Baş Prokurorluq müxtəlif hüquqi problemləri həll etmək əvəzinə, qəbulda əsəbiləşən, stress keçirən, təzyiqi qalxan, özünü kəsən şikayətçilərə bu tibb xidmətlərini təklif edir. Bu, həm də prokurorluğun vəziyyətinin, necə işləməsinin göstəricisi sayıla bilər”.

Ana səhifəXəbərlərVəkil Yalçın İmanov prokurorluğu məhkəməyə verdi