Elçin İsmayıllının maddələri ağırlaşdırılıb
Avqustun 3-də Bakı İstintaq Təcridxanasında olan vəkil Elçin Sadıqov orada saxlanılan jurnalistlərlə görüşüb.
Bu barədə öz “Facebook” səhifəsində məlumat verən vəkilin sözlərinə görə, hazırda apelyasiya şikayəti araşdırılan Fikrət İbişbəyli (Fərəməzoğlu) ilə veriləcək vəsatətləri müzakirə ediblər:
“Fikrət İbişbəyli bildirdi ki, onun həbsi sifarişli olduğu üçün Apelyasiya Məhkəməsinin ədalətli qərara verəcəyinə ümidi yoxdur. Ancaq yenə də biz şikayətlə bağlı qaldıracağımız vəsatətləri müzakirə etdik”.
Vəkil müstəqil jurnalist Elçin İsmayıllı ilə də görüşüb:
“Onun maddələrini ağırlaşdırdılar. 8 ildən 12 ilədək iş gözləyir. Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ancaq məhkəmə vaxtı təyin olunmayıb”.
“Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucov ilə də görüşən Elçin Sadıqov deyir ki, onun səhhətində problemlər var.
“JAM.az” saytının rəhbəri Fikrət Fərəməzoğlu Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
O, həmçinin 2 il jurnalistika fəaliyyətindən məhrum edilib.
Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham edilib.
O, həbs edilərkən Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, cənab Fərəməzoğlu “bir restoran sahibindən 3000 manat alarkən” saxlanılıb.
Jurnalist və vəkilləri bu ittihamları təkzib edir və həbsin “siyasi motivli” olduğunu qeyd edirlər.
Elçin İsmayıllı bu il fevralın 17-də yaşadığı İsmayıllı rayonunda həbs olunub. Onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
“Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucova isə mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.
İnzibati cəzası başa çatan gün – iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.
Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.