Keçmiş səfirin həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Baş prokurora müraciət olundu
Keçmiş Baş prokuror və səfir Eldar Həsənovun avqustun 8-də saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalında huşunu itirərək yerə yıxılıb. Bu barərə Meydan TV-yə məlumat verən vəkili Cavad Cavadov bildirib ki, nəticədə onun bədənində zədələr yaranıb: “Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə ərzində dayanmayıb. Həkimlər bunun həyəcanverici siqnal olduğunu bildiriblər”.
Vəkil deyir ki, həmin gün səhər saat 11.30-da özü də müstəntiqlə birlikdə Eldar Həsənovla görüşüb. Onu görüşə əlil arabasında gətiriblər: “Özünün bildirdiyinə görə, həkimlər ona bu vəziyyətdə sərbəst, hətta çəliklə belə, hərəkət etməyi israrla qadağan edirlər. Vaxtında tibbi yardım göstərilməməsinə görə insanın bu duruma düşməsinin şahidi olduq”.
Cavad Cavadov əlavə edib ki, müvəkkilinin həyatının təhlükə altında olduğunu nəzərə alaraq, vəkil həmkarları Adəm Məmmədov, Cəlil Mirzəyev və Valeh Mehrəliyevlə birlikdə avqustun 9-da Baş Prokuror Kamran Əliyevə müraciət ediblər. Onlar müraciətdə keçmiş səfirin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun müalicəsinin ixtisaslaşmış xəstəxanada və davam etdirilməsinə imkan verilməsini istəyiblər.
“Çox ümid edirəm ki, heç olmasa, bu müraciətə müsbət yanaşılacaq. “Eldar Həsənovu artıq itirdik” məlumatını yaymalı olmayacağıq. Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir”, – vəkil Cavad Cavadov belə deyib.
Müdafiəçinin dediklərinə Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onun vəkili Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.