”Elan edilən ittihama görə onu 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edə bilərlər. Buna da hazır olduğunu bildirir”
Bu günlərdə həbs edilən Zərdab rayon prokurorluğunun kecmiş müstəntiqi Rüfət Səfərovun vəkili Bəhruz Bayramov
“nopoliticalprisoners.org
” saytına müsahibə verib. Vəkil müdafiə etdiyi şəxsə qarşı təxribatların ola biləcəyini istisna etmir.
– Mən Rüfət Abbasovu çoxdan tanıyıram, hər dəfə onunla söhbət edəndə ölkədəki vəziyyətdən narazılıq edirdi. Deyirdi işləmək istəmirəm. Hadisələrə çox demokratik düşüncə ilə yanaşırdı. 2010-2011-ci idən bəri əlaqələrimiz yaxşı idi.
– Siz onun belə bir addım atacağını gözləyirdinizmi?
– O çoxdan aksiyalara əl atmaq istəyirdi. Deyirdi kiminsə, nəyinsə xətirinə belə yaşamaq, belə işləmək istəmirəm. Real aksiyalara hazırlaşırdı. Dəfələrlə söhbətlərimizdə bildirirdi ki, istefa vermək istəyirəm…O, müstəntiq idi yaxşı yaşayırdı, kifayət qədər maaş alırdı, avtomobili var idi. Bu addımı atmaya bilərdi, müəyyən yüksək vəzifələrə qədər qalxa bilərdi, zamanını gözləyərdi. O bunu etmədi, öz vicdanı qarşısında hesabat verərək istefa verdi və buna görə də həbs olundu…..
-Səbəb nə idi, niyə işləmək istəmirdi, nə baş verirdi. Ona konkret hardansa təzyiqlər var idimi?
-Mənə zəng elədi ki, atamı hər gün təhqir edirlər, atamın xətrinə bu təhqirlərə indiyə qədər dözmüşəm, amma bundan sonra susmaq,dözmək və ümumiyyətlə bu sistemdə, bu reallıqda işləmək istəmirəm. 20 dekabrda səhər tezdən mənə zəng vurdu dedi ki istefa vermək haqqında bəyanat vermək istəyirəm. Mən ona dedim sən belə etmə, bu yerə qədər gəlmisən, sənin karyeran var. Dedi artıq mümkün deyil və geriyə addım atmaq istəmirəm. Artıq qəti qərara gəlmişəm və hesab edirəm ki, xalqın bu ağır günündə mən bu sistemdə qalıb işləyə bilmərəm. Məndən danışandan sonra istefa verdi. Sonra Bakıya gəldi görüşdük. Yenə ona dedim ki, istefa vermisən, amma bir müddət heç bir məsələyə reaksiya vermə, siyasi proseslərdən uzaq ol. Ancaq o, hər gün saytlarda, qəzetlərdə baş verən hadisələrə müxtəlif formada münasibətini bildirirdi. Yanvarın 15-də məlumat aldıq ki, ona rüşvətalma ittihamı ilə cinayət işi açılıb. Saat 17:00-da onu prokurorluğa çağırdılar. İstintaqla həbs arasında cəmi iki saat çəkdi.
-Özü nə fikirləşir bu ittihamla bağlı?
-Çox mübarizdir, İttihamları qəbul etmir və həbs olunmasını siyasi bəyanat verib prokurorluq orqanlarından istefa verməsi ilə əlaqələndirir. Barəsində həbs qətimkan tədbiri seçiləndə o bu qərarı gülüşlə qarşıladı. Yanvarın 18-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşəndə də bir daha heç nədən çəkinmədiyini dedi, bunu yaydığı bəyanatda da deyib. Deyir haqq yolunda, vicdan yolunda həbsxanaya düşmək onun üçün şərəfdir. Elan edilən ittihama görə onu 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edə bilərlər. Buna da hazır olduğunu bildirir.
-Onun həyatına real təhlükələrin olduğu barədə məlumatlar yayılıb, hətta bu fikirlərin arasında onun həbsxanada öldürülə biləcəyi fikirləri var…
-Əgər ona qanunsuz bir cinayət işi açılıbsa, ortalıqda onun rüşvət almasını təsdiqləyən heç bir sübut yoxdursa, formal mülahizələrlə həbs ediblibsə Azərbaycan reallığında ona qarşı hər şey baş verə bilər…
-Onun istefasına həm də atasının mediada tez-tez təhqir olunması amili də təsir edib. Kimlərdir onun atasına qarşı olanlar?
-Mən ad çəkmək istəmirəm, atasının hakimiyyətdə kiminlə konflikdə olması hamıya bəllidir. Rüfətin istefa verməsində bu amilin təsiri olsa da əsas ölkədəki vəziyyətə etiraz olaraq bu addımı atıb.
-Adətən belə adamları müdafiə edən vəkillərə də təzyiqlər və bir az yumşaq desək məsləhətlər olunur.
-Əlbəttə belə təzyiq və hədələr var. Deyirlər məni də həbs edə bilərlər. Buna görə geri çəkilmək fikirində deyiləm. Həbs oluna və ya vəkillikdən məhrum edilə bilərəm, buna hazıram.
-Saxlanma şəraitindən narazılığı varmı?
-Narazı deyil, sadəcə yanvarın 19-da ona evdən aparılan yemək və isti paltarları qəbul etməyiblər. Deyiblər buna həftədə bir dəfə icazə verilir. Mən isə hesab edirəm ki, bu Rüfətin verdiyi sonuncu bəyanatla bağlıdır.
II dərəcəli hüquqşünas olan Rüfət Səfərov 5 il idi Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışırdı. Bundan əvvəl 6 il Kənd Təsərrüfatı Nazirliyində aqrar hüquq sahəsində hüquqşünas kimi çalışıb.
34 yaşlı Rüfət Səfərov hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.