Vəkil Rasim Əliyevlə Cavid Hüseynovun valideynlərinin şahidlik etməsini istəmir

Adəm Məmmədov: ”Onlar əvvəlki proseslərdə iştirak ediblər”

Source:


Adəm Məmmədov: ”Onlar əvvəlki proseslərdə iştirak ediblər”


Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C. Hüseynovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edərək bildirib ki, Rasim Əliyevin anası Teyfurə Əliyeva və Cavid Hüseynovun anası Xalidə Hacıyeva ötən proseslərdə iştirak ediblər. O, həmin şəxslərin adlarının şahidlər siyahısından çıxarılmasını istəyib.

Hakim isə bunun sənədlərə sübut olunmasının vacib olduğunu deyib.

Vəkil sənədləri məhkəməyə təqdim edəcəyini bildirib. O, növbəti gün sənədləri məhkəməyə göndərəcəyini deyib. Bildirib ki T. Əliyevanın iclaslarda iştirakı ilə bağlı video görüntülər və fotoşəkillər var.

Teyfurə Əliyeva isə bildirib ki, proseslərdə iştirak etməyib.

Məhkəmə proses aprelin 6-da davam etdiriləcək.

Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.

Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.

Ana səhifəXəbərlərVəkil Rasim Əliyevlə Cavid Hüseynovun valideynlərinin şahidlik etməsini istəmir