Jurnalist isə 5-6 nəfər tərəfindən döyüldüyünü bildirmişdi
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində adı hallanan “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun vəkili Adəm Məmmədov “Musavat.com”-a açıqlamasında bildirib ki, jurnalistlə görüş zamanı 5 nəfərdən 2-si onu döyüb. Bunlardan biri Elşən İsmayılovdur. Digər 3 nəfər isə müdaxilə etməyib.
Vəkili həmçinin jurnalistin ölümünün siyasiləşdirildiyini və bunun da istintaqa təzyiq olduğunu deyib.
“Bu hadisə isə onun jurnalist kimi fəaliyyəti ilə əlaqəli deyil. Avropa Şurasının baş katibi Turbyörn Yaqland Rasim Əliyevi RATİ-nin rəhbəri kimi təqdim edib. Bu da məsələni siyasiləşdirib. Bununla da istintaqın gedişinə təzyiq göstərirlər. Nəticədə müvəkkilimin vəziyyəti çətinləşir”.
Hadisə günü Meydan TV-yə verdiyi son müsahibəsində Rasim Əliyev 5-6 nəfər tərəfindən döyüldüyünü bildirmişdi.
Avqustun 8-də saat 18.00 radələrində Rasim Əliyev Səbail rayonu, Bayıl qəsəbəsindəki “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülüb. O, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Cavid Hüseynovla yanaşı, jurnalisti döyən 5 nəfər də həbs edilib. İstintaq Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməkdə təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.